“PAŞA Bank” Azərbaycan bazarında qeyri-ənənəvi maliyyə xidmətləri oyunçularının artacağını proqnozlaşdırır (MÜSAHİBƏ) (FOTO/VİDEO)

0 6

Bakı. Trend:

İndəyək COVID-19 pandemiyası fonunda elektron ticarət və nağdsız
ödəniş xidmətlərinə ehtiyac xeyli artıb.

Bu barədə Trend
müsahibəsində “PAŞA Bank”ın İdarə Heyətinin üzvü Cəlal Orucov
bildirib.

Onun sözlərinə görə, pandemiyadan əvvəl də bu istiqamətdə
müəyyən layihələr var idi, lakin yeni çağırışlar və şərtlər bu
həllərin həyata keçirilməsinin sürətləndirilməsini tələb
edirdi:

“Kiçik və orta biznes (KOB) üçün innovativ həllər, habelə
nağdsız ödənişləri qəbul etməyə və həyata keçirməyə imkan verən
xidmət paketləri təklif edən şirkətlər yaranıb. Bundan əlavə, son
vaxtlar Azərbaycanda elektron pul kisələrindən istifadə
tendensiyası müşahidə olunur. Bu həllər əsasən fintech
startaplarını təmsil edir, banklar isə provayder kimi ikinci
dərəcəli rol oynayır.

Həmçinin, son illər Azərbaycanda əhalinin bank xidmətləri ilə
əhatə olunması istiqamətində tədbirlər həyata keçirilir. Bu gün
ölkə əhalisinin böyük hissəsinin maliyyə xidmətləri ilə əhatə
olunmasından danışmaq olar: əmək haqqı və pensiya ödənişləri bank
kartları vasitəsilə həyata keçirilir. Onu da qeyd etmək istəyirəm
ki, mobil telefonlardan istifadə etməklə ödənişin populyarlaşması
uzunmüddətli perspektivdə adi plastik kartlardan tamamilə imtina
etmək üçün imkanlar yaradır”.

Onun sözlərinə görə, Azərbaycanda son illər “açıq bankçılıq”ın
(Open Banking) inkişafı tendensiyası da müşahidə olunur.

“Bu gün müvafiq normativ bazanın olmaması ölkə banklarının “Open
Banking” əsasında ideyanı həyata keçirməsinə mane olur. Xüsusilə
bankımız və bəzi digər maliyyə qurumları bu istiqamətdə müəyyən
işlər görür, lakin məhdud formatda. Əslində, “Open Banking” müştəri
üçün fərqli, daha rahat formatda bank xidmətləri göstərə bilən yeni
fintech startaplarının yaranmasına töhfə verəcək. “Open Banking”in
banklar üçün müsbət təsiri ondan ibarətdir ki, onlar bu həlləri
yaratmağa məcbur deyillər.

Hesab edirəm ki, bu tendensiya həqiqətən də yalnız müvafiq
orqanlar tərəfindən tənzimləmə standartlarını təsdiqlədikdən sonra
inkişaf edəcək. Ən əsası odur ki, bu təşəbbüsün həyata keçirilməsi
bazarda təkcə banklar arasında deyil, həm də bank xidmətlərinin
provayderləri arasında rəqabət yaradacaq”, – deyə C.Orucov
vurğulayıb.

Onun fikrincə, daha iki tendensiya maksimum şəkildə yayılıb:

“Buraya onlayn ödənişlərin artması və bank kartlarından təkcə
vəsaitlərin nağdlaşdırılması üçün deyil, həm də POS terminallar
vasitəsilə mal və xidmətlərin ödənilməsində istifadə edilməsi
daxildir. “PAŞA Bank” istehlak kreditlərinin verilməsində o qədər
də fəal deyil, lakin bizdə POS terminallar şəbəkəsinin ən inkişaf
etmiş olduğunu deyə bilərik. Həmçinin bizim bank Azərbaycanın ən
böyük ekvayinq bankıdır. 2020-ci və 2021-ci ilin nəticələrini
müqayisə etsək, o zaman şəbəkəmizdə nağdsız ödənişlərin dövriyyəsi
2020-ci ildə 1,6 milyard manata yaxın, 2021-ci ildə isə 2,8 milyard
manat təşkil edib. Bu il də dövriyyə yüksəlişi tendensiyası davam
edir. Belə ki, cari ilin birinci rübünün yekunlarına görə, dövriyyə
20 faiz artıb”.

