Asiya İnkişaf Bankı ilə əmək və sosial müdafiə sahəsində gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunub (FOTO)

0 2

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Asiya İnkişaf
Bankının (AİB) nümayəndə heyəti ilə görüş olub.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev
ölkəmizdə əmək bazarı, məşğulluq və sosial müdafiə sahəsində
aparılan islahatları, aktiv məşğulluq proqramlarının əhəmiyyətli
dərəcədə genişləndirildiyini diqqətə çatdırıb.

O, son 4 ildə əmək müqavilələrinin sayının 30 faiz, əmək haqqı
fondunun 2,2 dəfə artdığını, məşğulluq orqanları vasitəsilə 340 min
nəfərin işlə təmin edildiyini bildirib. 49 min ailə üçün
özünüməşğulluq proqramı çərçivəsində kiçik təsərrüfat və
müəssisələrin yaradıldığını deyib.

Həmin dövrdə 4 milyon nəfəri əhatə edən 3 islahat paketinin
həyata keçirildiyini, bu paketlər üçün illik əlavə 6 milyard manat
ayrıldığını, sosial ödənişlərdəki ciddi artımları qeyd edib.

Nazir müavini işsiz və işaxtaran şəxslərin peşə hazırlığı və
əlavə təhsil kurslarının təşkili, eləcə də peşə reabilitasiyası
işlərinin gücləndirilməsi, peşə təhsili mərkəzləri şəbəkəsinin
genişləndirilməsi istiqamətində atılan addımları diqqətə çatdırıb.
Əmək və məşğulluq sahəsində rəqəmsal xidmətlərin geniş tətbiqi,
“Əmək və Məşğulluq” altsistemi barədə məlumat verib.

A.Əliyev sosial təminat sisteminin təkmilləşdirilməsi, pensiya,
sosial yardım sahəsində aparılan islahatlarda AİB-lə əməkdaşlıq
təcrübəsinin əhəmiyyətini vurğulayıb.

AİB-in Mərkəzi və Qərbi Asiya Departamentinin sosial bölmə
müdiri Rie Hiraoka Azərbaycanda əmək, məşğulluq və sosial müdafiə
sahələrində aparılan ardıcıl islahatlar prosesində əməkdaşlığın
davam etdirilməsinin önəmini qeyd edib.

Görüşdə əmək və sosial müdafiə, peşə hazırlığı sisteminin
təkmilləşdirilməsi sahəsində Nazirliklə AİB-in gələcək əməkdaşlıq
istiqamətləri müzakirə olunub.

Leave A Reply

Your email address will not be published.