Heydər Əliyev adına Hərbi İnstitutda məzun buraxılışı keçirilib (FOTO)

0 3

Bakı. Trend:

Milli Müdafiə Universitetinin nəzdində fəaliyyət göstərən Heydər
Əliyev adına Hərbi İnstitutun məzun buraxılışına həsr olunan
təntənəli mərasim keçirilib.

Trend-in məlumatına görə,
22-ci buraxılış mərasimi münasibətilə keçirilən tədbirdə Milli
Müdafiə Universitetinin rəhbərliyi, institutun pedaqoji kollektivi
və rəhbərliyi, müəllimlər, məzunlar, valideynlər, ictimaiyyətin və
KİV-in nümayəndələri iştirak edirlər.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin və Azərbaycanın
müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin
xatirəsi bir dəqiqəlik sükutla anılıb. Hərbi orkestrin müşayiəti
ilə şəxsi heyətin ifasında Azərbaycanın dövlət himni
səsləndirilib.

Milli Müdafiə Universitetinin rektoru vəzifəsini icra edən,
professor general-leytenant Heydər Piriyev çıxış edərək əlamətdar
gün münasibətilə müdafiə nazirinin, universitetin kollektivi və öz
adından məzunları təbrik edib, onlara gələcək xidmətlərində uğurlar
arzulayıb.

Həmçınin gənc zabitləri yaxınlaşmaqda olan 26 İyun — Silahli
Qüvvələr Günü munasibətilə təbrik edib.

General-leytenant H.Piriyev çıxışında son illərdə ordu
quruculuğu istiqamətində həyata keçirilən islahatlardan, şəxsi
heyətin döyüş və mənəvi-psixoloji hazırlığının yüksəldilməsindən,
hərbi institutun zabit və kursantlarının Vətən müharibəsində
iştirakından danışıb. O, Silahlı Qüvvələrin Müzəffər Ali Baş
Komandanı İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsinin zəfərlə
başa çatdığını və torpaqlarımızın işğaldan azad edildiyini xüsusi
vurğulayıb.

H.Piriyev çıxışında həmçinin bildirib ki, bu il institutu
bitirən məzunlar arasında 2 Qırğızıstan, 7 Tacikistan vətəndaş
var:

«Silahlı Qüvvələr, eləcə də institutumuz Silahlı Qüvvələrin Ali
Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunub. 44
günlük Vətən müharibəsində qazanılan qələbə xalqımızın həmrəyliyi,
Ali Baş Komandanın ətrafında sıx birləşən insanların inamı,
Azərbaycan Ordusunun məğlubedilməzliyi, hünəri və qətiyyəti idi. Bu
gün məzun olanlar Müdafiə Naziri, general-polkovnik Zakir Həsənovun
müvafiq əmri ilə leytenant hərbi rütbəsi verilib. Eləcə də,
məzunlarımızdan 4 nəfəri təhsil dövründə yüksək nəticə
göstərdiklərinə görə bir başa baş leytenant rütbəsi ilə təltif
olunub».

Sonra Heydər Əliyev adına Hərbi İnstitutunu fərqlənmə ilə
bitirənlərə diplomlar verilib.

Hərbi İnstitutun döyüş bayrağının təhvili və qəbulu mərasimi
keçirildikdən sonra yaş kötüyünə rəmzlər vurulub.

Leave A Reply

Your email address will not be published.