AHİK sədri Səttar Möhbalıyev BƏT nümayəndəsini qəbul edib (FOTO)

0 3

Bakı. Trend:

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK)
sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev ölkəmizdə işgüzar
səfərdə olan Beynəlxalq Əmək Təşkilatının (BƏT) Layiqli Əməyə
Texniki Dəstək Qrupu və Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üzrə
Ofisinin direktoru Olqa Kulayevanın başçılıq etdiyi nümayəndə
heyətini qəbul edib.

Görüşdə AHİK-lə BƏT arasında mövcud olan qarşılıqlı faydalı
əməkdaşlıqdan bəhs olunub.

Öncə AHİK sədri işğal zamanı Ermənistanın Şərqi Zəngəzurda və
Qarabağda törətdiyi vandal əməllərindən danışıb. Bildirib ki, uzun
illər torpaqlarımız işğal altında qalsa da, buna etiraz olaraq əsas
aparıcı beynəlxalq təşkilatlardan heç bir səs gəlmədi, ikili
standartlardan çıxış etdilər: “Təbii ki, bu da bizdə təəssüf və
təəccüb doğururdu. Artıq münaqişə başa çatıb. İşğaldan azad olunan
ərazilərdə abadlıq-quruculuq işləri aparılır, bir sıra layihələr
yekunlaşıb. Yaxın gələcəkdə dövlətimiz tərəfindən sakinlərin öz
yurdlarına qayıtması təmin ediləcək. Bütün bu işləri Azərbaycan özü
həyata keçirir”.

Sonra S.Möhbalıyev “2016-2020-ci illər üçün Layiqli Əmək üzrə
Ölkə Proqramı” ilə bağlı Azərbaycan həmkarlar ittifaqları
tərəfindən görülmüş işlər və həyata keçirilmiş layihələr barədə
ətraflı məlumat verib.

AHİK sədri həmçinin BƏT-lə əməkdaşlıq çərçivəsində qarşıda duran
vəzifələrdən və görüləcək işlərdən bəhs edib. Bildirib ki, hazırda
iyun ayının sonlarında BƏT-in dəstəyi ilə “BƏT-in 105-ci
Konvensiyası üzrə müzakirələrin yekunu ilə bağlı məlumat və 205
saylı tövsiyyələrin tətbiqi üzrə həmkarlar ittifaqlarının
vəzifələri” mövzusunda 2 günlük seminara hazırlıqlar gedir. Ardınca
regionları əhatə edən silsilə tədbirlərin keçirilməsi də
planlaşdırılır.

S.Möhbalıyev yeni hazırlanacaq 2022-2026-cı illər üçün Layiqli
Əmək üzrə Ölkə Proqramında qeyri-rəsmi məşğulluğun qarşısının
alınması, məşğulluq xidmətlərinin çeşdinin və keyfiyyətinin
yüksəldilməsi, sosial təminat sistemində ünvanlılıq və şəffaflığın
tam təmin olunması, özünəməşğulluq proqramının genişləndirilməsi
istiqamətində islahatların aparılması, sosial dialoqun inkişaf
etdirilməsi kimi məsələlərin qeyd olunmasının vacibliyini diqqətə
çatdırıb.

AHİK sədri həm ölkə proqramında nəzərdə tutulan məsələlərin, həm
də BƏT-in Konvensiya və Tövsiyələrinin ölkə ərazisində tətbiqində,
monitorinqlərin həyata keçirilməsində, metodiki vəsaitlərin
hazırlanmasında BƏT-in texniki dəstək göstərəcəyinə ümidvar
olduğunu bildirib.

Səmimi qəbula görə təşəkkür edən O.Kulayeva Azərbaycanda
olmaqdan məmnunluğunu ifadə edib, burada iştirak etdiyi tədbirləri,
keçirdiyi görüşləri məhsuldar və səmərəli hesab edib.

BƏT nümayəndəsi həmçinin AHİK sədri tərəfindən irəli sürülən
təkliflərin önəminə diqqət çəkib və bunların nəzərə alınacağını
bildirib.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər də
müzakirə edilib, ətraflı fikir mübadiləsi aparılıb.

Leave A Reply

Your email address will not be published.