Gözlənilən hava şəraiti ilə əlaqədar FHN əhaliyə müraciət edib

0 2

Bakı. Trend:

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, iyunun
22-dən 24-ü gündüzədək ölkə ərazisində hava şəraitinin yağıntılı
keçəcəyi, yağışın ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu
düşəcəyi, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi,
bir sıra yerlərdə güclü külək əsəcəyi proqnozlaşdırılır.

Trend Fövqəladə Hallar Nazirliyinə (FHN)
istinadla xəbər verir ki, qeyd olunanlarla bağlı Fövqəladə Hallar
Nazirliyi əhaliyə müraciət edərək, gözlənilən hava şəraiti ilə
əlaqədar müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə
çağırır.

Belə ki, intensiv yağıntıların səbəb ola biləcəyi daşqın və
seldən qorunmaq üçün daşqın və sel təhlükəli ərazilərdən uzaq
durmaq, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə
qalxmaq tövsiyə olunur.

Həmçinin, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti
tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik
dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə
olunur. Eləcə də güclü küləyin baş verən yanğınların söndürülməsi
ilə bağlı yaratdığı çətinlikləri nəzərə alaraq, yanğın
təhlükəsizliyi qaydalarına ciddi riayət edilməlidir.

Bundan əlavə, bu mövsümdə insanların istirahət üçün çimərliklərə
üz tutduğunu nəzərə alaraq xatırladırıq ki, güclü küləkli havada
dənizə girmək təhlükəlidir.

Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!

Təhlükə zamanı 112-yə zəng edin!

Leave A Reply

Your email address will not be published.