Ədalətin və milli iradənin təntənəsi

0 4

Bakı. Trend:

1993-cü ilin may-iyun aylarında ölkəmizdə vətəndaş müharibəsi və
müstəqilliyin itirilməsi təhlükəsi yarandığına görə, Azərbaycan
xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbini irəli sürmüş
və ölkənin o dövrkü rəhbərliyi onu Bakıya dəvət etməyə məcbur
olmuşdur. 1993-cü ilin 15 iyun tarixində Heydər Əliyev xalqın
təkidli tələbi və yenilməz iradəsi ilə Azərbaycan Respublikası Ali
Sovetinin sədri seçildi. Həmin gün parlamentin tarixi iclasında
Heydər Əliyev çıxış etdi: “Azərbaycan Respublikasının bugünkü ağır,
mürəkkəb və gərgin vəziyyətini tam məsuliyyətlə dərk edirəm. Bu
vəzifəni öz üzərimə götürərək öz məsuliyyətimi anlayıram və
bunların hamısını rəhbər tutaraq əlimdən gələni edəcəyəm. Ali
Sovetin sədri kimi Azərbaycan xalqının tarixi nailiyyəti olan
Azərbaycan Respublikasının dövlət müstəqilliyini qorumağı,
möhkəmləndirməyi, inkişaf etdirməyi özüm üçün əsas vəzifələrdən
biri hesab edirəm. Azərbaycan respublikasının dövlət müstəqilliyi
1918-ci ildə yaranmış ilk Azərbaycan Demokratik Respublikasının
ənənələri əsasında, müasir tələblərlə, dünyada gedən proseslərlə
bağlı olaraq təmin olunmalıdır. Bu sahədə mən daim çalışacağam və
heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini,
harada olursa-olsun yalnız və yalnız Azərbaycan Respublikasının
müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm. Bununla
əlaqədar olaraq bildirmək istəyirəm ki, mənim fikrimcə, Azərbaycan
Respublikası, bundan sonra onun başına nə gəlirsə-gəlsin,
müstəqilliyini itirməyəcək, yenidən heç bir dövlətin tərkibinə
daxil olmayacaq, heç bir başqa dövlətin əsarəti altına
düşməyəcək.”

Heydər Əliyevin ölkənin Ali Qanunvericilik orqanına sədr
seçilməsi respublika həyatında çox mühüm bir hadisə oldu. Bu siyasi
qayıdış, sözün həqiqi mənasında Azərbaycanı azərbaycanlılara,
milləti özünə qaytardı. Hadisələrin sonrakı gedişi göstərdi ki, 15
iyun Azərbaycanın müstəqillik tarixində yeni siyasi eranın
başlanğıcı oldu.

Heydər Əliyev Ali Sovetin sədri kimi ilk gündən parlamentarizm
ənənələrinə sadiq qalaraq aşkarlıq prinsipinə üstünlük verdi. Milli
Məclisin iclasları, mətbuat konfransları, respublika əhəmiyyətli
müşavirələr birbaşa yayımla televiziya ekranlarına verildi.
Ölkədəki vəziyyət olduğu kimi xalqa çatdırıldı. İctimai-siyasi
həyatdakı gərginliyin aradan qaldırılması üçün lazımi tədbirlər
görülməyə başlandı.

Parlamentin 24 iyun tarixli iclasında Milli Məclis Prezident
səlahiyyətlərinin Ali Sovetin sədri Heydər Əliyevə verilməsi barədə
qərar qəbul etdi. Bu, artıq bütün hadisələrin dövlətin nəzarəti
altına götürülməsi, xalqın iradəsinə tabe edilməsi demək idi.

Heydər Əliyevin 1993-cü il iyunun 15-dən oktyabrın 3-dək Ali
Sovetə rəhbərlik etdiyi dövrdə parlamentarizm ənənələri yeni nəfəs,
yeni qüvvə aldı. Ordu quruculuği sahəsində mühüm qərarlar qəbul
edildi. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailəsinə edilən
güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olundu.
Konstitusiyada və müxtəlif hüquqi sənədlərdə dəyişikliklər
edildi.

