Lənkəranda dələduzluq edən qadın saxlanılıb

0 4

Bakı. Trend:

Lənkəranda dələduzluq edən qadın saxlanılıb. Onun eyni əməllərə
görə Bakıda axtarışda olduğu müəyyən edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional
qrupundan Trend-ə verilən
məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları
tərəfindən rayon ərazisində vətəndaşları dələduzluq yolu ilə
aldadan və bununla da zərərçəkənlərin xeyli miqdarda pulunu
mənimsəyən şəxsin saxlanılaraq məsuliyyətə cəlb olunması
istiqamətində əməliyyat tədbiri həyata keçirilib.

Lənkəran ŞRPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat
tədbirləri nəticəsində Bakı şəhər sakini Lalə Zeynalova
saxlanılıb.

Araşdırmalar zamanı məlum olub ki, əvvəllər də paytaxt
ərazisində etdiyi analoji cinayət əməllərinə görə Cinayət
Məcəlləsinin 178-ci (Dələduzluq) maddəsilə axtarışda olan
L.Zeynalova Lənkəranda ümumilikdə 17 nəfərin etibarından istifadə
edərək yüksək məvacibli işlə təmin olunmaq və digər məsələlər
barədə vədlər verməklə hər birinin ayrı-ayrı məbləğlərdə pulunu
dələduzluq yolu ilə ələ keçirib.

Polis əməkdaşları həmin qadının respublikanın digər şəhər və
rayonlarında da analoji cinayətlərdə iştirakını istisna etmir.

L.Zeynalovanın əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa,
bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə, həmçinin
ərazi polis orqanlarına məlumat vermələri xahiş olunur.

Leave A Reply

Your email address will not be published.