BMT-yə üzv olan 47 ölkə Çindəki uyğur türklərinin durumundan narahatdır

Onlarla ölkə Çinin Sincan-Uyğur Muxtar Bölgəsindəki vəziyyətlə bağlı bəyanat yayıb.

BMT-yə üzv olan 47 dövlət Çinin Sincan-Uyğur Muxtar Bölgəsində uyğur türklərinin və digər milli azlıqların hüquqlarının pozulması ilə bağlı iddialardan narahatlığını bildirib.

Hollandiyanın BMT-dəki daimi nümayəndəsi Paul Beckers BMT-nin İnsan Haqları Şurasının 50-ci sessiyasında birgə bəyanatında bildirib ki, BMT-nin İnsan Haqları üzrə Ali Komissarı Mişel Baçelet, Çinin Sincan-Uyğur Muxtar Bölgəsində insan haqlarının vəziyyəti ilə bağlı gecikmiş hesabatı dərhal açıqlamalıdır. .

Sənəddə BMT-yə üzv dövlətlərin uyğur türklərinin hüquqları ilə bağlı vəziyyətdən ciddi narahat olduqları vurğulanır.

“Geniş araşdırmalara əsaslanan çoxsaylı hesabatlar göstərir ki, bir milyondan çox insan özbaşına həbs edilib. Bundan əlavə, uyğurların və digər milli azlıqların elektron nəzarətə və ayrı-seçkiliyə məruz qaldığı barədə məlumatlar var. Həmçinin, hüquq və azadlıqların həddindən artıq məhdudlaşdırılması, o cümlədən uyğurların öz mədəniyyətlərinə hörmət etmələrinə və dinlərinə etiqad etmələrinə icazə verilmədiyi barədə məlumatlar var”, – deyə birgə bəyanatda bildirilir.

47 ölkə işgəncə və digər qeyri-insani, qəddar və ləyaqəti alçaldan hərəkətlər, qadınların məcburi sterilizasiyası, cinsi və gender əsaslı zorakılıq, məcburi əmək və uşaqların valideynlərdən ayrılması ilə bağlı hesabatlardan narahatlığını ifadə edir.

Ölkələr Pekini məsələyə təcili aydınlıq gətirməyə çağırıb.

“Biz Çini qanunun aliliyinə riayət etməyə, milli və beynəlxalq hüquq normalarına uyğun olaraq insan hüquqlarının müdafiəsi üzrə öhdəliklərini yerinə yetirməyə və BMT-nin Mülki və Siyasi Hüquqlar üzrə Beynəlxalq Paktını imzalamağa çağırırıq”, – bəyanatda deyilir.

BMT-yə üzv dövlətlər Çini BMT İnsan Hüquqları Şurasının Xüsusi Prosedurlar mexanizmi də daxil olmaqla, bütün müstəqil müşahidəçilərin Sincan-Uyğur Muxtar Bölgəsinə tam və maneəsiz çıxışını təmin etməyə çağırıb. Çinə həmçinin İrqi Ayrı-seçkiliyin Aradan Qaldırılması Komitəsinin 2018-ci ilin avqustunda verdiyi tövsiyələrə əməl etməyə çağırılıb.

Dövlətlər Çinin Sincan-Uyğur Muxtar Bölgəsində insan haqlarının vəziyyəti ilə əlaqədar digər ölkələrdə “sığınacaq axtaranlardan imtina etməməyə” çağırıblar.

BMT-yə üzv dövlətlər həmçinin, Baçeletdən Çinə səfəri və Sincan-Uyğur Muxtar Bölgəsindəki əlaqələri barədə ətraflı məlumat verməsini, həmçinin səfəri zamanı məhdudiyyətlərlə bağlı müşahidələrini bölüşməsini xahiş edirlər.

azbelediyye.az

Comments (0)
Add Comment