Ağdam teatrının gənc aktyoru 1-ci dərəcəli mükafata layiq görülüb-FOTO

Azərbaycan Respublikası Prezidentinin “Nəbi Xəzrinin 100 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamı və Mədəniyyət Nazirliyinin müvafiq Tədbirlər planı əsasında Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) təşkilatçılığı, Azərbaycan Teatr Xadimləri İttifaqının (ATXİ) təşkilati dəstəyi, “Qanun” nəşriyyatı və “MİMTA” yayınlarının tərəfdaşlığı ilə gerçəkləşən müsabiqənin  “Poeziya Xəzrisi” Respublika bədii qiraət müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində baş tutan tədbirdə Mədəniyyət Nazirliyi Kitab sənayesi şöbəsinin müdiri Vasif Qurbanzadə, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru sənətşünaslıq üzrə elmlər doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova, ATXİ-nin sədri Xalq artisti Hacı İsmayılov və MEMİM-in direktor vəzifəsini icra edən sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Vüqar Hümbətov çıxış edib .

Müsabiqənin münsiflər heyətinin üzvləri – ATXİ-nin sədr müavini Əməkdar artist, professor Azad Şükürov, Azərbaycan Yazıçılar Birliyinin katibi şair, dramaturq, Əməkdar mədəniyyət işçisi İlqar Fəhmi də müsabiqənin əhəmiyyətini vurğulayıblar. Qeyd olunub ki, 50-yə yaxın namizəd arasından seçilən 14 iştirakçı finala vəsiqə qazanıb.

Ağdam Dövlət Dram Teatrının gənc aktyoru , ” Ümid ” mükafatçısı Anar Əhməd isə 1-ci dərəcəli mükafata layiq görülüb. Anar Əhməd nitqində söyləyir ki, ” Nəbi Xəzrinin yadigarı , oğlu Arzu Babayevdən diplomu təhvil almaq başqa cür qürur hissidir. Mən , qocaman Azərbaycan mədəniyyətinin aliliyini dərk edərək , ona xidmət etdiyim üçün fəxr edirəm. Biz gənclərin haqqı yoxdur ki, mədəniyyətimizə biganə yanaşaq. Tarixi vərəqləyəndə , mədəniyyətimizi yaşadan dahi şəxsiyyətlərimizin misilsiz əziyyətlərini görə bilərik. Ona görə də bu gün bizlər mədəniyyətimizi qorumalı , mükəmməl səviyyədə təqdim etməliyik! ” Sonra qaliblərə pul mükafatı, diplom, digər iştirakçılara isə sertifikat və xatirə hədiyyələri təqdim edilib.

/kanal32.az/