Son üç il ərzində DTX-nin fəaliyyətində peşəkar istiqamətdə yeni bir yanaşma görürük — Azər Qarayev

0 2

Bakı. Trend:

Bu gün general-polkovnik Əli Nağıyevin Dövlət Təhlükəsizliyi
Xidmətinə (DTX) rəhbər təyin olunmasından 3 il ötür. Cənab xidmət
rəisinin bu orqana rəhbərlik etdiyi müddətdə DTX xalq arasında,
cəmiyyətdə insanların ən çox inandığı dövlət orqanına çevrildi.

Müasir dövrdə ölkədə təhlükəsizliyin və sabitliyin təmin
olunmasında, milli maraqlarımızın və təhlükəsizliyin etibarlı
təminatı istiqamətində uğurlu fəaliyyətin həyata keçirilməsində
DTX-nin rolu böyükdür.

Möhtərəm Prezidentin anonsunu verdiyi islahatların fonunda
Dövlət Təhlükəsizliyi Xidmətinə Əli Nağıyev kimi peşəkar «çekist»in
rəis təyin olunması bu islahatların hərtərəfli, dərindən
aparılacağına bir işarə idi.

Son üç il ərzində DTX-nin fəaliyyətində islahatlar aparılaraq
müsbət və peşəkar istiqamətdə yeni bir yanaşmanın ortaya
qoyulduğunu görürük. İnsanlar hardasa bir ədalətsizlik, qanun
pozuntusu, məmur özbaşınalığı, korrupsiya halları görürsə, o saat
orada DTX-nin əməkdaşlarını, xüsusən, el arasında qəhrəmana
çevrilmiş “qara maskalılar”ı görməyi arzulayırlar. Təbii ki,
dövlətə xidmət kimi müqəddəs vəzifə belə icra olunmalıdır. Bu gün
DTX, bu orqanın rəhbərinin timsalında pəşəkarlardan formalaşmışdır.
Ən əsası odur ki, bu orqanın əməkdaşları öz işini bilirlər. Harada
lazımdırsa, ordadırlar. DTX əməkdaşlarının işi çətin, məsuliyyətli
və eyni zamanda, şərəflidir.

Azərbaycanın sabiq milli təhlükəsizlik naziri, Ulu Öndər Heydər
Əliyevin yaxın silahdaşı Namiq Abbasov Əli Nağıyevin Dövlət
Təhlükəsizliyi Xidmətinin rəisi təyin olunmasına münasibət
bildirərkən qeyd etmişdir ki, vaxtilə keçmiş Milli Təhlükəsizlik
Nazirliyində yetişmiş, peşəkar təhlükəsizlik zabiti olan Əli
Nağıyevin yenidən xüsusi xidmət orqanının rəhbərliyinə
qaytarılmasını yüksək qiymətləndirir: “Əli Nağıyev uzun müddət
Milli Təhlükəsizlik Nazirliyində çalışmış və nazir müavini
vəzifəsinədək yüksəlmişdir. Əli Nağıyev professional «çekist» və
təhlükəsizlik mühitini əməliyyat baxımından düzgün qiymətləndirməyi
bacaran kadrdır. O, işlədiyi müddətdə ölkəmizin milli
təhlükəsizliyinin təminatında mühüm rol oynamışdır”.

Sabiq nazir bildirib ki, Prezident İlham Əliyevin Əli Nağıyevi
Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi təyin etməsi dövlət
başçısının uğurlu kadr siyasətinin davamı kimi
qiymətləndirilməlidir: “Bu, həm də Əli Nağıyevə olan etimadın bariz
nümunəsidir”. tərəfindən həyata keçirilən operativ əməliyyat
tədbirləri nəticəsində qanun pozuntusuna yol vermiş aşağı və orta
ranqlı məmurların cəzalandırılması bir daha göstərdi ki,
kimliyindən asılı olmayaraq qanunları pozan hər bir şəxs öz layiqli
cəzasını alacaqdır. Çünki belələri ilk növbədə onlara göstərilən
etimadı doğrultmayıblar.

Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi uğurlu və
məqsədyönlü daxili və xarici siyasət kursu diplomatiya sahəsində
olduğu kimi, döyüş meydanında da öz sözünü dedi. Dövlətimiz 44
günlük əks-hücum əməliyyatlarını müvəffəqiyyətlə başa vurdu. Vətən
müharibəsi bizim böyük zəfərimizlə bitdi. Zəfərimizə mənəvi məna
verən isə 28 il işğal altında olan torpaqlarımızı, xüsusilə siyasi
və strateji əhəmiyyət daşıyan Şuşa şəhərinin hərbi döyüşlərlə azad
edilməsi oldu. Beləliklə, Azərbaycan son 2 əsrlik tarixində ilk
dəfədir ki, müharibədən ərazi itkisi ilə yox, ərazi bütövlüyünü
bərpa edərək çıxır. Azərbaycan Ordusunun əldə etdiyi tarixi zəfər
dövlət və xalqın mənafeyi baxımından xüsusi əhəmiyyətə malikdir.
Uzun illərdən bəri düşmən tapdağı altında qalmış torpaqlarımızın
işğaldan azad edilməsi ilk növbədə Azərbaycan xalqının özünə
inamını qaytardı, xalqın öz liderinə, onun siyasətinə, onun gücünə
etibarını, Heydər Əliyev ideyalarına, amalına sadiqliyini daha da
möhkəmləndirdi.

