Tokioda keçirilən sərgi-satış yarmarkasında Azərbaycan məhsulları yapon alıcılar tərəfindən böyük maraqla qarşılanıb

0 2

Tokio, 20 iyun, AZƏRTAC

İyunun 18-19-da Tokionun tanınmış Şibuya rayonunda təşkil edilən sərgi-satış yarmarkasında Azərbaycan məhsulları yapon alıcılar tərəfindən böyük maraqla qarşılanıb.

AZƏRTAC xəbər verir ki, istirahət günlərində təşkil olunan yarmarkada Azərbaycan ilə yanaşı Qazaxıstan, Özbəkistan və Qırğızıstan istehsalı olan məhsullar və incəsənət nümunələri ziyarətçilərə təklif edilib.

Yaponiya paytaxtının “Shibuya Art Collection Store” sərgi salonunda “From Port” şirkəti tərəfindən təşkil olunan sərgi-satış yarmarkasında Yaponiyanın “TET International Development Co.Ltd”, “Azer Table” və “Kinuya” şirkətləri tərəfindən təqdim olunan qida məhsulları, əl işi olan sənət nümunələri, milli geyimlər ziyarətçilərin böyük marağına səbəb olub.

Azərbaycan stendində təklif edilən qara çay, meyvə quruları, müxtəlif mürəbbələr və souslar yarmarkaya Yaponiyada bu məhsulların onlayn satışını təşkil edən “Azer Table” şirkəti tərəfindən təqdim edilib.

Sərgi-satış yarmarkası barədə məlumat verən “From Port” şirkətinin nümayəndəsi xanım Rie Takaşima bildirib ki, həm Mərkəzi Asiyadan olan, həm Azərbaycandan gətirilən müxtəlif incəsənət nümunələri və qida məhsulları ziyarətçilər tərəfindən böyük maraqla qarşılanıb: “Biz burada türkdilli dövlətlər sayılan Azərbaycan, Qazaxıstan, Özbəkistan və Qırğızıstandan gətirilmiş məhsulları, əl işi olan sənət nümunələrini yapon ziyarətçilərə təklif etməklə bu xalqların zəngin mədəniyyəti haqda onları məlumatlandırmağa çalışırıq. Gördüyünüz kimi, yarmarkaya maraq çox böyükdür. Burada iştirakçı ölkələr haqqında yapon dilində təqdim olunan nəşrlər bu xalqların mətbəxini daha yaxından öyrənməyə imkan yaradır. Ziyarətçilər sərgi ilə tanış olmaqla yanaşı, bu məhsulları əldə etmək imkanı da qazanıblar. Bu məhsullar incə zövqlə hazırlanmaqla yanaşı, həm də keyfiyyətləri ilə diqqəti cəlb edirlər. Azərbaycan stendi də müxtəlif ərzaq məhsulları ilə zəngindir. Bu sərgi ilə həmin xalqları yapon ictimaiyyətinə daha yaxından tanıtmağa çalışırıq”.

 

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

AZERTAG.AZ :Tokioda keçirilən sərgi-satış yarmarkasında Azərbaycan məhsulları yapon alıcılar tərəfindən böyük maraqla qarşılanıb

Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

Leave A Reply

Your email address will not be published.