Dələduzluqda təqsirləndirilən sabiq bələdiyyə sədrinin məhkəməsində dava düşdü

0 9

Bakı. Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayon Bələdiyyəsinin
keçmiş sədri Aytac Əliyeva və bacısı İlknur Əliyevanın (Turkut)
cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.

Trend-in məlumatına görə, məhkəmə prosesi açıq keçirilsə də,
prosesə sədrlik edən hakim Rasim Sadıxov jurnalistləri məhkəmə
zalından çıxarıb.

Daha sonra prosesdə ittiham aktı elan edilib.

İttihama göstərilib ki, Aytac Əliyeva və bacısı Turkut İlknur
tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə
bir neçə bir neçə nəfərin əmlakını ələ keçiriblər.

İttiham olunan bacılar özlərini geniş əlaqələrə sahib olan qızıl
-zinət əşyalarının alqı-satqısı ilə məşğul olan şəxslər kimi təqdim
ediblər. Belə ki, təqsirləndirilən şəxslər onlara pul veriləcəyi
təqdirdə həmin vəsaitə qızıl -zinət əşyaları alıb əhatələrində olan
yüksək vəzifəli şəxslərə baha qiymətə satacaqları barədə
zərərçəkmiş şəxslər vəd ediblər.

Aytac Əliyeva və Turkut İlknur 9 nəfərə qarşı 1 milyon manata
yaxın dələduzluq etməkdə təqsirli biliniblər.

Təqsirləndirilən şəxslər məhkəmədə özlərini verilmiş
ittihamlarla təqsirli bilmədiklərini deyiblər. Gərgin keçən
prosesdə zərərçəkmiş şəxslərdən biri ilə təqsirləndirilən şəxslər
arasında dava olub, hakim zərərçəkmişi zaldan qovub.

Proses iyulun 5-də davam etdiriləcək.

Xatırladaq ki, Binəqədi rayon bələdiyyəsinin keçmiş sədri Aytac
Əliyeva bacısı İlknur Əliyeva (Turkut) ilə birgə qızıl alveri etmək
məqsədilə vətəndaşlara qarşı dələduzluqda təqsirləndirilir.

Onlar barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq,
külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi
başlanılaraq barələrində həbs qətimkan tədbiri seçilib.

İttiham olunan İlknur Əliyeva bir müddət əvvəl ev dustaqlığına
buraxılıb.

Leave A Reply

Your email address will not be published.