Mingəçevir Bələdiyyəsinin l yarımilliyi ərzindəki fəaliyyəti barədə HESABATI

Mingəçevir Bələdiyyəsinin 2025-ci ilin l yarımilliyi ərzindəki fəaliyyəti barədə HESABATInı açıqlayıb.

Azbelediyye.az həmin hesabatı olduğu kimi təqdim edir:

“Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununun tələbinə uyğun olaraq, Mingəçevir Bələdiyyəsi 2025-ci ilin I yarımilliyindəki fəaliyyəti barədə hesabatı ictimaiyyətə təqdim edir.

2025-ci ilin 6 ayı ərzində bələdiyyə 13 iclas keçirib. Daimi komissiyaların arayış və təklifləri ilə iclasların gündəliyinə 73 məsələ salınıb, məsələlərlə bağlı müvafiq qərarlar verilib. İclaslarda müzakirə olunmuş məsələlərdən 30-u icarəyə və mülkiyyətə torpaq sahələri ayrılması ilə, 1-i şəhərdə aparılan tikinti-abadlıq işlərinə, məhəllələrdə görülən işlərə və bir sıra başqa tədbirlərin keçirilməsinə maliyyə vəsaitinin ayrılması ilə, 6-sı maddi yardımlarla, 37-si təşkilati və digər məsələlərlə bağlı olub.

Hesabat dövründə bələdiyyəyə 582 ədəd ərizə və məktub daxil olub. Bunlardan 31-i maddi yardımla, 88-i sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün və 70-i fərdi yaşayış evi tikintisi üçün torpaq sahələri ayrılması ilə, 1-i tikinti və təmir işləri, 392-si arayış və məlumatlar almaqla bağlı müraciətlər olub.

Maddi yardımla bağlı müraciət edənlərdən 7 nəfərə pul yardımı edilib, digərlərinə Qurban payı verilib. Sahibkarlıq fəaliyyəti ilə bağlı müraciət edənlərdən 44 nəfərinə mövsümi ictimai-iaşə, ticarət xidmətləri ilə məşğul olmaq üçün icazə verilib, 6 nəfərin icarəsinə, 5 nəfərin mülkiyyətinə torpaq sahələri ayrılıb. Fərdi yaşayış evi tikintisi üçün zəbt edilmiş torpaq sahələrinin mülkiyyətə verilməsi barədə bələdiyyə 1 nəfər üçün qərar qəbul edib.

392 nəfər arayış və məlumatla bağlı müraciət edib və bu müraciətlər müsbət həll olunub. Digər müraciətlərə də “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq, vaxtında baxılıb, vətəndaşlara əsaslandırılmış cavablar verilib.

Bələdiyyə sədri tərəfindən 83 nəfər qəbul edilib, qaldırılan məsələlərlə bağlı bələdiyyənin müvafiq şöbələrinə tapşırıqlar verilib.

Hesabat dövründə bələdiyyəyə rəsmi orqanlardan 242 ədəd sənəd və məktub daxil olub. Onlardan 47-si Mərkəzi İcra Hakimiyyətlərindən, 35-i yerli İcra Hakimiyyətindən,  160-ı müxtəlif idarə və təşkilatlardan göndərilib. Məktublara qanunvericiliyin tələb etdiyi müddətdə cavablar verilib. Ədliyyə Nazirliyinin Bərdə Regional Ədliyyə İdarəsindən, Bələdiyyələrlə İş Mərkəzindən göndərilmiş tövsiyə, təlimat, məlumat xarakterli sənədlər, qanun və qaydalardan çıxarışlar istifadə üçün komissiya və şöbələrə göndərilb.

2025-ci ilin 6 ayı ərzində bələdiyyənin gəlirləri 139399.69 manat olub. 01.01.2025-ci ilə ötən ildən 34787.55  manat xərclənməmiş vəsait qalıb.

Gəlirlər aşağıdakı mənbələrdən formalaşıb:

  • fiziki şəxslərdən torpaq vergisi 5584.13 manat;
  • fiziki şəxslərdən əmlak vergisi 15066.29 manat;
  • bələdiyyə tərəfindən xüsusi ayrılmış torpaq sahələrində mövsümi ictimai-iaşə və digər xidmətlərə görə ödəniş 4746 manat;
  • bələdiyyə ərazisində mehmanxana, sanatoriya-kurort və turizim xidmətləri göstərən şəxslərdən alınan ödəniş 1915 manat;
  • bələdiyyyə ərazisində müəyyən edilmiş yerlərdə bütün növ nəqliyyat vasitələrinin daimi və ya müvəqqəti dayanacaqlardan ödəniş 1595 manat;
  • bələdiyyə əmlakının satışından daxil olan gəlirlər 28300 manat ;
  • icarəyə verilmiş torpaq sahələrindən alınan icarə haqqı 27  manat;
  • icarəyə verilmiş əmlakdan icarə haqqı 6000 manat;
  • bələdiyyənin digər fəaliyyətindən (“Dəfn mərasimi” xidmətləri sahəsindən) gəlirlər 10880 manat olub.

