Pirquluoba kəndində səyyar qəbul keçirilib (FOTO)

0 6

Bakı. Trend:

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev və Milli
Məclisin deputatı Sevil Mikayılova Pirquluoba kəndində səyyar qəbul
keçirib. Qəbulda Pirquluoba İnzibati Ərazi Dairəsinə daxil olan
Qoçaqqazma, Hacıməmmədoba və Yeni Sudur kəndlərinin sakinləri
iştirak edib. Yerli hüquq mühafizə orqanlarının rəhbərləri, təhsil,
səhiyyə, mədəniyyət və digər xidmət təşkilatlarının məsul
şəxslərinin qatıldığı görüşdə əvvəlcə şəhidlərin əziz xatirəsi bir
dəqiqəlik sükutla yad edilib.

Daha sonra vətəndaşların müraciəti və təklifləri dinlənilib.
Sakinlər içməli suya olan ehtiyacın ödənilməsi, suvarma
kanallarında sahilbərkitmə işlərinin aparılması, əlavə subartezian
quyusunun qazılması, elektrik təsərrüfatının yenilənməsi və
kəndlərarası yolun təmiri ilə bağlı müraciətlərini
səsləndiriblər.

Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev kənd sakinlərinin
arzu və təkliflərini həssaslıqla dinləyərək, onları narahat edən
problemlərin aradan qaldırılması istiqamətində müvafiq
tapşırıqlarını verib. Bir çox müraciətlər yerindəcə həll
edilib.
Milli Məclisin deputatı Sevil Mikayılova səsləndirilən
müraciətlərin operativ şəkildə araşdırılaraq, qanunvericiliyə uyğun
həll edilməsi üçün aidiyyəti qurumlarla əlaqə yaradılacağını
bildirib.

Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə
yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və
qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə
minnətdarlıqlarını ifadə ediblər.

Səyyar qəbuldan sonra Pirquluoba kəndinin gilas bağlarında
məhsul yığımı ilə tanış olunub. Rayon İcra Hakimiyyətinin başçısı
Elnur Rzayev aqrar sektorun inkişafına göstərilən dövlət
qayğısından danışıb. Xaçmaz rayonunda əhalinin əsas gəlir mənbəyi
olan meyvəçilyin inkişafı istiqamətində həyata keçiriləcək
layihələr barədə məlumat verib.

Leave A Reply

Your email address will not be published.