“Lider-Line” şirkəti barəsində səsləndirilən iddialara cavab verdi

Podaratçı şirkət Mingəçevir Şəhər İcra Hakimiyyətinin binasında baş vermiş və ölümlə nəticələnən bədbəxt hadisə, o cümlədən bəzi mətbuat səhifələrində və sosial şəbəkələrdə səsləndirilən iddialarla bağlı açıqlama yayıb.

Azbelediyye.az Kanal32.az-a istinadla “Lider-Line” MMC tərəfindən mətbuata ünavanlanmış açıqlamanı olduğu kimi təqdim edir:

İyulun 8-də Mingəçevir Şəhər İcra Hakimiyyətinin binasında aparılması nəzərdə tutulan təmir işində çalışan 1991-ci il təvəllüdlü Şükürov Emil Zakir oğlunun yıxılaraq aldığı xəsarətdən ölməsi hadisəsi ilə bağlı müxtəlif xəbər saytlarında, sosial şəbəkə hesablarında məlumatlar yayıldı. Bəzi saytlarda və sosial şəbəkə hesablarında iddia edildi ki, parfumeriya satan təmir işi aparıb və bu necə olub. Heç bir əsasa söykənməyən və bu qəbildən olan ittihamedici fikirlərin yer alması şirkət olaraq bizdə təəssüf hissi yaratdı. Bütün bunları nəzərə alaraq, öncə bildirək ki, bədbəxt hadisə aktiv təmir işi aparılan zamanı yox,işə hazırlıq ərəfəsində binanın dam hissəsindəki döşəmədə gəzərkən ani diqqətsilikdən baş verib. Döşəmənin batması nəticəsində Şükürov Emil Zakir oğlu oradan düşüb və dünyasını dəyişib.

Qeyd edək ki, bütün işçilərin fəaliyyəti mövcud qanunvericliyinin tələblərinə uyğun şəkildə qurulub və hər bir işçinin texniki təhlükəsizlik qaydaları ilə tanış olması təmin edilib.Mərhum təmir-tikinti sahəsində təcrübəli işçi olub və həmişə texniki təhlükəsizlik qaydalarına əməl edib.

Məlumat üçün onu da bildirək ki, dövlətimizin sahibkarlığın inkişafına göstərdiyi hərtərəfli dəstək sayəsində “Lider-Line” MMC fəaliyyətini bir neçə istiqamətdə qurub. Buraya parfumeriya və geyim məhsullarının satışı, xidmət və istehsal sahələri daxildir.

“Lider-Line” MMC-nin istehsal və istehsalat sahasində kifayət qədər uğurlu fəaliyyətləri var. Belə ki, MMC-yə məxsus olan və ən müsair avadanlıqlarla təchiz olunmuş sexlərdə keyfiyyətli metal konstruksiyalı qapı və darvazalar,PVC qapı-pəncərə, avtomat jaluz qapı və pərdə istehsalı həyata keçirilir. Eyni zamanda şirkətimiz rəsmi olaraq 2018-ci ildən təmir-tikinti və bərpa işlərini yerinə yetirir. Sözügedən sahədki fəaliyyətləri həyata keçirmək üçün şirkətin hər cür maddi texniki imkanları var və bu günə qədər  tenderlər çərçivəsində icra etdiyi bütün işləri yüksək keyfiyyətlə görüb. Nəzərə alsaq ki,bu gün ölkəmizdə elan olunan bütün tenderlər elektron qaydada tam şəffaf şəkildə aparılır və iştirakçı şirkətlərin fəaliyyət tarixçələri diqqətlə izlənilir. Rentabellik baxımından bölgələr üzrə tenderə çıxarılan təmir-tikinti, xidmət və s. işlər adətən elə bölgədə fəaliyyət göstərən şirkətlər tərəfindən qazanılır.

2018-ci ildən bu günə qədər “Lider-Line” MMC tərəfindən Bərdə, Goranboy və Ağdaş rayonlarında, o cümlədən Mingəçevir şəhərində müxtəlif idarə və müəssisələrin əsaslı təmir işləri vaxtında təhvil verilməklə, yüksək keyfiyyətlə aparılıb. Vergi ödəyicisi kimi üzərinə düşən bütün öhdəlikləri qanunvericilik çərçivəsində icra edib.

Görünən odur ki, bəzi media subyektləri öz fəaliyyətlərində jurnalistikanın əsas norma və prinsiplərini pozmaqla, materialların hazırlanmasında birtərəfliliyə yol verməklə, qarşı tərəflərin mövqeyini öyrənməməklə, həmçinin aldadıcı başlıqlardan istifadə etməklə “Media haqqında” qanunun və “Redaksiya siyasəti və peşə etikası” qaydalarının tələblərini pozur. Ona görə də arzu edirik ki, hər bir media subyekti, eyni zamanda müxtəlif platformalar üzərindən yayım aparanlar “Media haqqında” Azərbaycan Respublikasının Qanununa və “Redaksiya siyasəti və peşə etikası” qaydalarına riayət etsin, şirkətin işğüzar nüfuzuna zərbə vurmasın, tərəflərin mövqelərini öyrənsin, informasiyaları dəqiq və balanslı şəkildə təqdim etsin.

 

Hörmətlə,

“Lider-Line” MMC-nin təsisçisi Namizəd Əsgərov

Comments (0)
Add Comment