“Arçut kəndi II Dünya savaşında” kitabı işıq üzü görüb-FOTO

Qərbi Azərbaycanın Böyük Qarakilsə (Quqark) rayonunun Arçut kəndində dünyaya gəlmiş Şakir Məmmədovun bu günlərdə “Arçut kəndi II Dünya savaşında” adlı kitabı işıq üzü görüb. Kitabda Arçut kəndindən olan II Dünya müharibəsi iştirakçıları haqqında geniş məlumatlar öz əksini tapıb.

Qələbənin 80 illiyi ərəfəsində işıq üzü görmüş bu kitabın əhəmiyyəti olduqca böyükdür. Belə ki, kitabda həm Arçutun II Dünya Müharibəsində iştirak edən sakinləri barədə, həm də Böyük Qarakilsənin tarixi, rayon ərazisində yerləşən 26 kənd, o cümlədən tarixi yurd yerlərimizin adlarının ermənilər tərəfindən dəyişdirilərək erməniləşdirildiyi barədə məlumat verilib.

Kitab sanki bir məlumat bazasıdır. Kitabı oxuduqca rayonun tarixi, mənzərəli və tarixi yerləri ilə fotolar vasitəsi ilə tanış oluruq. Böyük Qarakilsə və kəndləri ilə bağlı məlumatı olmayanlar bu kitabı oxumaqla dəyərli faktlar əldə edə bilər.

Öyrənir ki, Böyük Qarakilsə tarixən türk yurdu olub, bu ərazilərdə türklər yaşayıblar. Burada Arçut kəndi və kənddə yaşayan tayfaların hər biri haqqında ayrı-ayrılıqda məlumatlar var.

Kitabdan məlum olur ki, Arçut kəndinin tarixi çox qədimlərə gedib çıxır: “Bu kənddə VII, XII, XIV yüzilliklərə aid olan kənd xarabalıqları və oğuz qəbiristanlıqları olub. Son illər aparılmış qazıntılar zamanı qəbiristan xarabalıqlarından daş kitabələrin tapılması sübut edir ki, bu kənddə Azərbaycan türk tayfaları yaşamışlar. Məsələn, kəndin köhnə qəbiristanlığında qəbir daşları üzərində “Məhəmməd-831” (əsgi oğuz əlifbası ilə) yazılmış sözlərini əyani misal çəkmək olar. Kənd məscidinin 1041-ci ildə tikilmə tarixi bəllidir. Qazıntılar zamanı tapılmış bir çox qədim əşyalar və onların üzərində həkk olunmuş sözlər bir daha sübut edir ki, bu kənddə ancaq türklər yaşayıb”.

İkinci Dünya Müharibəsində Arçutdan 169 nəfər müharibədə iştirak edib. Onların 97 nəfəri həlak olub, itkin düşüb, 72 nəfər isə sağ-salamat evlərinə dönüblər. Müharibəyə gedənlərin 19 nəfəri alman düşərgələrində əsirlikdə olub, min bir əzab-əziyyət, məşəqqətli günlər yaşayıb, müharibədən sonra doğma ocaqlarına qayıdıb.

Müharibədə iştirak edənlərin hər biri barədə ayrı-ayrılıqda informasiyalar öz əksini tapıb, fotoları verilibdir.

Kitabın özəlliyi həm də ondan ibarətdir ki,  arxa cəbhədə iştirak edənlər barədə də məlumatlar var.

Şakir Məmmədov zəhmətə qatlaşan ziyalılardandır. Kitabın ərsəyə gəlməsi üçün xeyli əmək sərf edib.

O, Qərbi Azərbaycan mövzusuna həmişə həssaslıqla yanaşıb. Arzularından biri də yurd yerlərimizə əsl sahibi kimi dönməyimizdir.

Qərbi Azərbaycan İctimai Birliyinin İdarə Heyətinin üzvÜ, Qərbi Azərbaycanla bağlı keçirilən tədbirlərin aktiv iştirakçılarındandır. İctimai Birliyinin loqosunun hazırlanması onun zəhmətinin məhsuludur.

Şakir müəllimin kitabının işıq üzü görməsi onun  65 illik yubileyinə təsadüf edib. Bu kitab Şakir müəllimin sayca 3-cü kitabıdır. Şakir müəllim gözəl memardır, yaxşı mütəxəssisdir. Onun iki kitabı – “Müasir dünya memarlığı”, “Memarlıq elementləri və ölçü normaları” kitabları da elə memarlığa həsr olunub.

İyunun 3-ü Şakir Məmmədovun dünyaya göz açdığı gündür. Onu Qərbi Azərbaycan İctimai Birliyi adından həm yubiley yaşı, həm də kitabının işıq üzü görməsi münasibəti ilə səmimi qəlbdən təbrik edir, ona həyatda sağlıqlı ömür arzulayırıq.

Növbəti yubileylərini doğma yurd yerlərində keçirmək nəsibimiz olsun və cəmiyyətə fayda verəcək bu cür elmi araşırmaların davamını görək.

Qabil

Comments (0)
Add Comment