O bildirib ki, bu yay Azərbaycanda “Google Pay” təmassız ödəniş
həlli istifadəyə veriləcək və bu, Android platformasında mobil
cihazlardan istifadə etməklə alış-veriş üçün ödəniş etməyə imkan
verəcək.

Kibertəhlükəsizlikdən danışan Cəlal Orucov vurğulayıb ki,
2018-ci ildə “PAŞA Bank” bu seqmentə ciddi investisiya yatıran ilk
bank olub:

“Bankımız məlumat kibertəhlükəsizliyini təmin edən müxtəlif
sistemlərdən, o cümlədən dələduzluğun qarşısının alınması
sistemindən istifadə edir. Bu sahəyə investisiyalar bu günə qədər
davam edir.

Bundan əlavə, PAŞA Bankda kibertəhlükələrin gecə-gündüz
monitorinqi və qarşısının alınması ilə məşğul olan xüsusi qrup
fəaliyyət göstərir. Bankların işinin bu hissəsi o qədər də gözə
dəyməyən ola bilər, lakin son vaxtlar bütün dünyada banklara
kiberhücumların sayında artım müşahidə olunur və bankımız bu
tendensiyaları görərək öz infrastrukturunun qorunmasına aktiv
şəkildə sərmayə qoymağa davam edir.

Bütün ödəniş sistemləri, o cümlədən banklar tərəfindən ödəniş
kanalları inkişaf etdirilərkən təhlükəsizlik həmişə birinci yerə
qoyulur. Bu və ya digər formatda ödəniş kartları emissiya edən
banklar, Apple Pay və Google Pay-də xidmət göstərir, hər il ödəniş
sistemlərinin beynəlxalq auditindən keçirlər, burada bütün fiziki
məlumat və kibertəhlükəsizlik yoxlanılır. Bu yoxlanışın
nəticələrinə əsasən maliyyə institutuna müvafiq sertifikat
verilir”.

Bundan əlavə, C.Orucov qeyd edib ki, son illərdə dələduzluğun ən
“məşhur” növlərindən biri sosial mühəndisliyi (“telefon
dələduzluğu”) sayılır:

“Dələduzlar telefon zəngləri edərək bank məlumatlarını almağa
çalışırlar. Bütün banklar müştərilərini bank məlumatlarını
paylaşmamaq üçün maarifləndirməyə diqqət yetirirlər. Heç bir bank
müştərilərindən nə kart nömrəsi, nə təhlükəsizlik kodu (CVV), həm
də SMS mesajından kod tələb etmir”.

C.Orucov onu da qeyd edib ki, “Apple Pay” ilə yanaşı, artıq
ölkədə mobil cihazlara əsaslanan lokal təmassız ödəniş həlləri də
təklif olunur və onların sayı getdikcə artacaq:

“Düşünürəm ki, 2022-ci ilin sonuna kimi “açıq bankçılığın”
tənzimlənməsinə dair hüquqi akt qəbul ediləcək. Onun qəbul edilməsi
nağdsız ödənişlərin artırılmasına və yeni maliyyə
texnologiyalarının yaradılmasına yönəlmiş xidmətlərin və
startapların inkişafına imkan verəcək. Həm də qeyri-ənənəvi, yəni
qeyri-bank oyunçuların sayı da artacaq. Biz elektron ticarət və
nağdsız ödənişlərə, eləcə də onlayn platformalarda ödənişlərə daha
çox keçid gözləyə bilərik. Ümid edirəm ki, bu ilin sonuna kimi
ictimai nəqliyyatda da bank kartlarının qəbulu sistemi tətbiq
olunacaq. Ölkədə mövcud bank kartlarının sayı bu təşəbbüsü də
həyata keçirməyə imkan verir”.

Leave A Reply

Your email address will not be published.