Şuşada keçirilən Beynəlxalq Media Forumu Azərbaycan mediası üçün tarixi hadisədir (FOTO)

0 22

Bakı. Trend:

Şuşa Media Forumundan səsləndirilən çağırışlar qalib
Azərbaycanın yaratdığı reallıqların dünyaya təqdimatı oldu.

İyulun 22-də Qarabağın tacı, mədəniyyət paytaxtımız Şuşada
növbəti dəfə tarixi bir gün yaşandı. Azərbaycan Respublikasının
Medianın İnkişafı Agentliyinin (MEDİA) təşkilatçılığı ilə Şuşada
Milli Mətbuat Günü münasibətilə “Mediada qlobal trendlər, yeni
çağırışlar” mövzusunda Beynəlxalq Media Forumu keçirildi. Tədbirə
ölkə jurnalistləri, Qarabağımızın – Şuşanın azad olunmasında
iştirak edən bir qrup qazimizlə yanaşı, 20-dək ölkədən xarici media
nümayəndələri və ekspertləri də qatılmışdı.

Tədbirin iştirakçıları təəssüratlarını bölüşərkən Şuşamızın hər
gününün çal-çağırlı olmasından, yalnız diplomatik deyil, ideoloji
mərkəzi kimi tanınmasından böyük qürur hissi ilə bəhs etdilər.

Tədbir iştirakçılarından biri kimi artıq dördüncü dəfə idi ki,
Şuşanın qonağı olurdum. İki dəfə “Xarıbülbül” musiqi festivalının,
üçüncü dəfə Yeni Azərbaycan Partiyası ilə Türkiyənin Ədalət və
İnkişaf Partiyasının birgə təşkilatçılığı ilə Şuşa Bəyannaməsinin
birinci ildönümünə həsr olunan “Azərbaycan-Türkiyə strateji
müttəfiqlik münasibətləri Qafqaz və region üçün sülh və sabitlik
mənbəyidir” mövzusunda beynəlxalq konfransın iştirakçısı olmuşam.
İyulun 22-də isə Milli Mətbuatımızın 147-ci ildönümünün
Azərbaycanın mədəniyyət beşiyi Şuşada qeyd edilməsinin iştirakçısı
olmaqdan şərəf duydum. Hər bir səfərin, tədbirin özünəməxsus yeri,
özəlliyi, qəlbimizdə yaratdığı hissləri var.

Tədbirin əhəmiyyətindən, özündə ehtiva etdiyi çağırışlardan bəhs
etmədən öncə azad Qarabağımızın, azad Şuşamızın yenidən
qurulmasından, bərpasından, cənnətməkana çevrilməsindən keçirdiyim
sevinc hissini paylaşmaq istərdim. Şuşaya yolumuzu Füzuli
Beynəlxalq Hava Limanından saldıq. Bakıdan Füzuli Beynəlxalq Hava
Limanına edilən uçuşda bir fərqli mənzərə yaşadıq. 30 ildən sonra
düşmən tapdağından azad olunan torpaqlarımızda geniş vüsət alan
quruculuq işləri, bu torpaqlara təyyarə ilə qısa zamanda
qovuşmağımız hər birimizdə fərəh hissi yaratdı. Bu xoş günləri
bizlərə yaşadan dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham
Əliyevə, Azərbaycanın rəşadətli Ordusuna minnətdarlığımızı
bildirir, tarixi Zəfərimizin qəhrəmanları olan şəhidlərimizin ruhu
qarşısında baş əyir, qazilərimizə Allahdan şəfa diləyirik. 30 ildən
sonra yeni həyat yaşayan, tarixi sahibinə qovuşmaqdan qürurlu olan
torpaqlarımızda geniş vüsət alan bərpa və quruculuq işləri nəinki
bizləri, eyni zamanda, xarici qonaqları heyrətləndirir, Azərbaycan
xalqının nə qədər yaradıcı, qurucu xalq olduğunu bütün dünyaya
göstərir.

