Avtonəqliyyat vasitəsini normadan artıq yükləyənlərə qarşı yoxlamalar aparılır

0 4

Bakı. Trend:

Son illər ölkədə avtomobil yollarının müasirləşdirilməsi,
respublika və yerli əhəmiyyətli yolların yenidən qurulması,
tikilməsi layihələri ilə bağlı mühüm tədbirlər həyata keçirilir. Bu
sahədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən
davamlı və irihəcimli işlər görülməkdədir.

Agentlikdən Trend-ə verilən məlumata görə, lakin müşahidələr
göstərir ki, bəzi fiziki və hüquqi şəxslər tərəfindən yük
avtomobilləri oxa düşən kütlə parametrlərinə dair tələblər
pozulmaqla normadan artıq yüklənir və bu formada ümumi istifadədə
olan avtomobil yollarında idarə edilir. Belə hallar inzibati xəta
tərkibi yaratmaqla yanaşı, nəqliyyat vasitələrinin hərəkəti zamanı
avtomobil yoluna və yol qurğularına zərər dəyməsinə, yol örtüyünün
və yolun mühəndis konstruksiyasının zədələnməsinə səbəb olur,
həmçinin bəzi hallarda digər hərəkət iştirakçıları üçün də
təhlükəli vəziyyət yaradır.

Bunun qarşısını almaq məqsədilə magistral və respublika
əhəmiyyətli avtomobil yollarında təşkil edilmiş tərəzi nəzarət
məntəqələrində, həmçinin səyyar tərəzi qurğuları vasitəsi ilə
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi “Avtomobil Yollarının
Mühafizə Xidməti” MMC-nin və Daxili İşlər Nazirliyinin Baş Dövlət
Yol Polisi İdarəsinin əməkdaşlarının birgə xidmətinin təşkili üzrə
tərtib edilmiş tədbirlər planına əsasən yoxlama tədbirləri davam
etdirilir.

Yoxlama tədbirləri zamanı iriqabaritli və ağırçəkili nəqliyyat
vasitələri icazə verilən çəki və kütlə parametrlərinə dair
tələbləri pozan sürücülər aşkarlanır, icazə verilən həddən artıq
yükü olan nəqliyyat vasitələri agentliyin səlahiyyətləri daxilində
yol hərəkətindən kənarlaşdırılır, artıq yük boşaldılır və
sürücülərə inzibati məsuliyyət daşıdıqları barədə məlumat verilir.
Həmçinin həmin sürücülər barəsində Daxili İşlər Nazirliyinin Baş
Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən inzibati xəta
haqqında protokol tərtib edilir.

Nəzərinizə çatdıraq ki, ağırçəkili nəqliyyat vasitələrinin
avtomobil yollarına vurduqları ziyanın hesablanması qaydalarının,
yol ötürücülərinin yük götürmə qabiliyyətinin müəyyən edilməsi,
habelə həmin zərərin ödənilməsi və aradan qaldırılması, ən əsası
isə qəza təhlükələrinin nəzarət altına alınması məqsədilə
tədbirlərin görülməsi istiqamətində müvafiq addımların atılması
davam etdirilir.

Leave A Reply

Your email address will not be published.