MASALLI rayonunda kəndlilərin haqqı tapdanır.
Bələdiyyə, əmlak idarəsi əl-ələ verib qanunsuzluqlara yol verirllər. Bu hala başqa bölgələrdə də rast gəlinsə də Masallıya çatanı yoxdur.
Bu rayonda elə bil Azərbaycan dövlətinin qanunlarınsn yan keçib öz qaydaları ilə iş görürlər. Başa düşmək olmur ki, yerli icra hakimiyyəti, hüquq-mühafizə orqanları, aidiyyatı orqanlar nə işlə məşğul olurlar?
Vaxtaşırı yoxlamağa gələn müfəttişlər nəyə baxırlar?
Hamının gözü qarşısında zəhmətkeş adamların torpaqları əllərindən alınır, mənimsənilir. Vətəndaş özü müraciət etməsə, əlaqədar təşkilatlardan, cavabdeh şəxslərdən heç biri hansısa adamın, qanunsuzluq edənin qarşısını kəsmir.
Masallının Bala Kolatan kəndindən Heybətov Əmirşah Vəliş oğlu redaksiyamıza bildirir ki, Heybətov Vəliş Murad oğlu və Rəhmətova Tutu Nəhmət qızına Masallı Rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 24 iyul tarixli 34 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı üçün 0.28 ha torpaq sahəsi verilib.
Amma onun valideynlərinə məxsus olan bu torpaq sahəsi bələdiyyə və əmlak komitəsinin işçiləri tərəfindən başqa şəxsə satılıb. Həmin şəxs-Salman Yunisov hazırda Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin Mədəniyyət Müəssisələri ilə iş sektorunun baş məsləhtçisi (Masallı rayonu üzrə nümayəndə) vəzifəsində çalşır.
Əmirşah Heybətov deyir ki, bu adam onlara hədə-qorxu gəlir. Deyir, mən qanun zad bilmirəm. Kimə istəyirsənsə, gedib şikayətini et. Eynəli Məmmədovun imzası olan sənəd var. Amma Eynəli bunu danır. Şikayətçi məhkəmədə iddia qaldırıb.
Hakim Ceyhun Quliyev olub. Sonra iş hakim Coşqun Abdullayevə verilib. Coşqun Abdullayev deyib neynirsən ki, Eynəli Məmmədovu?
Eynəlini məhkəməyə çağırmayıb. Hal-hazırda torpağın qanuni mülkiyyətçiləri əraziyə buraxılmır. Bunu edən Yunisov Salman Şükür oğludur. Deyir ki, ona həmin yeri bələdiyyə verib. İki dəfə ekspertiza təyin olunub.
Məhkəmə qətnaməsində də yazılıb ki, həmin yer Nəhmətova Tutu Nəhmət qızına aiddir. Məhkəmə qətnaməsində ərazidəki tikililərin Yunisov Salman və Yunisov Qismət tərəfindən sökülməsi və onların oradan çıxarılması qərara alınıb. Lakin qarşı tərəf bunu etməyyərək məhkəmə qərarından apellyasiya şikayəti verib.
Acınacaqlı hal odur ki, kəndlilərin əkin-biçin torpağı elə onların öz doğma qohumları-Masallı əmlak idarəsinin Eynəli Məmmədov adlı əməkdaşı tərəfindən başqa şəxsə verilib. (Eynəli şikayətçi Əmirşahın əmisi oğludur). Qohumlarının sadəliyindən, sadəlövhlüyündən və öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək qohumları üçün ayrılmış kənd təsərrüfatı təyinatlı ərazini başqalarının adına sənədləşdirib. Yuxarıda qeyd etdiyim əlaqədar təşkilatlardan da heç biri deməyiblər ki, bu əkin sahəsində niyə yaşayış evi tikilib? Başqa vaxtı yerli icra nümayəndəliyinin, bəlıdiyyənin, polis sahə müvəkkilinin nəzərindən heç nə yayınmır. İndi necə olub ki, bunları görməyiblər?
Beləliklə, Heybətovlar ailəsi onlara məxsus torpaq sahəsinin Masallıdakı bir qrup dövlət məmuru tərəfindən mənimsəndiyini iddia edirlər. İşlə bağlı məhkəmə prosesi davam edir. Yəqin ki, haqq-ədalət məhkəmədə bərpa olunacaq. Eyni zamanda, qarşı tərəfin də mövqeyini əks etdirməyə hazırıq. Mövzuya bir daha qayıdacağıq.
Müəllif: Sima Babayeva