Araşdırmaçı Jurnalist Agentliyi

Yuxarı Şirvan kanalındakı sürüşmə dəmir və avtomobil yollarına təhlükə yaradıb

49

Yuxarı Şirvan kanalının keçdiyi Göyçay və Ağdaş ərazisində baş vermiş sürüşmələr yaxınlıqdan keçən dəmir və avtomobil yollarına təhlükə yaradıb.

Bu barədə “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-dən bildirilib.

Məlumata görə, 64 il öncə istifadəyə verilmiş və başlanğıcını Mingəçevir Su Anbarından götürən kanala su baş qurğu vasitəsi ilə ötürülür, maksimum su aparma qabiliyyəti 78 kubmetr/saniyədir. Bu ilin əvvəlindən bu günə kimi kanal vasitəsilə anbardan 1 148 milyon kubmetr su götürülərək, 1 044 milyon kubmetri istehlakçılara çatdırılıb. Kanal üzərində 129 ədəd sadə və mürəkkəb quruluşlu hidrotexniki qurğular mövcuddur. Onlardan 36-ı suburaxıcı qapılardır. Kanal öz xətti boyunca 8 çayla kəsişir. Onların 6-sı dükerlərlə, 2-i isə akveduklar vasitəsilə həyata keçirilir. Bunlar Əlicançay, Türyançay, Göyçay çayı, Dəvəbatan çayı, Girdiman çayı, Nəzirçay və Ağsu çaylarıdır. Kanala bu il daha çox su ötürüldüyündən müxtəlif ərazilərdə sürüşmələr baş verib. Artıq bunun qarşısını almaq məqsədilə Yuxarı Şirvan Kanalı İstismarı İdarəsi təxirəsalınmaz işlərə başlayıb.

Suvarma məqsədi ilə inşa edilən kanalın 95 km-dən artığı torpaq məcralı, 27 km-i isə beton üzlüklüdür. Bu günə kimi Yevlax ərazisində 3,2 km, Göyçay – İsmayıllı ərazisindən keçən hissədə 15 km, Ağsu – Kürdəmir ərazisindən keçən hissədə 15 km ərazi lildən təmizlənib. Türyançay və Göyçay çaylarının məcralarında vaxtaşırı sel sularını keçirmək üçün 3870 poqonometr uzunluğunda 90 min kubmetr məcra tənzimləmə işləri görülüb.

Yuxarı Şirvan Kanalının uzunluğu 122,2 km-dir. Kanal Şirvan düzünün 10 rayonunda 140 min hektar əkin sahəsinə xidmət edir. Bu rayonlar Yevlax, Ağdaş, Göyçay, Ucar, Zərdab, Kürdəmir, Ağsu, Şamaxı, İsmayıllı və Hacıqabuldur.

Leave A Reply

Your email address will not be published.