Bərpa-quruculuq işlərinə start veriləndə Prezident İlham Əliyev
ilk olaraq infrastruktur layihələrinin icrasına xüsusi diqqət
yönəltdi. Avtomobil yolları yenidən bərpa olunur. Həmçinin
azadlığına qovuşmuş bu torpaqlarımızda üç Beynəlxalq Hava Limanının
tikintisinin nəzərdə tutulması da bu ərazilərimizin inkişafına,
turizm imkanlarından səmərəli istifadəyə hədəflənmiş addımlar
sırasından idi. Ötən il Füzuli Beynəlxalq Hava Limanı Azərbaycan
Prezidenti İlham Əliyev və qardaş ölkə Türkiyənin Prezidenti Rəcəb
Tayyib Ərdoğanın birgə iştirakı ilə istifadəyə verildi. Cari ildə
Zəngilan Beynəlxalq Hava Limanının istifadəyə verilməsi nəzərdə
tutulur. Laçın Beynəlxalq Hava Limanının isə 2024-cü ildə
istifadəyə verilməsi planlaşdırılır. İşğaldan azad edilmiş
ərazilərimizin müasir tələblər səviyyəsində qurulmasını qarşıya
mühüm vəzifə kimi qoyan dövlət başçısı İlham Əliyevin bu ərazilərdə
Beynəlxalq Hava Limanlarının tikintisinə xüsusi önəm verməsi də
səbəbsiz deyildi. Qarabağlı və Şərqi Zəngəzurlu Azərbaycan tezliklə
böyük nəqliyyat qovşağı və turizm mərkəzinə çevriləcək. Təyyarənin
Füzuli Beynəlxalq Hava Limanına enməsini səbirsizliklə gözləyirdik.
Çünki tarixi sahibinə qovuşmuş torpaqlarımızın qonaqlarını hansı
ruhda qarşıladığını görmək hər birimizdə sevinc hissi yaradır.
Dövlət başçısı İlham Əliyevin bütün çıxışlarında qeyd etdiyi kimi,
Qarabağın tacı Şuşa 28 il əsarətdə qalsa da əyilmədi. Sınmadı, öz
qürurunu, milli kimliyini qorudu.

Şuşa tarixi sahiblərinə qovuşacağını bilirdi və həmin an 2020-ci
ildə gəlib çatdı. Hər səfər zamanı tamamilə geniş formatda görülən
işlərin şahidi oluruq. Füzulidən Şuşaya Zəfər yolu ilə getdik. O da
məlumdur ki, dövlət başçısı İlham Əliyev ilk dəfə Füzuliyə səfər
edərkən Əhmədbəyli- Füzuli-Şuşa yolunun, Zəfər yolunun bərpası ilə
bağlı göstəriş verdi. Ötən il Zəfər yolu da qısa zamanda bərpa
edilərək istifadəyə verildi. Bu yolun da rəmzi mənası vardır. Belə
ki, bu yol ordumuzu, torpaqlarımızın işğaldan azad edilməsi üçün
canından keçən, silaha sarılan Vətən oğullarını Şuşaya apardı. O
yol ki, Şuşa dastanının yazılmasına şahidlik etdi. Hansı ki, bu yol
keçilməz bir halda idi. Amma Vətən oğullarımız Şuşa dastanını
yazmaq üçün yolun keçilməzliyinin fərqində belə olmadılar. Bu gün
isə həmin yol qısa zamanda yüzlərlə Azərbaycan vətəndaşını, xarici
qonaqları Şuşa ilə qovuşdurur. Zəfər yolunun tikintisinin qısa
vaxtda həyata keçirilməsi Azərbaycan xalqının qazandığı parlaq
Qələbənin simvoludur. Ali mühəndislik düşüncəsinin, yüksək
texnoloji imkanların istifadə olunduğu bu layihə ilin bütün
fəsillərində çətin relyef şəraitində, keçilməz dağ yolları
yarılaraq həyata keçirilib. Belə bir qısa vaxtda icra olunan və
dünyada analoqu olmayan layihə Azərbaycan dövlətinin gücünü, onun
malik olduğu potensialı və ən əsası Prezident İlham Əliyevin
qətiyyətini bütün dünyaya göstərdi. Şanlı Ordumuzun ölkəmizin
mədəniyyət paytaxtı olan Şuşa şəhərini mənfur düşməndən azad
edərkən istifadə etdiyi cığır -yolun əbədiləşdirilməsi məqsədilə
tikilən və Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən “Zəfər
yolu” adlandırılan avtomobil yolunun inşası dövlət başçısının daimi
nəzarəti altında icra edildi.

Qeyd etdiyimiz kimi, dünyanın 20-yə yaxın ölkəsinin media
nümayəndələrini, ekspertlərini, o cümlədən Azərbaycan
jurnalistlərini Şuşaya qovuşduran Zəfər yolu sanki hər gün Şuşanı
qonaqları ilə qovuşdurmasından qürur hissi keçirir.

