Azərbaycan-Özbəkistan hökumətlərarası komissiyalarının sədrləri, həmsədrləri hər ay fikir mübadiləsi aparacaqlar – Şavkat Mirziyoyev

0 6

Bakı. Trend:

Azərbaycan-Özbəkistan hökumətlərarası komissiyalarının sədrləri,
həmsədrləri hər ay fikir mübadiləsi aparacaqlar.

Trend xəbər
verir ki, bu barədə Özbəkistan Respublikasının Prezidenti Şavkat
Mirziyoyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə
mətbuata bəyanatında deyib.

Ş.Mirziyoyev deyib:

“Məhdud tərkibdə və geniş formatda görüşlərdə biz ikitərəfli
münasibətlərimizə aid məsələləri ətraflı müzakirə etdik. Sizə demək
istəyirəm ki, biz bütün istiqamətlər üzrə çox səmimi, etimada
əsaslanmaqla, çox diqqətlə, obrazlı desək əlimizə qələm götürərək
münasibətlərimizi bundan sonra necə irəlilətməli olduğumuzu dedik
ki, bu münasibətlər həqiqətən strateji səviyyəyə çatsın və İlham
Heydər oğlunun Özbəkistana bugünkü tarixi səfərindən real nəticə
əldə edilsin. Fikrimcə, geniş tərkibdə görüşdə də bizim nümayəndə
heyətlərinin hər bir üzvünə nə istədiyimiz, necə işləyəcəyimiz
barədə ətraflı məlumat verildi və biz razılığa gəldik ki, iki
prezident hər ay işlərin gedişini yoxlayacaq. Ona görə ki, bizim
hökumətlərarası komissiyaların sədrləri, həmsədrləri hər ay fikir
mübadiləsi aparacaqlar. Biz hətta razılığa gəldik ki, başlanğıc
mərhələdə həmsədrlər ayda bir dəfə görüşəcək, real nəticə olması
üçün vəziyyəti yoxlayacaqlar. Biz bunu nə üçün edirik? Ona görə ki,
biz həqiqətən münasibətlərimizi tamamilə yeni səviyyəyə qaldırırıq.
Bunu nə üçün edirik? İstəyirik ki, real nəticə olsun, iki ölkənin
xalqları bunu hiss etsin.

Fikrimcə, bizim ümumi səylərimiz və daha yaxınlaşma istəyimiz
sayəsində Özbəkistan ilə Azərbaycan arasında münasibətlər açıq,
geniş əhatəli xarakter kəsb edib, ticari-iqtisadi,
parlamentlərarası, mədəni-humanitar və regionlararası əməkdaşlıq
fəallaşıb. Bir daha demək istəyirəm, budəfəki danışıqlar göstərdi
ki, biz xalqlarımızın mənafeyi naminə qarşılıqlı fəaliyyəti bundan
sonra da hərtərəfli möhkəmləndirməyə hazırıq.

Siz indicə sanballı sənədlər paketinin imzalanmasının şahidi
oldunuz. Onların arasında Strateji tərəfdaşlığın dərinləşməsi və
hərtərəfli əməkdaşlığın genişləndirilməsi barədə Bəyannamə
ikitərəfli münasibətlərdə yeni mərhələ açır. Biz, həmçinin
qarşılıqlı fəaliyyətin əsas istiqamətlərini müəyyən etdik. Bizim ən
mühüm prioritetimiz ticarəti və sənaye kooperasiyasını
genişləndirməkdir. Bu istiqamətdə ciddi irəliləyişlər müşahidə
edirik.”

Leave A Reply

Your email address will not be published.