Kəlbəcər Şəhəri Günü strateji və ideoloji aspektdə-TƏHLİL

Qazandığımız tarixi Zəfər,ərazi bütövlüyümüzn bərpası və suverenliyimizn təmin olunması fonunda Azərbaycanın dövlətçilik fəlsəfəsi post-müharibə dövrünün milli-siyasi və ideoloji konsepsiyası baxımından mühüm bir mərhələyə qədəm qoyub.Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə işğaldan azad olunan rayonların “Şəhər Günü”nün rəsmən qeyd olunması məhz ideoloji sahədəki fəaliyyətlərin tərkib hissəsidir. Şəhər günlərinin qeyd edilməsi təkcə bir şəhərin tarixini anmaq deyil, bütövlükdə İkinci Qarabağ müharibəsindən sonra formalaşan yeni reallıqların ideoloji əsasının möhkəmləndirilməsidir.Bu kontekstdə Kəlbəcər Şəhəri Gününə strateji, ideoloji, geosiyasi və sosial-psixoloji aspektlərdə yanaşmaqda fayda var.

 Strateji aspekt

Azərbaycanın Qərb istiqamətində ən mühüm strateji dayaq məntəqəsi hesab olunan Kəlbəcər coğrafi mövqeyinə görə Qarabağ və Şərqi Zəngəzur bölgələrini birləşdirən ən vacib strateji rayondur. Bu baxımdan Şəhər Gününün təsis edilməsi Böyük Qayıdışıın və orada aparılan yenidənqurma və hərbi-strateji möhkəmlənmənin rəmzi kimi qiymətləndirilməlidir. Eyni zamanda Kəlbəcər Azərbaycanın ən böyük su ehtiyatlarına malik regionlarından biridir (Tərtər çayı,Tuqun çayı, Qaragöl, İstisu və s.). Bu amil su resusrslarının və hidroenerji potensialının milli inkişaf strategiyasındakı rolunu əhəmiyyətli dərəcədə önə çıxır. İnfrastrukturun dirçəldilməsi üçün milli iradənin nümayişi rayonun sürətli bərpasını stimullaşdıracaq və ideoloji xəttin inkişafı üçün motivasiya yaradacaq.

İdeoloji aspekt

Kəlbəcər Şəhəri Gününün qeyd olunması tarixi ədalətin və beynəlxalq hüququn bərpasının simvolu kimi təbliğ olunmasında fayda var.Kəlbəcərin işğaldan azad edilməsi, ağır döyüşlər olmadan diplomatik güc və siyasi iradə ilə gerçəkləşməsi milli ideologiyada dövlət ağlının və siyasi uzaqgörənliyin qələbəsi kimi dəyərləndirlməlidir. Bu kontekstdə milli yaddaşın bərpası və “Böyük Qayıdış” konsepsiyasının sistemli icrası məcburi köçkünlərin yaddaşının dirçəldilməsində mühüm rol oynacaq. Kəlbəcərin Azərbaycan-türk kimliyinin ayrılmaz hissəsi kimi göstərilməsi,tarix, mədəniyyət, inancalara söykənən irs nümunələrinin bərpası ideoloji nəticələrə gətirib çıxaracaq. Azərbaycan dövlətçiliyinin postmüharibə narrativində vahid dövlət,vahid millət,vahid ərazi prinsipləri ön planda olmaqla, Azərbaycan modelinin gücləndirilməsini təmin edəcək.

Geosiyasi və təhlükəsizlik aspekti

Kəlbəcərin Ermənistanla ən uzun dağ sərhədlərindən birinə malik olmasını nəzərə alsaq, Şəhər Günündə verilən mesajlar mövcud sərhəddə yeni təhlükəsizlik arxitekturasının qurulmasını özündə etiva edir. Mövqelərin möhkəmləndirilməsi,yeni hərbi hissələrin formalaşdırılması,sərhəd xəttinin tam nəzarətdə saxlanılması strateji hədəflərin ideoloji əsasını da gücləndirir.Kəlbəcərin kompleks şəkildə bərpası regionda Azərbaycanın siyasi təsirinin artdığını, regional güc balansında Azərbaycanın üstün mövqeyi göstərən amil kimi diqqətdən qaçmamalıdır. Təhlükəsizlik məsələsinin prioritet təşkil etməsi isə dövlət qayğısının psixoloji təsdiqidir.

  Deməli,Kəlbəcər Şəhəri Gününün qeyd olunması təkcə qələbəbi özündə əks etdirən rəmzi tarixi hadisə deyil. Bu gün həm Azərbaycanın dövlətçilik konsepsiyasında, həm də Qarabağ savaşı sonrası milli ideologiyada xüsusi yerə malikdir.Məhz bu kontekstdə  Azərbaycanın postmüharibə identitetinin formalaşdırılması, bölgənin strateji təhlükəsizlik təminatı, iqtisadi,logistik, turistik və hərbi potensialın ideoloji əsaslandırılması uzaq hədəflərə yönələn strategiyanın tərkib hissəsidir.

İnqlab Şirinli,

Politoloq,Beynəlxalq Jurnalistlər Federasiyasının üzvü

Comments (0)
Add Comment