Taekvondoçularımız “Croatia Open” beynəlxalq turnirində yüksək nəticə göstəriblər

0 3

Bakı, 20 iyun, AZƏRTAC

Xorvatiyanın paytaxtı Zaqreb şəhərində taekvondo üzrə “Croatia Open” beynəlxalq turnirinə qatılan yığma komandalarımız yarışdan uğurlu nəticə ilə ayrılıblar.

Azərbaycan Taekvondo Federasiyasından AZƏRTAC-a bildiriblər ki, yeniyetmələrdən ibarət yığma komandamız açıq birincilikdə 7 qızıl, 3 gümüş və 4 bürünc medal qazanıb. Baş məşqçi Elnur Amanov və böyük məşqçi Vurğun Cəfərovun etimad göstərdiyi heyətdə Zəhra İsayeva (29 kq), Gülü Zamanlı (33 kq), Mehdi Budaqlı (33 kq), İlyas Hətəmli (37 kq), Vüqar Aslanov (45 kq), Tamerlan Yaqubov (49 kq) və Vasif Səlimov (53 kq) yarışın qalibi olublar. Səfər Behbudzadə (33 kq), Abdülsübhan Dadaşlı (57 kq) və Rahil Umudov (61 kq) yalnız finalda məğlub olaraq, gümüş mükafata yiyələniblər. Yeniyetmə taekvondoçularımızdan Şəms Əlizadə (47 kq), Yunis Hüseynov (61 kq), Elcan Əlizadə (65 kq) və Nihad Həsənov (+65 kq) bürünc medala layiq görülüblər. Bu nəticələrdən sonra yeniyetmələrdən ibarət millimiz həm oğlanların, həm də qızların yarışında birinci olublar.

Gənclərdən ibarət yığma komandamız isə turniri 7 medalla başa vurub. Baş məşqçi Məmməd Abdullayev və böyük məşqçi Zahid Məmmədovun yer ayırdığı heyətdə ən yaxşı nəticəni 42 kiloqram çəki dərəcəsində Zemfira Həsənzadə göstərib. Qadın taekvondoçumuz yarışın gümüş medalına sahib çıxıb. Digər gənc idmançılarımızdan Pünhan Mürsəlov (48 kq), Adil Eyvazov (51 kq), Erkan İşli və Fərid Əliyev (hər ikisi 59 kq), Nizami Hacıyev (63 kq) və Səlimə Quliyeva (44 kq) turniri bürünc mükafatla başa vurublar.

Qeyd edək ki, yığma komandalarımız yarışda Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayevin rəhbərliyi ilə iştirak edib.

 

AZERTAG.AZ :Taekvondoçularımız “Croatia Open” beynəlxalq turnirində yüksək nəticə göstəriblər

Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

Leave A Reply

Your email address will not be published.