Dünya bazarlarında neftin qiymətinin artması qlobal infilyasiyanı sürətləndirir

0 16

Bakı. Trend:

Dünya bazarlarında neftin qiymətinin artması qlobal
infilyasiyanı sürətləndirir. Qlobal bazarlarda neftin qiymətinin
yüksəlməsi neft istehsalçı ölkələri üçün müəyyən gəlirləri artırsa
da ümumi şəkildə qiymət artımların baş verməsinə yol açır.

Bunu Trend-ə Milli
Məclisin deputatı Azər Badamov deyib.

Deputat bildirib ki, neftin qiymətinin artması neft
məhsullarının qiymətlərinin də artmasına gətirib çıxarır.
“Məsələn, dünya ölkələrinin əksəriyyətində dizel yanacağı və
benzinin qiymətləri hər gün dəyişilir. Azərbaycan neft istehsalçı
ölkə olduğundan neft məhsulların qiymətləri dövlət tərəfindən
nəzarət olunur və stabil saxlanılır. Qonşu ölkələrdə dizel yanacağı
və benzin Azərbaycandakından daha bahadır.

Ümumi şəkildə müqayisə etsək, neft məhsulların qiymətlərinin
daha aşağı olmasına görə Azərbaycan dünyada 13-cü yerdədir. Qeyd
etmək istəyirəm ki, qonşu ölkələrdə cari ilin mart ayından etibarən
Aİ-95 markalı benzinin qiyməti Rusiyada 77,8%, Gürcüstanda 34,8%,
Qazaxıstanda 10%, Türkiyədə isə 51,7% artıb”, – deyə deputat
bildirib.

O qeyd edib ki, Azərbaycan Ai92 markalı benzini və dizel
yanacağını istehsal etsə də Aİ95 və Ai98 markalı benzinləri idxal
edir.

“Bu marka benzinlərin qiymətləri idxal etdiyimiz ölkələrdə
artanda ölkəmizə gətirilməsi də bahalaşır. Amma indiyə qədər Aİ95
və Aİ98 markalı benzinlərin idxal qiymətləri bahalaşsa da artımları
təchizatçı şirkət öz daxili vəsaiti hesabına ödəyib və daxili
bazarda qiymətin artımına yol verilməyib. Belə ki, ölkəmizdə Ai95
və Aİ98 markalı benzinlərin qiymətləri 2021-ci ilin sentyabrından
bu günə qədər sabit saxlanılmış və 1 litrəsini 1,60 qəpiyə
pərakəndə satır.

Halbuki bu müddətdə neftin dünya bazarındakı qiyməti 65% artmış,
neft məhsulların qiymətləri də analoji olaraq artmışdır. Təbii ki,
ölkəmizdə satılan Ai95 və Ai98 markalı benzinin pərakəndə
qiymətinin sabit saxlanılması təchizatçı şirkət üçün böyük maliyyə
itkisinə səbəb olmuşdur”, – deyə A.Badamov vurğulayıb.

Deputat əlavə edib ki, ölkə daxilində istehlak olunan
yanacaqların müqayisəli təhlili onu göstərir ki, avtomobillərin
91%-i Ai92 markalı benzini işlədir ki, bu marka benzinin qiymətində
son artım 2021-ci ilin yanvar ayında olub.

“Bu keçən müddətdə dövlət dizel yanacağı və Ai92 markalı
benzinin qiyməti stabil saxlamışdır ki, bunun da əsasında ölkədə
əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədi dayanmışdır.
Yüksək oktanlı benzini isə ölkəmizdə avtomobillərin cəmi 9%
istifadə edir ki, bunlar bahalı avtomobillərdir və imkanlı şəxslər
tərəfindən idarə olunur. Beləliklə dünya bazarlarında neftin və
neft məhsulların qiymətlərində artımlar olmasına baxmayaraq ölkə
daxilində istehsal olunan yanacaq növlərinin qiymətləri sabit
saxlanılır.

Azərbaycanın neft emalı sənayesi yenilənir. Heydər Əliyev adına
Neft Emalı Zavodunun yenidən qurulması 2023-cü ilin ortalarında
başa çatdırılması nəzərdə tutulur. Neft emalı zavodu yenidən
qurulduqdan sonra Avro-5 standartlara uyğun dizel yanacağı və
benzin istehsal olunmağa başlayacaqdır ki, bu da idxaldan
asıllığımızın aradan qalxmasına və ölkə daxilində yanacağın
qiymətinin stabil saxlanmasına imkan yaradacaqdır. Azərbaycan
dövləti neftin qiymətlərini formalaşdıranda həmişə əhalinin sosial
vəziyyəti nəzərə almışdır və yerli istehsalımız genişlənəndən sonra
daxili bazarımızı tam şəkildə nəzarətdə saxlaya biləcəyini hesab
edirəm” – deyə deputat vurğulayıb.

Leave A Reply

Your email address will not be published.