Sirr deyil ki, bu tarixi qələbənin əldə edilməsində Dövlət
Təhlükəsizliyi Xidmətinin də xüsusi rolu vardır. Azərbaycan
təhlükəsizlik orqanlarının milli dövlətçilik ideologiyasına
söykənən prinsiplər əsasında formalaşmasının nəticəsi idi ki,
erməni silahlı birləşmələrinə qarşı, hələ birinci Qarabağ
müharibəsində vətənin müdafiəsinə ilk olaraq qalxan və rəşadətlə
vuruşanlardan biri də Azərbaycan təhlükəsizlik orqanlarının
əməkdaşları idi. Vətənə sipər oğullar Azərbaycanın suverenliyi və
ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə əsl igidlik, şücaət və
qəhrəmanlıq nümunəsi göstərdilər. Müstəqil Azərbaycanın
təhlükəsizlik orqanlarının əməkdaşlarından 6 nəfəri – Riad Əhmədov,
Nadir Əliyev, Əmiraslan Əliyev, Eldar Məmmədov, Bəhruz Mansurov və
Faiq Cəfərov Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq
görüldü.

Birinci Qarabağ müharibəsində olduğu kimi 44 günlük Vətən
müharibəsində də Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları əsl
qəhrəmanlıq nümunəsi göstərdilər. Ömrünün 30 ilini təhlükəsizlik
orqanlarında dövlətə xidmətə həsr etmiş bir polkovnik kimi əmin
edirəm ki, müharibə dövründə DTX-nin ölkə vətəndaşlarına
müraciətləri, erməni terroru barədə xəbərdarlıqları, Qarabağda
döyüşən kürd terrorçularının səsini yayması, Livanlı
muzdlu-terrorçunun məsuliyyətə cəlb edilməsi və s. DTX-nin
fəaliyyətinin cüzi və eyni zamanda vətəndaşlarla paylaşılan açıq
hissəsi idi. Unutmayaq ki, DTX əməkdaşları gözəgörünməz cəbhənin
insanlarıdır. Əbəs yerə təhlükəsizlik orqanlarına dövlətin onurğa
sütunu demirlər. Qısa müddət ərzində orqanı belə qürurverici hala
çatdırılmasında birinci Qarabağ müharibəsində iştirak etmiş, vətən
oğlu general-polkovnik Əli Nağıyevin fəaliyyəti əvəzsizdir,
danılmazdır. Bu yerdə Ulu Öndər Heydər Əliyevin «Dövlətin
təhlükəsizlik, yaxud kəşfiyyat orqanları o vaxt qalib gəlir, öz
vəzifəsini layiqincə yerinə yetirir ki, orada peşəkar kadr və iş
üslubu olsun» fikri əsl yerinə düşür.

Bu gün Dövlət Təhlükəsizliyi Xidməti Azərbaycan Respublikasının
Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin
rəhbərliyi altında özünün inkişafının və təkmilləşməsinin yeni
mərhələsini yaşayır. Xüsusi xidmət orqanları hər bir dövlətin milli
təhlükəsizliyinin ayrılmaz komponentidir. Dövlət başçısı Dövlət
Təhlükəsizliyi Xidmətinə yüksək etimad göstərir. Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev 2020-ci ilin sentyabrın
19-da Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda “Abşeron”
yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimindən sonra
jurnalistlərin suallarını cavablandırarkən Dövlət Təhlükəsizliyi
Xidmətinin fəaliyyəti haqqında aşağıdakı fikirləri
bildirmişdir:

“Biz bilirik bizim ətrafımızda nələr baş verir, bilirik və
bilməliyik, bizim xüsusi xidmət orqanları çox səmərəli işləyirlər,
həddindən artıq səmərəli işləyirlər, bu qədər deyə bilərəm, bundan
artıq deyə bilmərəm…”

Son vaxtlar korrupsiya ilə mübarizə sahəsində Dövlət
Təhlükəsizliyi Xidmətinin fəaliyyətinin bu quruma inamın və
etibarın dövlətçilik fonunda təcəssüm etməsinə səbəb olmuş, əslində
bu korrupsiya və rüşvətlə mübarizə sahəsində yeni nəfəs, yeni
dövlətçi təfəkkürün, vətənə sədaqət və sevginin təzahürüdür.

Dövlət Təhlükəsizliyi Xidmətinin şəxsi heyəti bu etimadı
doğrultmaq, dövlətimizin, xalqımızın təhlükəsizliyini təmin etmək
üçün əzmlə, yorulmadan çalışır, üzərinə düşən vəzifəni ləyaqətlə
yerinə yetirir.

Cənab Xidmət rəisi ilə ciyin-ciyinə xidmət etmiş, onun torpağa
bağlılıq, vətənə məhəbbət, Ali Baş Komandana sədaqət, işində
prinspiallıq və peşəkar yanaşma kimi yüksək keyfiyyətlərinə bələd
olaraq əminliklə deyirəm, Azərbaycan xalqının, millətinin və
dövlətinin təhlükəsizliyi, sabitliyi, suverenliyi DTX rəisi Əli
Nağıyev və onun peşəkar komandası ilə tam etibarlı əllərdədir.

Azər Qarayev

1-ci Qarabağ müharibəsinin və Azərbaycan təhlükəsizlik
orqanlarının veteranı, istefada olan polkovnik.

Leave A Reply

Your email address will not be published.