“Kiber Smart Ol” layihəsi çərçivəsində təlimlərə start verildi (FOTO)

0 4

Bakı. Trend:

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron
Təhlükəsizlik Xidməti “Kiber Smart Ol” layihəsi çərçivəsində
kibertəhlükəsizlik sahəsində ilk təlimini Lənkəran şəhərində təşkil
edib.

Qeyd edək ki, bu layihə Koreya Beynəlxalq Əməkdaşlıq
Agentliyinin (KOICA) “CIAT paylaşımdır” proqramı üzrə qalib
olub.

Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin Azərbaycan
Nümayəndəliyi, KOICA Azərbaycanlı Məzunlar Assosiasiyası, Gənclərin
İnkişaf və Karyera Mərkəzinin Lənkəran nümayəndəliyi və “Zəfər”
Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin dəstəyi ilə Lənkəran
şəhərində keçirilmiş təlimə Vətən müharibəsi şəhidləri və
qazilərinin 12-17 yaş qrupunda olan ailə üzvləri cəlb edilib.

Təlimdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Strateji
təhlil, innovasiya və rəqəmsallaşma şöbəsinin baş məsləhətçisi Lalə
Kərimova “Rəqəmsal bacarıqların inkişafı” mövzusunda təqdimatla
çıxış edib. Uşaq və yeniyetmələrə dünyada bu sahədəki mövcud
vəziyyət, İT ixtisasları, eləcə də rəqəmsal bacarıqları necə
inkişaf etdirmək barədə ətraflı məlumat verilib.

Daha sonra Elektron Təhlükəsizlik Xidmətinin Beynəlxalq
əməkdaşlıq və əlaqələndirmə sektorunun baş məsləhətçisi Aysel
Hadiyeva “Təhlükəsiz internet” mövzusunda təqdimatla çıxış edib.
Təqdimatda uşaq və yeniyetmələr internetdə qarşılaşa biləcəkləri
təhlükələr, onlarla mübarizə üsulları, internetdən təhlükəsiz
istifadə üçün əməl edilməsi vacib olan kibergigiyena qaydaları
haqqında məlumatlandırılıb.

Qeyd edək ki, kibertəhlükəsizlik sahəsində istifadəçilərin
maarifləndirilməsini təmin etmək Elektron Təhlükəsizlik Xidmətinin
əsas fəaliyyət istiqamətlərindən biridir və qurum bu sahədə
mütəmadi olaraq tədbirlər həyata keçirir.

“Kiber Smart Ol” layihəsi çərçivəsində Elektron Təhlükəsizlik
Xidmətinin Lənkəranla yanaşı, Bakı və Sumqayıt da daxil olmaqla bir
neçə şəhərdə təlimlər təşkil etməsi nəzərdə tutulur.

Leave A Reply

Your email address will not be published.