S.C.Pişəvəri adına Gimnaziyada “Nizami ili”ni belə qeyd ediblər-FOTO

 S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasının Fəaliyyət planına uyğun olaraq “ Nizami ili ” nə həsr edilmiş Dəyirmi masa təşkil edilib.

Dəyirmi masanın qonaqları Şərqşünas alim, AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Bədii tərcümə və komparativistika şöbəsinin rəhbəri, filologiya elmləri doktoru Şəfəq Əlibəyli, AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblı idi. Görüşdə gimnaziyanın rəhbərliyi, Azərbaycan dili və ədəbiyyat kafedrasının müəllimləri, kitabxana müdiri və şagirdlər iştirak edirdi. Şərqşünas alim Şəfəq Əlibəyli “Nizami “Xəmsə”sində akustik obrazlar (linqvopoetik təhlil)” adlı kitabının təqdimatını etdi. Kitabda Nizami əsərlərində akustik obrazlar, yəni poetik mətndə insan və təbiətlə əlaqədar səs və ahəng ifadə edən səs məfhumlu sözlər, onların yaratdığı obrazlar leksik-semantik və üslubi cəhətdən araşdırılıb. Tədqiqat şairin məhz orijinalda mövcud olan, tərcümədə öz əksini tapa bilməyən fərdi üslubunun bir sıra özəl məqamlarını üzə çıxarır.

Digər çıxış edən natiqlər, İlqar Talıbov, Sübhan Talıblı, Kifayət Əliyeva, gimnaziyanın şagirdləri Ağayar Eminli, Nihat Ağasoy , Sunay Kiçibəyli, Zeynalabdin Novruzov dahi şairin ömür yolu və yaradıcılığından bəhs edən videoçarx, çıxış və təqdimatları nümayiş etdirdilər. Sonda müəllif xoş arzularından ibarət dərkənar yazılı kitabının nüsxəsini gimnaziyanın kitabxanasına hədiyyə etdi.

azbelediyye.az