Daşkənddə Özbəkistan-Azərbaycan biznes forumu keçirilib

0 3

Bakı. Trend:

Özbəkistanın İnvestisiya və Xarici Ticarət Nazirliyinin,
Azərbaycanın İqtisadiyyat Nazirliyinin dəstəyi, İxracın və
İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun, Özbəkistan
Ticarət və Sənaye Palatasının birgə təşkilatçılığı ilə Daşkənddə
Özbəkistan-Azərbaycan biznes forumu keçirilib. Tədbirdə hər iki
tərəfdən rəsmilərlə yanaşı, tikinti, sənaye, kənd təsərrüfatı və
digər sahələrdə fəaliyyət göstərən sahibkarlar iştirak edib.

İqtisadiyyat Nazirliyindən Trend-ə verilən məlumata görə, biznes
forumun açılış mərasimində çıxış edən Özbəkistanın Baş nazirinin
müavini, investisiyalar və xarici ticarət naziri Sardor Umurzakov
iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin yüksək xətlə
inkişaf etdiyini, bununla belə əməkdaşlığın genişləndirilməsi üçün
potensialın böyük olduğunu bildirib. Sardor Umurzakov qeyd edib ki,
Azərbaycan və Özbəkistan əməkdaşlığı genişləndirə, birgə emal
müəssisələri yaratmaqla, məhsullarını üçüncü ölkələrə tədarük edə
bilər. Biznes forumun əhəmiyyətindən danışan nazir tədbirin yeni
təşəbbüslərin və istiqamətlərin müəyyənləşdirilməsi üçün əlverişli
platforma olduğunu diqqətə çatdırıb, müzakirələrin biznes
əlaqələrinin genişləndiriıməsi üçün faydalı olacağını
vurğulayıb.

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov ölkələrimiz
arasında əlaqələrin yüksək səviyyədə olduğunu, iqtisadi
əməkdaşlığın inkişaf etdiyini diqqətə çatdırıb, dövlət başçılarının
qarşılıqlı rəsmi səfərləri, aparılan danışıqlar ikitərəfli
əməkdaşlığın inkişafında mühüm əhəmiyyət kəsb etdiyini bildirib.
İqtisadiyyat naziri sənaye, kənd təsərrüfatı, ticarət, investisiya
və s. sahələrdə tərəfdaşlığın gücləndirilməsi imkanlarını diqqətə
çatdırıb, Özbəkistan iş adamlarını Azərbaycanda yaradılmış
əlverişli işgüzar mühitdən yararlanmağa, birgə layihələrin icrasına
dəvət edib.

Tədbirdə AZPROMO-nun rəhbəri Yusif Abdullayev, Kiçik və Orta
Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan
Məmmədov, İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin
sədri Elşad Nuriyev, «Uzkimyosanoat» ASC-nin İdarə Heyətinin sədri
Jurabek Mirzamaxmudov, «Uzeltexsanoat» Assosiasiyasının sədri
Mirziyod Yunusov, «Uztekstilprom» Assosiasiyasının sədri İlxom
Haydarov və Azərbaycan Zərgərlik Assosiasiyasının sədri Toğrul
Abbasquliyev iqtisadiyyatın aidiyyəti sahələrində əlaqələrin
genişləndirilməsi, hər iki ölkənin ixrac və investisiya potensialı,
biznes və investisiya mühiti barədə məlumat veriblər.

Biznes forum çərçivəsində iki ölkənin müvafiq qurumları arasında
bir sıra sənədlər imzalanıb.

Tədbir hər iki ölkənin biznes nümayəndələri arasında ikitərəfli
görüşlərlə davam edib.

Leave A Reply

Your email address will not be published.