Məsud Pezeşkian Azərbaycana nə gətirdi,nə apardı?-TƏHLİL

2020-ci ildəki Vətən savaşından sonra məlum səbəblərdən İran–Azərbaycan münasibətlərində soyuqluq,hətta ciddi narazılıqlarla müşayiət olunan vəziyyət hər kəsə bəllidir. Yalnız son iki ildə müəyyən yumşalmalar diqqət çəkib. 2024-cü ilin mayında mərhum prezident İbrahim Rəisinin Azərbaycanla sərhəddə gəlməsi və orada Azərbaycan prezidenti ilə görüşməsi sonrakı mərhələdə əlaqələrin dinamik olmasa da, yüksələn xətlə inkişafı barədə nikbin fikirlər yaratmışdı. Ötən dövr ərzində müxtəlif istiqamətli təmsalar aradakı buzları əritməyə çalışsa da,nəzərəçarpacaq dəyuşikliklərlə yadda qalmadı. Ancaq İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian aprelin 28-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlməsi bir çox məqamlara aydınlıq gətirilməsi baxımından mühüm əhəmiyyət kəsb edirdi. Ona görə də bu səfər təkcə Azərbaycan və İran ictimaiyyəti tərəfindən deyil,Türkiyə,İsrail,ABŞ,Rusiya və Fransa kimi ölkələrin media quruluşları və beyin mərkəzləri tərəfindən də diqqtlə izlənirdi.

Məlum olduğu kimi Azərbaycan dövləti regional güclərlə yanaşı qonşu ölkələrlə də ciddi və etibarlı əməkdaşlıqda maraqlıdır.Təhlillər göstərir ki, qonşu dövlətlərlə əlaqələrin inkişafı regionda ədalətli sülhü və etibarlı  təhlükəsizliyin təmin olunmasında mühüm rol oynaya bilər. Elə bu səbəbdən də Azərbaycan region dövlətlərləri ilə çoxtərəfli əməkdaşlığın təmin olunması məqsədilə ən müxtəlif təşəbbüslərlə çıxış edir, sözünün imzası qədər etibarlı olduğunu atdığı addımlara ortaya qoyur. Bütün bunlar İran-Azərbaycan əlaqələri fonunda qonşu ölkələrə qarşılıqlı münasibətlərinin gələcək perspektivli baxımından böyük önəm daşıyır.

İran Prezidenti Məsud Pezeşkianın 120 nəfərlik nümayəndə heyəti ilə Azərbaycana son səfəri bir çox suallara cavab, tərəddüdlərə son və gələcəyə dair ciddi ismarışları özünə etiva edirdi. Ən önəmlisi isə odur ki, bu səfər iki ölkə arasında münasibətlərin daha yüksək – strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi üçün real zəminin formalaşdığını göstərdi. Nümayəndə heyətinə özəl sektorun yüksək rütbəli təmsilçilərinin, İran və Azərbaycan parlamentləri arasında dostluq qrupunun üzvlərinin, həmçinin İranın əsasən etnik azərbaycanlıların yaşadığı 4 vilayətin qubernatorlarının daxil olması bu səfərin mühüm tarixi əhəmiyyətini detalları ilə ortaya qoydu. Səfərdə iqtisadi əməkdaşlığın inkişafı, nəqliyyat layihələri, xüsusilə də Şimal-Cənub və Orta dəhlizlərin İran ərazisindən keçən hissələrinin icrası məsələlərinin müzakirəsi aktuallığı ilə diqqət çəkdi.

Prezident Pezeşkianın Bakıya səfəri zamanı bir sıra ikitərəfli sazişlərin imzalanması, Azərbaycan və İran arasında normativ-hüquqi bazanın möhkəmləndirməsi ilə yanaşı, gələcəkdə qarşılıqlı etimada söykənən əməkdaşlıq üçün əlverişli mühitin formalaşdırılması baxımından qiymətləndirilməlidir.

Səfərin ən həssas məqamlarından biri Pezeşkianın özünü Təbrizdəki, Ərdəbildəki kimi hiss etməsi ilə bağlı səsləndirdiyi fikirdir. Bu, İranda yaşayan soydaşlarımız üçün də vacib açıqlamadır və bunun ideoloji əhəmiyyəti diqqətdən qaçmamalıdır.Həmçinin Pezeşkianın çox yaxın gələcəkdə yenidən Azərbaycana səfər edəcəyi ilə bağlı anons verməsi də bir sıra önəmli mətləblərdən xəbər verir. Bütövlükdə səfərin iki ölkə arasında münasibətlərin inkişafına ciddi təkan verəcəyi qədər, bölgənin təhlükəsizliyi, inkişafı, rifahı üçün də əsas olduğunu vurğulamaq yerinə düşər.

