Prezident İlham Əliyev 10 yanvar 2024-cü il tarixdə yerli telekanallara verdiyi 3 saatlıq müsahibədə Azərbaycan cəmiyyətində dünənə qədər cavabı gözlənilən bir çox suala aydınlıq gətirdi. Əslində isə cənab Prezident adını müxalifət qoyan, özlərini “demokratik düşərgə”nin təmsilçisi hesab edən və milli natamamlıq kompleksi yaşayan bir çox siyasi “lider”lərə(liderciklərə desək, daha dəqiq olar), həmçinin “klaviatura qəhrəman”ları olan bəzi həmvətənlərimizə, xaricdə oturub özlərini millət, xalq “təəssübkeş”i kimi sırımağa çalışanlara tutarlı cavab verdi. Hansı ki, sözügedən kəsimin təmsilçiləri utanmadan deyirdlər ki, “Qarabağla bağlı bütün addımlar birmənalı olaraq Rusiyanın razılığı ilə edilib”, “Əgər Rusiya razı olmasaydı Qarabağı ala bilməzdik” və sair bu kimi dayaz düşüncənin məhsulu olan fikirlər səsləndirirdilər. Ancaq peşəkar siyasi strateq və qətiyyətli qərarların müəllifi cənab İlham Əliyev çox dəqiq və əhatəli şəkildə açıqlama verməklə əsl reallığın nələrdən ibarət olduğunu ortaya qoydu.
Məsələn, Ali Baş Komandan 2020-ci il 10 noyabr bəyannaməsindən sonra Laçın yolunda yaranmış vəziyyətə diqqət çəkdi və həmin vaxt bu yolla ermənilərə silah-sursat daşınmasını xüsusi vurğuladı. Eyni zamanda Rusiyanın Azərbaycanın haqlı tələblərinə məhəl qoymaq istəmədiyini də aydın şəkildə ifadə etdi:
Sitat:”Müəyyən müddətdən sonra, xüsusilə görəndə ki, bu yol vasitəsilə Ermənistan Qarabağa silah-sursat, minalar göndərir, hərbi birləşmələrin rotasiyası həyata keçirilir, biz məsələ qaldırmağa başlamışdıq ki, artıq biz bu yola nəzarət etməliyik. Əfsuslar olsun ki, o vaxt Rusiya tərəfi buna müsbət yanaşmadı. Ancaq biz yenə də öz səylərimizi davam etdirirdik, mən dəqiq deyə bilərəm ki, uzun müddət ərzində – beş dəfə Rusiya tərəfinə ən yüksək səviyyədə müraciət edilmişdir ki, gəlin, bu yola birlikdə nəzarət edək. Çünki belə çıxır ki, siz buna tam nəzarət edə bilmirsiniz, hətta yəqin yadınızdadır, orada aşkarlanmış minaların da istehsal müddəti çox böyük suallar yaratdı. 2021-ci ildə Ermənistanda istehsal edilmiş minalar oraya necə gətirildi? Yəni, təbii ki, bu minalar həmin o Laçın-Xankəndi yolu vasitəsilə gətirilmişdi. Ona görə biz məsələ qaldırdıq ki, gəlin, birgə postda biz də dayanaq və nəzarəti gücləndirək, eyni zamanda, Rusiya sülhməramlı qüvvələrinə də olan tənqidi yanaşma da səngiyər. Çünki biz məsuliyyəti sizinlə bir növ bölüşdürmüş olacağıq. Ancaq əfsuslar olsun ki, buna razılıq verilmədi. Nəhayət, aprelin 23-də bizim başqa çarəmiz qalmamışdı, biz daha gözləmək fikrində deyildik. Biz bir neçə saat ərzində həmin o Həkəri çayının üzərindəki körpüdə yerləşdik. Təbii ki, buna hazırlıq aparılmışdır və bəzi səylərə baxmayaraq, oradan artıq heç yerə getmədik. Beləliklə, Qarabağa qanunsuz silahların, sursatların, minaların və canlı qüvvənin daşınması və göndərilməsi artıq mümkünsüz olmuşdu”.
Deməli, ölkə başçısının səsləndirdiyi fikirlərdən tam şəkildə aydın olur ki, Azərbaycan aprelin 23-də Rusiyanın razılığı olmadan, hətta onun etirazlarına baxmayaraq, Laçın yolunda, Həkəri çayı üzərindəki körpüdə nəzarəti öz əlinə keçirib.
Müsahibə zamanı Prezident İlham Əliyev bu qəbildən olan önəmli məqamları açıqlamaqla boğazdanyuxarı xalq təəssübkeşlərinə, mövsümü siyasətçilərə siyasət dərsi verdi. Çoxvektorlu siyasi strategiyanın necə idarə olunmasını başa saldı, onların əsasız və çaşdırıcı iddialarının üstündən xətt çəkərək siyasi spekulyasiyalara nöqtə qoydu. Bir sözlə, Qarabağ Zəfərini canlarına, düşüncələrinə sindirə bilməyənlər yenə də sinfdə qaldılar. Prezident, doğma Partiyamızın Sədri cənab İlham Əliyev isə güclü və konseptual siyasi iradəsi, cəsarəti, məqamında qərar qəbul etmə qabiliyyəti və dərin zəkası hesabına suverenliyimizin təmin olunması naminə siyasi peşəkarlığını bir daha ortaya qoydu. Cənab İlham Əliyevin bu müsahibəsinin bütün suallar üzrə verdiyi cavabların təhlili onu göstərir ki, həm hay-həşir siyasətbazlar, həm batmaqda olan müxalifət gəmsinin bacarıqsız “kapitanları”, həm siyasi divident dilənçiləri həm də siyasi nəzəriyyəçilər yenidən düşünməyin zəruri olduğunu anlayacaqlar.
Jalə Həsənova,
YAP fəalı, M.Ə.Sabir adına Yevlax şəhər 2 №-li tam orta məktəbin ibtidai sinif müəllimi