Azərbaycan kulinariyası “National Geographic Traveller” festivalında (FOTO)

0 15

Bakı. Trend:

Dövlət Turizm Agentliyinin dəstəyi və Milli Kulinariya
Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan Turizm Bürosu və milli
aşpazlardan ibarət nümayəndə heyəti Londonda keçirilən “National
Geographic Traveller” kulinariya festivalında iştirak edib.

Agentlikdən Trend-ə verilən
məlumata görə, 16-17 iyul 2022-ci il tarixində keçirilən festivalda
milli mətbəx nümunələrimizlə yanaşı, Azərbaycanda çay mədəniyyəti,
Qarabağ kətəsi də daxil olmaqla şəkərbura, paxlava, qoğal kimi
milli şirniyyatlar, o cümlədən Azərbaycan şərabları təqdim
edilib.

Milli aşpazlarımız Cavid Həsənov, Ruslan Əlizadə və Samirə
Əmrahovadan ibarət komanda tərəfindən festival iştirakçılarına, o
cümlədən tədbiri ziyarət edən media nümayəndələrinə Azərbaycan
mətbəxinin ən sevilən təamlarından olan qutab, yarpaq dolması,
kələm dolması, müxtəlif növ plovlar, həmçinin kükünün bir sıra
növləri hazırlanaraq təqdim edilib.

Festival çərçivəsindən milli mətbəximizin incilərini nümayiş
etdirildiyi xüsusi masterklas keçirilib.

100 nəfərlik böyük auditoriya qarşısında baş tutan masterklasda
aşpazlarımız tərəfindən 2017-ci ildə “Mədəni kimliyinin hissəsi
olan dolmanın hazırlanma və paylaşma ənənəsi” nominasiyası üzrə
UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına
daxil edilən milli yeməyimiz dolma hazırlanıb.

Dolmanın hazırlanma qaydası ilə yanaşı, auditoriyaya
Azərbaycanın mətbəx mədəniyyəti, onun tarixi, fəlsəfəsi, mətbəxin
formalaşmasına təsir edən əsas amillər barədə də məlumat
verilib.

Azərbaycan stendini ziyarət edən qonaqların ən böyük marağına
səbəb olan yeməklərdən biri də məhz “Cənub çələngi” olub. 6 növ
plov, ləvəngi növləri və turşuqovurmanın vəhdətindən formalaşan bu
özünəməxsus təqdimat üsulu milli mətbəximizin müasir təqdimatı
istiqamətində atılan mühüm addımdır. Bununla yanaşı, bu yeməkdə
ölkənin əsas turizm marşrutlarından biri olan cənub istiqamətinin
flora və faunası, həmçinin biomüxtəlifliyi də təmsil olunub.

Tədbirdə iştirak edən Azərbaycan Turizm Bürosunun İdarə
heyətinin sədri Florian Zenqstşmid hər bir ölkənin
qastronomiyasının onun mədəniyyətinin güzgüsü olduğunu qeyd edərək
əlverişli coğrafiya və fərqli iqlim zonalarının təsiri ilə yaranan
biomüxtəlifliyin, həmçinin tarixi İpək yolunun bir parçası kimi
müxtəlif xalqların və mədəniyyətlərin qovuşma mərkəzi kimi çıxış
etməsinin Azərbaycan mətbəxinin dünyanın ən qədim, zəngin və ləziz
mətbəxlərindən biri kimi formalaşmasına təsir göstərdiyini
vurğulayıb.

Qeyd edək ki, Dövlət Turizm Agentliyinin tabeliyindəki Milli
Kulinariya Mərkəzi tərəfindən Azərbaycanın zəngin kulinariya
ənənələrinin təbliğatı və qastronomiya turizminin inkişaf
etdirilməsi məqsədilə nüfuzlu beynəlxalq sərgilərdə və
platformalarda irimiqyaslı işlərin icrası üzrə fəaliyyət davam
etdirilir.

Leave A Reply

Your email address will not be published.