Özbəkistan Prezidenti: Azərbaycan bizim üçün yaxın dost və zamanın sınağından çıxmış etibarlı strateji tərəfdaşdır

0 5

Bakı. Trend:

Azərbaycan bizim üçün yaxın dost və zamanın sınağından çıxmış
etibarlı strateji tərəfdaşdır. Ölkələrimizi ortaq din, mənəvi
dəyərlər, oxşar ənənələr, dil və mədəniyyət birləşdirir ki, bu
barədə bu gün biz məhdud tərkibdə keçirilən görüşdə çox ətraflı
danışdıq.

Trend xəbər verir ki, bu barədə Özbəkistan Respublikasının
Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev ilə geniş tərkibdə görüşdə çıxış edərkən bildirib.

“Biz Azərbaycanın sanballı uğurlarına Özbəkistanda həmişə
ürəkdən sevinirik. Bu gün Sizin əldə etdiyiniz nailiyyətlər bütün
dünyada tanınır. Mənim qardaşım, hörmətli İlham Heydər oğlu dahi
atası Heydər Əliyevin işini davam etdirdi və Azərbaycan xalqının
əzəli torpaqlarını geri qaytarmaqla tarixi ədaləti bərpa etdi. Bu
gün Sizin rəhbərliyinizlə böyük quruculuq işləri aparılır. Bu
torpaqlar bizim gözlərimiz qarşısında yenidən çiçəklənən diyara
çevrilir. Biz bu nəcib işə öz töhfəmizi verməyə şad olarıq, bu
barədə də məhdud tərkibdə keçirilən görüşdə danışdıq”, – deyə
Özbəkistan Prezidenti diqqətə çatdırıb.

Azərbaycan Prezidenti ilə ikitərəfli münasibətlərin bütün
məsələləri barədə çox açıq və səmimi söhbət etdiklərini vurğulayan
Şavkat Mirziyoyev deyib: “Hətta hansı istiqamətlər üzrə real nəticə
olması üçün nə etməli və necə etməli olmağımız barədə danışdıq.
Əlbəttə, son illər biz etimada əsaslanan dialoqumuzu və praktiki
əlaqələrimizi əhəmiyyətli dərəcədə fəallaşdırmışıq. Bu gün mühüm
siyasi sənəd – Strateji tərəfdaşlığın genişləndirilməsi və
hərtərəfli əməkdaşlığın artırılması haqqında Bəyannamə qəbul
olunacaq”.

Leave A Reply

Your email address will not be published.