Eyni zamanda Prezident səlahiyyətlərini icra edən Heydər Əliyev
bu dövrdə əhalinin döyüş ruhunu qaldırmaq, müharibə dövrünə uyğun
təbliğat aparmaq, qanunsuz silahlı dəstələri zərərsizləşdirmək üçün
lazımi tədbirlər görür, ölkədəki vəziyyət barədə fikirlərini
tez-tez xalqla bölüşürdü.

Avqustun 7-də cənub bölgəsində “Talış-Muğan Respublikası” elan
olunmuşdu. Bununla əlaqədar Heydər Əliyev avqustun 13-də
parlamentdə həmin bölgədən olan deputatlar, ziyalılar,
ağsaqqallarla görüşüb vəziyyəti müzakirə etdi. Avqustun 17-də isə
Milli Məclis “Azərbaycan Respublikasının Lənkəran, Astara, Masallı,
Lerik, Yardımlı, Cəlilabad və Biləsuvar rayonlarında yaranmış
vəziyyət haqqında” Qərar qəbul edərək “Talış-Muğan Respublikası”
avantürasına siyasi qiymət verdi. Tezliklə əhalinin istəyi ilə bu
bədnam iddiaya son qoyuldu.

Heydər Əliyev parlamentin sədri və Prezident səlahiyyətlərini
icra edən şəxs kimi Azərbaycanın strateji maraqları əsasında
ölkənin yeni xarici siyasət konsepsiyasını, onun beynəlxalq
münasibətlər sistemində yerini müəyyənləşdirdi. İlk növbədə AXC
hakimiyyətinin bu sahədə buraxdığı kobud səhvlər tezliklə aradan
qaldırıldı.

Ulu Öndər Heydər Əliyev mədəniyyətin, elmin və təhsilin
inkişafına da böyük diqqət yetirir, alimlərlə, gənclərlə görüşlər
keçirir, onlarla ölkənin gələcəyi barədə fikirlərini bölüşürdü.

Prezidentin səlahiyyətlərini icra etdiyi dövrdə Heydər Əliyev
qanunun aliliyi, azad vətəndaş cəmiyyəti prinsiplərinin bərqərar
olması zəruriliyini dəfələrlə vurğulayırdı: “Azərbaycan
Respublikası demokratik yolla getməlidir, Azərbaycanda həqiqi
demokratiya prinsipləri yaranmalıdır, inkişaf etməlidir,
Azərbaycanda siyasi plüralizmə imkan yaradılmalıdır. Azərbaycan
çoxpartiyalı bir cəmiyyət kimi yaranmalıdır, partiyaların
fəaliyyətinə şərait yaradılmalıdır, Azərbaycan bazar iqtisadiyyatı
yolu ilə, sərbəst iqtisadiyyat yolu ilə getməlidir. Azərbaycanda
milli həmrəylik, insanlar, siyasi partiyalar, qurumlar arasında
sülh və sağlam rəqabət əhval-ruhiyyəsi yaranmalıdır”.

Cəmi 4 ay Ali Sovetin sədri vəzifəsində çalışsa da, Heydər
Əliyev bu qısa müddətdə parlamentin ruhunu kökündən dəyişdi, Milli
Məclisə siyasi mədəniyyət gətirdi. Onun iclası aparmaq tərzi,
fikirlərini dəqiq əsaslandırması, çıxışların məğzini tutmaq
bacarığı, qiymətli fikirləri ümumiləşdirmək qabiliyyəti özlüyündə
parlamentin üzvləri üçün yeni bir örnək, əsl parlamentarizm məktəbi
idi.

Mübaliğəsiz demək olar ki, Ulu Öndər Heydər Əliyevin Ali Sovetin
sədri və Prezident səlahiyyətlərini icra etdiyi qısa zaman
kəsiyində Azərbaycanın demokratik, hüquqi, dünyəvi dövlət kimi
gələcək inkişafının təməli qoyuldu. Heç də təsadüfi deyildir
ki,1993-cü il 3 oktyabr prezident seçkilərində seçicilərin 98,8
faizi Heydər Əliyevə səs verərək ölkənin taleyini bu görkəmli
dövlət xadiminə həvalə etmək niyyətində olduqlarını bütün dünyaya
nümayiş etdirdilər.

Milli Məclisin deputatı

Rauf Əliyev

Leave A Reply

Your email address will not be published.