Prezident İlham Əliyev: Bizim yerləşdiyimiz regionlar təhlükəsizliyin və müdafiə qabiliyyətinin möhkəmlənməsi məsələlərinə gündəlik diqqət tələb edir

0 10

Bakı. Trend:

Bizim yerləşdiyimiz regionlar təhlükəsizliyin və müdafiə
qabiliyyətinin möhkəmlənməsi məsələlərinə gündəlik diqqət tələb
edir.

Trend xəbər
verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev ilə
mətbuata bəyanatında deyib.

Dövlət başçısı deyib:

“Hərbi və hərbi-texniki sahələrdə nəzərdə tutulan əməkdaşlığı
xüsusi qeyd etmək istərdim. Bu sahə hər bir ölkə üçün, xüsusən
bizim ölkələr üçün prioritet əhəmiyyət kəsb edir. Bizim
yerləşdiyimiz regionlar təhlükəsizliyin və müdafiə qabiliyyətinin
möhkəmlənməsi məsələlərinə gündəlik diqqət tələb edir. Buna görə
də, düşünürəm ki, bu gün razılığa gəldiyimiz məsələlər yerinə
yetiriləcək. Biz təcrübə mübadiləsi, hərbi-texniki sahədə, müdafiə
istiqamətli təhsil sahəsində əməkdaşlıq üzrə fəal əlaqə saxlayacaq,
həmçinin təhlükəsizliyimizi qarşılıqlı möhkəmlədəcək addımlarımızı
planlaşdıracağıq.

Bu gün Bəyannamə imzalandı. Siyasi Bəyannamə mahiyyət etibarilə
bizim münasibətlərimizi keyfiyyətcə yeni səviyyəyə çatdırır. Təbii
ki, qarşılıqlı dəstək də olacaq – həm mövcud beynəlxalq təşkilatlar
çərçivəsində, həm də ölkələrimizin və xalqlarımızın təhlükəsizliyi
ilə bağlı bütün başqa məsələlər daimi diqqət tələb edir. Bu da
olacaq. Ona görə ki, bundan ötrü siyasi iradə var.
Bu gün mən biz ərazi bütövlüyümüzü bərpa edərkən özbək xalqının və
Özbəkistan Prezidentinin Azərbaycana göstərdiyi dəstəyi xüsusi qeyd
etmək istərdim. Azərbaycanlılar bunu çox yaxşı bilir, qardaşlıq
münasibətini xatırlayır və yüksək qiymətləndirirlər. Özbəkistan
Prezidentinin sözləri, bizim Qələbəmiz münasibətilə təbrikləri –
bütün bunlar, təbii ki, Azərbaycanda dost sözü, qardaş sözü kimi
qəbul edilir. Biz bunu yüksək qiymətləndiririk və öz tərəfimizdən
biz də bütün məsələlərdə Özbəkistanın, özbək xalqının yanındayıq.
Bugünkü səfər buna daha bir sübutdur. Əslində, biz bu gün iqtisadi
qarşılıqlı fəaliyyət, biznes strukturlarının əlaqələri,
təhlükəsizlik, müdafiə qabiliyyəti ilə bağlı məsələlər, xarici
siyasətlə bağlı təşəbbüslər, beynəlxalq təşkilatlar çərçivəsində
əməkdaşlığın dərinləşdirilməsi, humanitar sahə ilə, mədəniyyətlə
bağlı məsələlər barədə danışırıq, yəni, sözün geniş mənasında bu
gün bizim gələcək aktiv qarşılıqlı fəaliyyətimizin əsası qoyulur və
əminəm ki, nəzərdə tutduqlarımızın hamısı yerinə yetiriləcək.”

Leave A Reply

Your email address will not be published.