Son illərdə dünyad və regionda baş verən hadisələr kontekstində kənar təhdidlərə rəğmən Azərbaycan Prezidenti İlham Əliyevin səbirli, ardıcıl və balanslı siyasəti, rasional davranışı həm Quzeydəki, həm də Güneydəki qonşularımıza münasibətdə neqativ halların qarşısını almağa imkan verdi. Azərbaycan lideri açıq şəkildə bəyan etdi ki, Azərbaycanın İranla münasibətlərinin dərinləşməsinə heç bir maneə yoxdur. Və bu bəyanat təkcə diplomatik ritorika deyildi, həm də strateji mövqeyin qətiyyətli şəkildə ifadəsi idi.

Movcud durumun təhlili göstərir ki, hazırda yaranmış beynəlxalq və regional situasiya Azərbaycanla İran arasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə keçməsi üçün unikal imkanlar yaradır. Nə regionda, nə də qlobal miqyasda bu yaxınlaşmanı əngəlləyəcək real siyasi, iqtisadi və ya ideoloji baryer mövcud deyil.Bəzi kənar təhdidlər istisna olmaqla. İranın da bu fürsəti dəyərləndirməkdə maraqlı olması Pezeşkianın səfəri ilə bir daha təsdiqləndi.

Türk kökənli Məsud Pezeşkianın Azərbaycana rəsmi səfərinin ən diqqətçəkən və mühüm məqamlarndan bir budur ki, çox yüksək diplomatik səviyyədə baş tutan rəsmi səfər, bütün görüşlərdə etibara söykənən davamlı səmimiyyətlə müşayət olundu. Bu özünü Azərbaycan-İran biznes-forumunda daha qabarıq şəkildə göstərdi. Azərbaycan Prezidenti sözgedən  forumdakı çıxışında bildirdi ki, İran İslam Respublikasının Prezidenti cənab Pezeşkianın Azərbaycana rəsmi səfəri zamanı əldə edilmiş razılaşmalar, imzalanmış sənədlər bir daha Azərbaycan-İran dostluğunu, qardaşlığını təsdiqləyir.Bu rəsmi səfərin çox gözəl siyasi nəticələri vardır. İmzalanmış sənədlər arasında xüsusilə prezidentlər tərəfindən imzalanmış Birgə Bəyannaməni qeyd etmək istərdim. Çox ciddi sənəddir və gələcək əməkdaşlıq üçün bizə yol göstərən sənəddir. Əlbəttə, biz istərdik ki, ticarət, iqtisadi əməkdaşlığımız da eyni nəticələri hasil etsin. Əfsuslar olsun ki, bu günə qədər bu, belə olmayıb. Ancaq əminəm ki, bu səfərdən sonra və biznes-forumun nəticələrindən irəli gələrək biz növbəti illərdə ticarət, iqtisadi, sərmayə qoyuluşu və digər bu kimi sahələrdə ciddi irəliləyiş görəcəyik”.

İran Prezidenti Prezident Məsud Pezeşkian öz çıxışında bildirib ki,Azərbaycan Respublikasının möhtərəm Prezidenti, əziz qardaşım cənab İlham Əliyevə bizə göstərdikləri qonaqpərvərliyə, bizi səmimi qarşıladıqlarına, qarşılıqlı əlaqələrimizin konstruktiv şəkildə davam etməsi ilə əlaqədar ümidverici bəyanatına görə bir daha təşəkkürümü bildirirəm… Ümid edirəm ki, bu, növbəti uğurun başlanğıcı olacaq.”

Bütün bunların fonunda gəlinən nəticəni obrazlı şəkildə ifadə etsək,deyə bilərik ki, Məsud Pezeşkian Güneydən Quzeyə ümidlərlə dolu isti Təbriz, Ərdəbil havası gətirdi. Bakıdan isə o tayılı, bu taylı ruhları aydınladan güvən dolu işıq apardı.

Aygün Qasımova,

Yevlax şəhər Heydər Əliyev Mərkəzinin direktoru, N.Gəncəvi adına Azərbaycan Ədəbiyyatı muzeyinin doktorantı

Mənbə: kanal32.az

Comments (0)
Add Comment