Azad olunmuş ərazilərdə yol layihələrində işləmək üçün 45 mindən artıq işçiyə icazələr alınıb

0 2

Bakı. Trend:

Azad olunmuş ərazilərdə yol layihələrində işləmək üçün 45 mindən
artıq işçiyə icazələr alınıb.

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, yol
infrastruktunun sürətli bərpası və yenidən qurulması kimi məsələlər
ölkəmiz üçün prioritet əhəmiyyətə malikdir. İşğaldan azad edilmiş
ərazilərə investisiyanın cəlb edilməsi üçün tədbirlər planın
hazırlanması, həyata keçirilən layihələrin dövlət strategiyalarına
uyğunlaşdırılması, ərazilərimizin bərpası zamanı xüsusi olaraq
nəzərə alınır. Bərabər olaraq, bu layihələr sayəsində yeni iş
yerləri yaradılır ki, bu da öz növbəsində işsizlik problemlərinin
də azalmasına xidmət edir.

Azad olunan torpaqlarımızda yenidənqurma işlərinin başlanması
ilə bağlı cənab Prezidentin sərəncamlarına, bu istiqamətdə
imkanlar, planlar və qərarlara uyğun olaraq, Azərbaycan Avtomobil
Yolları Dövlət Agentliyi tərəfindən də mütəmadi olaraq mümkün və
müvafiq addımlar atılır. Böyük zəhmət və vaxt tələb edən bu
işlərin, sistemli şəkildə həyata keçirilən layihələrin icrası
zamanı Agentlik tərəfindən ötən müddət ərzində 38726 nəfər
Azərbaycan, 6808 nəfər Türkiyə vətəndaşının işğaldan azad olunmuş
ərazilərimizdə aparılan yol infrastrukturu layihələrində işə cəlb
olunması üçün icazələr alınıb. Davamlı olaraq yol infrastrukturu
layihələrində əlavə işçi qüvvəsinə ehtiyac yarandığı zaman yeni
işçilərlə bağlı da icazələrin alınması davam etdirilir.

Qarabağın dirçəlməsi istiqamətində icra olunan yol
infrastrukturu layihələri azad olunan torpaqlarımızda yeni və
beynəlxalq standartlar çərçivəsində infrastrukturun formalaşmasını
özündə əks etdirir. İnşa olunan yolların bölgənin inkişafının
sürətlənməsi, regionun tranzit əhəmiyyətinin artırılmasında əvəzsiz
rolu var.

Qeyd edək ki, ərazilərdə sosial-iqtisadi inkişafa xidmət edən
yol infrastrukturu layihələrinin icrası zamanı yerli şirkətlərlə
yanaşı Azərbaycana dost ölkələrdən olan şirkətlərlə tərəfdaşlıq və
təcrübə mübadiləsi aparılır, yolların tikintisində bu təcrübələrdən
istifadə olunur.

Azərbaycan və Türkiyə münasibətlərinin inkişafı digər
istiqamətlərdə olduğu kimi, yol infrastukturu sahəsi üzrə də
inkişaf edir, birgə layihələrin həyata keçirilməsi və müvafiq sahə
üzrə perspektiv əməkdaşlıq imkanları dəyərləndirilir, bu sahədə
genişmiqyaslı işlər həyata keçirilir. Bu istiqamətdə qardaş ölkənin
yol tikintisi sahəsində ixtisaslaşmış şirkətləri ilə əməkdaşlıq
edilir.

Azad edilmiş ərazilərdə icra olunan yol layihələrində qarşılıqlı
fikir mübadiləsi və əməkdaşlığın aparılması sözsüz ki, fəaliyyətin
daha səmərəli olmasına müsbət təsir göstərir. Bu istiqamətdə qısa
müddət ərzində çox böyük işlərin görülməsi bunu bir daha sübut
edir.

Qazandığımız Böyük Zəfərin ardından geniş tikinti-quruculuq
meydanına çevrilən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında
yenidən qurulan bütün infrastruktur layihələr sayəsində əhali öz
doğma yurdlarına qayıtdıqdan sonra burada həyat yenidən canlanacaq,
yeni iqtisadi sahələr yaranacaq və bu canlanma təkcə Azərbaycanın
yox, ümumən bölgənin inkişafına gətirib çıxaracaq.

Leave A Reply

Your email address will not be published.