Nəhayət, iştirakçıların səbirsizliklə gözlədiyi an gəlib çatdı.
Şuşa əvvəldə də qeyd etdiyimiz kimi, yalnız diplomatik deyil,
ideologiya mərkəzi olduğunu dünyaya nümayiş etdirdi. İctimai fikrə
təsir imkanları böyük olan mətbuatı düşündürən məsələlərin, qarşıda
dayanan vəzifələrin Şuşada müzakirə olunması böyük tarixi
hadisədir. Forum Azərbaycanın Dövlət Himninin səsləndirlməsindən,
ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda
şəhidlik zirvəsinə ucalan Vətən övladlarının xatirəsinin bir
dəqiqəlik sükutla yad edilməsindən sonra öz işinə başladı.

Daha sonra Azərbaycan Respublikası Prezidentinin
köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri
şöbəsinin müdiri Hikmət Hacıyev dövlət başçısı İlham Əliyevin media
nümayəndələrinə 22 İyul-Milli Mətbuat Günü münasibətilə müraciətini
oxudu. Müraciətdə də bu məqam xüsusi qeyd edilir ki, müstəqillik
dövrümüzdə ilk dəfə Azərbaycan jurnalistləri Ermənistanın 30 ilə
yaxın davam edən işğalından sonra öz peşə bayramlarını ölkəmizin
mədəniyyət paytaxtı, milli mətbuatımızın inkişafında xüsusi yeri
olan, Qarabağın tacı Şuşa şəhərində qeyd edirlər. Milli Mətbuat
Günü ilə bağlı Şuşada keçirilən ilk tədbir zəngin ənənələrə malik
Azərbaycan mediasının tarixində əlamətdar hadisə olacaq. Dövlət
başçısı İlham Əliyev hazırkı dövrdə mətbuatın qarşısında dayanan
çağırışları diqqətə çatdırdı: “Vətənpərvərlik, yüksək milli şüur,
ali məqsədlər uğrunda cəmiyyətimizin səfərbər olunmasına layiqli
töhfələr vermiş Azərbaycan jurnalistləri hər zaman prinsipiallıq
nümayiş etdirməli, saxta və yalan məlumatlara söykənən
kampaniyaların qlobal səviyyədə vüsət aldığı bir şəraitdə
Azərbaycanın dövlətçilik maraqlarını uca tutmalı, vətəndaşlarımızın
dolğun və düzgün məlumat əldə etmək hüquqlarını təmin etməli,
cəmiyyətimizin tərəqqisi naminə var gücləri ilə çalışmalıdırlar.
Əminəm ki, Azərbaycan jurnalistikası əldə olunmuş uğurların inkişaf
etdirilməsi, cəmiyyətimizin davamlı tərəqqisi və xalqımızın xoşbəxt
gələcəyi üçün bundan sonra da öz səylərini əsirgəməyəcək.”

Azərbaycan Respublikası Audiovizual Şurasının sədri İsmət
Səttarov, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin
İcraçı direktoru Əhməd İsmayılov, Qarabağ Dirçəliş Fondunun İdarə
Heyətinin sədri Rəhman Hacıyev, Şuşa Şəhəri Dövlət Qoruğu
İdarəsinin İdarə Heyətinin sədri Məftun Abbasov, ADA
Universitetinin Kommunikasiya və Rəqəmsal Media Proqramının
direktoru Şəfəq Mehrəliyeva çıxış edərək müasir mətbuatın
qarşısında dayanan vəzifələrdən və çağırışlardan bəhs etdilər.

Beynəlxalq media forumu işini “Yeni media jurnalistikasına
keçid: Konvergensiya və yeni imkanlar”, “Media etikası: Rəqəmsal
mühitdə jurnalistlərin peşə davranışı” , “Azərbaycan mətbuatında
Şuşa izi” və “Azərbaycan mediasının beynəlxalq əməkdaşlıq
perspektivləri” mövzusunda panel iclaslarda davam etdirdi. Hər bir
mövzu qarşıya qoyulan vəzifələrin təqdimatı, eyni zamanda səylərin
birləşdirilməsinə, təcrübə mübadiləsinə bir çağırışdır.

