Çağdaş dövlətçilik tariximizi yaradan LİDER

Güclü və dünya siyasəti ilə ayaqlaşan Azərbaycan dövlətinin banisi təbii ki, Türk dünyasının böyük tarixi şəxsiyyəti, görkəmli siyasi xadim, Ümummilli lider Heydər Əliyevdir. Onun xilas etdiyi ölkəmizin möhkəm, sarsılmaz dayaqlar üzərində formalaşması və inkişafı dövlət siyasətinin əsas istiqaməti olub və bu gün də bu proses Prezident, doğma Partiyamızın sədri cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bunun nəticəsidir ki,tarixinin ən qüdrətli dövrünü yaşayan Azərbaycanın dövlət quruculuğu təcrübəsi artıq bir çox dünya ölkələri üçün örnəklərdən biri kimi qəbul edilir.
Strateji hədəflərin müəyyənləşdirilməsində Azərbaycan modeli
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin siyasət sahəsindəki ustalığını təsdiq edən bariz nümunələrdən bir də təbii ki,müasir dövlət modelinin yeni konsepsiyasını yaratması oldu. Bu dövlət modelində balanslaşıdırılmış siyasət, qonşularının suveren hüquqlarına sayğı, beynəlxalq hüququn norma və prinsiplərinə sadiqlik əsas istiqamətlərdən biri kimi aparıcı xəttə çevrildi. Bunun nəticəsidir ki, Prezident İlham Əliyevin müəyyən etdiyi müstəqil xarici siyasət kursu dünyada bir-birinə qarşı duran böyük güclər tərəfindən də müsbət qiymətləndirilir. Azərbaycanın müxtəlif güc mərkəzləri ilə münasibətdə bərabər məsafədə mövqe seçməsi, ikitərəfli əlaqələrdə qarşılıqlı hörmət və etimad, bir-birinin daxili işlərinə qarışmamaq prinsiplərinə sadiq qalması vacib amillərdən biridir. Bir sözlə, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan diplomatiyası həm münaqişə dönəminin, həm də postmüharibə dövrünün həllini gözləyən taleyüklü məsələlərin tənzimlənməsi istiqamətində milli maraqları ləyaqətlə müdafiə etmişdir. Beləliklə, savaşı qazanan Müzəffər Ali Baş Komandanın sülhü qazanacağı da sırf zaman məsələsidir. Necə deyərlər, bu, aksiomdur və isbata ehtiyacı yoxdur. Çünki zaman bizim zamanımızdır. İlham Əliyev isə zamanı anında dəyərləndirən mahir siyasət ustasıdır.
Azərbaycanın strateji inkişaf hədəflərinə istiqamətlənmiş fəaliyyətləri də çoxşaxəlidir və dayanıqlı inkişafın təminatına xidmət edir. Əgər belə olmasaydı, qloballaşan dünyadakı yeni iqtisadi şərait fonunda Azərbaycan müstəqil və rəqabətədavamlı mövqe sərgiləyə bilməzdi. Məhz İlham Əliyevin zamanı düzgün dəyərləndirməsi və yüksək diplomatik bacarıqları sayəsində Azərbaycan qlobal çağırışlara adekvat cavab verməyi bacarıb. Onun yaratdığı dövlət idarəetmə modeli özündə kompleks məsələləri ehtiva etməklə yanaşı, uzunmüddətli və dayanıqlı inkişafın fundamental əsaslarını da özündə əks etdirir. Ümumiyyətlə, İlham Əliyevin dərin təhillərə söykənən uzaqgörən addımları iqtisadiyyatın diversifikasiyasına nail olmaqla, yeni inkişaf perspektivlərinin meydana çıxmasını da labüd edib. İlham Əliyev özünün 20 illik prezidentliyi dövründə yeni geosiyasi reallıqlar yaratmağı bacaran nadir dövlət başçılarından biri kimi adını təkcə Azərbaycan tarixinə deyil, dünyanın siyasət tarixinə yazdırıb.
Zəfər yolçuluğu və tarixi uğurların memarı
İlham Əliyevin qazandığı saysız-hesabsız uğurlar ideoloji, siyasi, diplomatik, iqtisadi, hərbi, sosial, mədəni, idman sahələri də daxil olmaqla cəmiyyətimizin bütün sahələrində özünü parlaq şəkildə göstərməkdədir. Təbii ki, bu uğurların zirvəsində dayanan isə cənab Prezidentin rəhbərliyi altında qazandığımız böyük Zəfər və onun nəticəsi olaraq ərazi bütövlüyümüzün və suverenliyimizin təmin edilməsidir.
Tam əminliklə demək olar ki, Azərbaycanın bütün sahələrdə qazandığı bu misilsiz uğurlar təməli Heydər Əliyev tərəfindən qoyulan və Partiyamızın Sədri, dövlətimizin başçısı cənab İlham Əliyev tərəfindən davam etdirilərək, mükəmməl şəkildə icra edilən siyasətinin təntənəsidir. Son 30 ildə qazanılan bütün tarixi uğurların əsasında ölkədə yaradılmış sağlam ictimai-siyasi mühit, milli kimliyimizə sahib çıxmaq istiqamətində aparılan ideolji təbliğat, dövlət başçısına inam və xalq-iqtidar birliyi dayanır.
Jalə Həsənova,
YAP Yevlax rayon təşkilatının fəalı, M.Ə.Sabir adına Yevlax şəhər 2 №-li tam orta məktəbin ibtidai sinif müəllimi
/ikisahil/
Çağdaş dövlətçilik tariximizi yaradan LİDER
Comments (0)
Add Comment