Vilayət Eyvazov İranın Narkotiklərlə Mübarizə Polisinin rəisini qəbul edib (FOTO)

0 3

Bakı. Trend:

Azərbaycan Respublikasının daxili işlər naziri,
general-polkovnik Vilayət Eyvazov iyunun 20-də ölkəmizdə səfərdə
olan İran İslam Respublikasının Hüquq Mühafizə Qüvvələrinin
Komandanlığının Narkotiklərlə Mübarizə Polisinin rəisi, briqada
generalı Məcid Kəriminin başçılıq etdiyi nümayəndə heyətini qəbul
edib.

DİN-dən Trend-ə bildirilib ki, qonaqları salamlayan nazir
V.Eyvazov xalqlarımız arasında tarixi, mədəni, dini yaxınlığın
mövcudluğunu vurğulayaraq Azərbaycan-İran münasibətlərinin dinamik
və məhsuldar şəkildə inkişaf etdiyini, bu əməkdaşlığın strateji
xarakter daşıdığını qeyd edib. Daha sonra iki ölkənin Daxili İşlər
nazirlikləri arasındakı əlaqələrə toxunan nazir bildirib ki,
qarşılıqlı fəaliyyəti tənzimləyən normativ-hüquqi baza mövcuddur və
bu, daha sıx əməkdaşlığa və cinayətkarlıqla mübarizədə birgə
praktiki tədbirlər həyata keçirməyə imkan yaradır.

O, belə görüşlərin transmilli mütəşəkkil cinayətkarlıq, o
cümlədən, bəşəri bəlaya çevrilmiş narkotiklərin qanunsuz dövriyyəsi
ilə mübarizədə səylərimizin birləşdirilməsi üçün geniş imkanlar
yaratdığını, qlobal xarakter almış transmilli mütəşəkkil
cinayətkarlığın təhlükəli növlərinə, xüsusən narkotiklərin qanunsuz
dövriyyəsinə və qanunsuz miqrasiyaya qarşı mübarizədə əməkdaşlığın
böyük potensiala malik olduğunu, yeni istiqamətlərin
müəyyənləşdirilməsinin zəruriliyini, ikitərəfli əlaqələrin
genişləndirilməsində rəhbərlik etdiyi qurumun da maraqlı olduğunu
vurğulayıb.

Nazir qonaqlara Azərbaycandakı mövcud kriminogen vəziyyət
haqqında qısa məlumat verib, respublikamızda demokratik
prinsiplərin möhkəmləndirilməsi, ictimai münasibətlərin hüquqi
tənzimlənməsi mexanizminin təkmilləşdirilməsi sahəsində görülən
işləri qeyd edib və bildirib ki, hüquq-mühafizə orqanları sıx,
qarşılıqlı əlaqədə mütəşəkkil cinayətkarlığa, beynəlxalq
terrorizmə, ekstremizmə, separatizmə, silahların və narkotik
vasitələrin qanunsuz dövriyyəsinə qarşı kompleks tədbirlər həyata
keçirirlər.

İran İslam Respublikasının Hüquq Mühafizə Qüvvələrinin
Komandanlığının Narkotiklərlə Mübarizə Polisinin rəisi, briqada
generalı Məcid Kərimi səmimi qəbula görə minnətdarlığını bildirib
və qeyd edib ki, həqiqətən belə səfərlər, imzalanmış sazişlərin
müddəalarının yerinə yetirilməsi eyni dinə, oxşar mədəniyyətə və
tarixi köklərə malik hər iki dost ölkənin mənafelərinə tam
uyğundur, bütün sahələrdə, o cümlədən təhlükəsizlik, iqtisadi
münasibətlər və digər məsələlərdə əlaqələrin daha da inkişaf
etdirilməsinə kömək göstərir.

Səmimilik və mehribanlıq şəraitində keçən görüşdə tərəfləri
maraqlandıran bir sıra digər məsələlər də müzakirə edilib.

Leave A Reply

Your email address will not be published.