Dünyanın 20-yə yaxın ölkəsinin media nümayəndəsinin,
ekspertlərinin qatıldığı tədbirin əhəmiyyətini geniş şərh etməyə
ehtiyac duymuruq. Belə ki, Forumun keçirilməsi üçün seçilən məkan,
eyni zamanda, müzakirə üçün mövzu özlüyündə bütün məqamlara işıq
salır. Forumda bu inam ifadə edildi ki, bu gün Şuşada təşkil olunan
tədbir gələcəkdə belə beynəlxalq tədbirlərin keçirilməsi üçün
möhkəm zəmin yaradacaq. İnformasiyanın yaradılması, ötürülməsi,
cəmiyyətə çatdırılması üzrə texnologiyaların sürətlə dəyişdiyi bir
dövrdə yaşayırıq. Bu səbəbdən media sahəsi üzrə peşəkarlar arasında
daimi qarşılıqlı təcrübə mübadiləsi aparılması zəruridir.

Beynəlxalq Media Forumunun iştirakçılarının Şuşanın görməli
yerləri ilə tanış olmalarının özü Azərbaycanın tarixi Zəfərimizin
reallıqları fonunda apardığı təbliğat kampaniyasının əsas tərkib
hissəsi idi. Belə ki, qonaqlar əvvəlcə Azərbaycanın tanınmış
şəxsiyyətləri Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş
heykəllərinin qoyulduğu Şuşa şəhər mərkəzi meydanında oldular. Bu
fakt xarici qonaqların diqqətinə çatdırıldı ki, işğal zamanı
ermənilər heykəlləri Ermənistana apararaq əritmək istəyiblər. Lakin
ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə bu heykəllər Ermənistandan
alınaraq Azərbaycana gətirilib və Bakıda İncəsənət Muzeyinin
həyətində saxlanılıb. Şuşa işğaldan azad olunduqdan sonra həmin
heykəllər əvvəlki yerlərinə qaytarılıb.

Şuşa qala divarlarını ziyarət edən xarici qonaqlar Şuşa
şəhərinin tarixi, qala divarlarının tikilməsi barədə məlumat əldə
etdilər. Şuşada, Cıdır düzündə olmağın özü tarixi Zəfərimizin
reallıqlarının təbliğinə böyük töhfədir. İllərdir Şuşanı
erməniləşdirməyə çalışan Ermənistan isə anlamalıdır ki, yalanın
ədalət üzərində qələbəsi mümkünsüzdür.

Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Şuşanın
bu il şahidlik etdiyi Dünya Azərbaycanlılarının Zəfər Qurultayının
sonunda səsləndirdiyi bu fikirləri yada salmaq istərdik: “…Ancaq bu
gün vəziyyət tam başqadır. Bu gün alnımız açıqdır, bu gün üzümüz
gülür, bu gün başımız dikdir. Və həmişə belə olacaq, mən tam əminəm
ki, bundan sonra Azərbaycan xalqı müzəffər xalq kimi əbədi
yaşayacaq. Biz öz torpağımızdayıq, bu torpaqda möhkəm dayanmışıq və
heç kim heç vaxt bu torpaqlardan bizi tərpədə bilməz. Yaşasın Şuşa!
Yaşasın Qarabağ! Hamımız birlikdə: Qarabağ Azərbaycandır!”

Şuşa Beynəlxalq Media Forumu tariximizə daha bir parlaq səhifəni
yazdı. Artıq geriyə-Bakıya dönüş zamanı idi. Yenə də Zəfər yolunun
bələdçiliyi ilə Füzuli Beynəlxalq Hava Limanına qayıtdıq. Dövlət
başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Şuşaya səfəri
zamanı daim səsləndirdiyi “Biz artıq Şuşadan ayrılırıq, ancaq yenə
də ayrılmaq istəmirik. Şuşa insanı özünə o qədər cəlb edir ki,
buraya gələnlər qayıtmaq, getmək istəmirlər. Ancaq indi biz Bakıya
qayıtmalıyıq… Şuşaya hələlik deyirik.” fikirləri azad Şuşamıza
səfər edən hər bir Forum iştirakçısının ürəyindən keçən, dilindən
səslənən fikirlər oldu. Hələ Şuşamız bundan sonra daha çox
beynəlxalq tədbirlərə ev sahibliyi edəcək, Azərbaycanın milli
kimliyinin təqdimatına öz töhfələrini verəcək. Əziz Şuşa, sən
azadsan! Əziz Şuşa, biz səninləyik!

Vüqar Rəhimzadə,

“İki sahil” qəzetinin Baş redaktoru, Əməkdar jurnalist

Leave A Reply

Your email address will not be published.