Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb (FOTO)

0 17

Bakı. Trend:

28 iyun 2022-ci il tarixində Azərbaycan Respublikasının xarici
işlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatının (İƏT)
Baş katibi Hissein Brahim Taha ilə görüşüb.

Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, baş katibi səmimiyyətlə
salamlayan nazir Ceyhun Bayramov, Hissein Brahim Tahanın bu önəmli
vəzifəyə seçilməsi münasibətilə bir daha təbriklərini çatdırıb.
Nazir, Azərbaycanın İƏT ilə əməkdaşlığa yüksək əhəmiyyət verdiyini
və bu günədək təşkilatla çox fəal əməkdaşlığın aparıldığını qeyd
edib. İƏT-in hər zaman Azərbaycanın beynəlxalq hüquqa əsaslanan
haqq mövqeyinə dəstək verdiyi, keçmiş münaqişənin həlli ilə bağlı,
habelə post münaqişə mərhələsində müvafiq qətnamələrin qəbul
edildiyi minnətdarlıqla vurğulanıb.

Baş katib Hissein Brahim Taha Azərbaycanın İƏT-in fəal üzvü
olduğunu, İslam həmrəyliyinin gücləndirilməsinə verdiyi töhfəni
qeyd edib. O, səfəri çərçivəsində Azərbaycanın dövlət başçısı ilə
keçirilmiş görüşə məmnunluqla istinad edib. Baş katib İƏT Turizm
nazirlərinin konfransına uğurla ev sahibliyi etdiyi üçün Azərbaycan
təbrik edib.

Nazir Ceyhun Bayramov, Baş katibin şəxsən bu konfransda
iştirakının tədbirə öz müsbət töhfəsini verdiyini bildirib.
Azərbaycanın İƏT, habelə onun rəhbərliyi altındakı digər
təşkilatlarla bundan sonra da səmərəli əməkdaşlığı davam etdirməkdə
qətiyyətli olduğu qeyd edilib.

Nazir Ceyhun Bayramov İƏT rəhbərinə bölgədə mövcud olan münaqişə
sonrası vəziyyət, aparılan bərpa və quruculuq işləri barədə məlumat
verib. O, səfəri çərçivəsində Baş katibin azad olunmuş ərazilərə
getməsinin buradakı vəziyyətlə, o cümlədən onilliklər boyu
Ermənistan tərəfindən törədilən dağıntılar və hazırda Azərbaycan
tərəfindən aparılan quruculuq işləri ilə yaxından tanış olmaq üçün
yaxşı imkanı yaradacağını söyləyib.

Görüşdə, həmçinin İƏT çərçivəsində əməkdaşlıq gündəliyinin
aktual məsələləri, dünyada cərəyan hadisələr fonunda, xüsusilə də
islam ümmətini narahat edən məsələlər ətrafında fikir mübadiləsi
aparılıb.

Leave A Reply

Your email address will not be published.