Rezidenturaya qəbul imtahanının birinci mərhələsinin nəticələri açıqlanıb

0 6

Bakı. Trend:

Dövlət İmtahan Mərkəzi (DİM) rezidenturaya qəbul olmaq üçün 19
iyun 2022-ci il tarixində keçirilmiş baza fənləri üzrə biliklərin
qiymətləndirilməsi imtahanının ikinci cəhdinin nəticələrini elan
edib.

DİM-dən Trend-ə verilən məlumata görə, hər bir namizəd DİM-in
internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının
qrafik təsviri ilə tanış ola bilər. Namizədlər imtahan nəticələri
haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell,
Nar, Naxtel) vasitəsilə bu imtahan üçün nəzərdə tutulan buraxılış
vərəqəsində göstərilən kodu 7727 nömrəsinə göndərməklə də öyrənə
bilərlər.

Nəticələrə əsasən, imtahanda iştirakı nəzərdə tutulan 1021
namizəddən 11 nəfəri imtahana gəlməyib.

280 namizəd birinci mərhələnin müsabiqə şərtini (40 və daha
yüksək bal) ödəyib.

Müsabiqə şərtini ödəyənlərdən 103 nəfər 4 və ya 5-ci kurs
tələbələridir.

Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından
“məqbul” alan 4-cü və 5-ci kurs tələbələri ixtisas fənləri üzrə
biliklərin qiymətləndirilməsi imtahanına yalnız rezidenturaya qəbul
olmaq hüququ əldə etdikdən sonra buraxılırlar.

İyunun 19-da keçirilən imtahanda 78 nəfər bu ilin, 99 nəfər isə
əvvəlki illərin məzunları olmaqla, 177 namizəd ikinci mərhələyə
buraxılıb.

İmtahanın 1-ci cəhdində iştirak edərək “məqbul” nəticə əldə edən
və rezidenturaya qəbul olmaq hüququ olan namizədləri də nəzərə
alsaq, ümumilikdə 313 nəfər ikinci mərhələyə buraxılıb.

Bundan əlavə, əvvəlki illərdə baza fənləri üzrə biliklərin
qiymətləndirilməsi imtahanından “məqbul” nəticə əldə etmiş və bu il
rezidenturaya qəbul olmaq üçün qeydiyyatdan keçən 642 namizəd də
birbaşa ikinci mərhələyə – ixtisas fənləri üzrə biliklərin
qiymətləndirilməsi imtahanına buraxılır.

İmtahan nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün
onlayn qaydada Apellyasiya komissiyası fəaliyyət göstərəcək.
Apellyasiya komissiyasına müraciət etmək üçün elektron ərizə
forması apelyasiya.dim.gov.az saytında yerləşdiriləcək. Namizədlər
Apellyasiya komissiyasına 22-24 iyun 2022-ci il tarixlərində
müraciət edə bilərlər.

Qeyd. İxtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi
imtahanının (II mərhələ) avqustun 21-də keçirilməsi planlaşdırılır.
İxtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına baza
fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından 40 və daha
çox bal toplayaraq “məqbul” nəticə əldə edən və rezidenturaya qəbul
olmaq hüququ olan namizədlər buraxılırlar.

Leave A Reply

Your email address will not be published.