Hesabat dövründə bələdiyyənin xərcləri 158239.90 manat olub. Xərclərin istiqamətləri aşağıdakı kimidir:

  • əmək haqqı və onunla bağlı sair ödəmələrə 98159.47 manat;
  • əmək haqqına üstəlik (DSMF, işsizlik sığortası, icbari sığortalar) 33991.31 manat;
  • əmək haqqına aid olan digər tutulmalara 3418.91 manat:
  • dəftərxana ləvazimatı, cari təsərrüfat məqsədləri üçün mal və materialların alınmasına 1788.17 manat;
  • nəqliyyat xidmətləri haqqının ödənilməsinə 125 manat;
  • rabitə xidmətləri haqqının ödənilməsinə 1092.48 manat;
  • ezamiyyə xərclərinə 419.50 manat;
  • İnventar və avadanlığın alınmasına 1087.80 manat;
  • qaz sərfi haqqının ödənilməsinə 56 manat;
  • su və kanalizasiyadan istifadə haqqının ödənilməsinə 60 manat;
  • abadlıq və tikinti işlərinə 856.37 manat;
  • maddi yardımlara 9000 manat;
  • bank xidmətlərinə 661.29 manat;
  • mətbuata abunə xərclərinə 537.60 manat;
  • sair xərclərə ( Bələdiyyələrin Milli Assosiasiyasına üzvlük haqqı, reyestr idarəsinə, arxiv idarəsinə, audit yoxlamasına, bələdiyyə saytının abunə xərci, dövlət rüsumu, hərracların təşkili mərkəzinə, mütəxəssis rəyinin alınmasına və s.) 6986 manat vəsait xərclənib.

2025-ci ilin 6 ayı ərzində Mingəçevir bələdiyyəsi tərəfindən bir sıra tədbirlər həyata keçirilib:

  • 20 Yanvar və Xocalı soyqırımının qurbanlarının xatirələri yad edilib, müvafiq abidələr ziyarət edilib.
  • Milli Qəhrəman Dilqəm Nağıyevin anım gününün keçirilməsinə maddi dəstək verilib.
  • Beynəlxalq Qadınlar Günü və Novruz bayramı münasibəti ilə bələdiyyədə tədbir keçirilib.
  • Novruz bayramına həsr olunmuş şəhər tədbirinin keçirildiyi S.Vurğun meydanı, arka və mozaikalar cari təmir edilib, iməclik keçirilib.
  • “Korrupsiyaya qarşı mübarizə tədbirlərinin gücləndirilməsi haqqında” Dövlət Proqramının icrası ilə bağlı məlumatlandırma tədbiri olub.
  • “Suverenlik və Konstitusiya” ili ilə əlaqədar məlumatlandırıcı “Dəyirmi Masa” təşkil olunub və ağacəkmə kampaniyası keçirilib.
  • Mingəçevir Dövət Universitetində “Bələdiyyə könüllülüyü haqqında” infosessiya təşkil olunub.
  • Bələdiyyə üzvləri Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş elmi konfransda iştirak ediblər.
  • Bələdiyyə Ulu Öndərin xatirəsinə məktəblilər arasında şahmat turniri keçirib. Beş gün davam edən turnirdə 100-ə yaxın gənc şahmatçı güclərini sınayıb. Ulu Öndərin doğum günündə qaliblər bələdiyyə tərəfindən Fəxri Fərman və medallarla təltif ediliblər.
  • Mingəçevir Dövlət Üniversitetində keçirilən “İxtisas bələdçisi” forumuna təşkilatı dəstək göstərilib.
  • Respublikada ilk dəfə olaraq, bələdiyyənin təşkilatçılığı ilə 31 may-

1 iyun tarixlərində I Mingəçevir Kitab sərgisi keçirilib. Sərgi Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr olunub.  Sərgiyə 30-dan çox nəşriyyat öz xüsusi stendi ilə qatılıb, 10 minə yaxın kitab nümayiş edilib.

Kitab sərgisində fəallıq göstərən bələdiyyənin könüllüləri bələdiyyə və Azərbaycan  Nəşriyyatları  Assosiasıyası tərəfindən mükafatlandırılıblar.

  • Bələdiyyədə təcrübə keçən MDU-nun tələbələrinə sertifikatlar verilib.
  • Ədliyyə Nazirliyi Bərdə Regional Ədliyyə İdarəsinin əməkdaşları bələdiyyə üzv və qulluqçularının iştirak ilə seminar-müşavirə keçiriblər.
  • Turizmin inkişafı üçün Mingəçevir bələdiyyəsi ilə Mingəçevir Regional Turizm İdarəsi arasında birgə fəaliyyətə dair Anlaşma Memorandumu imzalanıb.

Bələdiyyə sədrinin və üzvlərinin iştirakı ilə 6 ay ərzində müxtəlif görüşlər təşkil olunub: şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovla, Milli Məclisin deputatı Aydın Mirzəzadə ilə, şəhid ailələri ilə, qazilərlə, şəhər Ağsaqqaları Şurasının üzvləri ilə, idmançı Rövşən Xəlilovla, bələdiyyənin könüllüləri ilə, məhəllə komitələri ilə (A.Məmmədov küçəsi 6/1, Naxçıvan küçəsi 48, N.Nərimanov pr 45, N.Nərimanov pr 44, Ş.İ.Xətai küçəsi 14 saylı binaların sakinləri ilə) maraqlı görüşlər olub.

Hesabat dövründə əhalinin həssas qruplarına müxtəlif cür yardımlar        edilib: Qurban bayramı ilə əlaqədar şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, imkansız ailələrə 500 kq qurban əti paylanıb.

Şəhid ailəsi Telman Nağıyevə 100 manat, 1-ci qrup əlil İmamverdiyev Mübarizə 50 manat, 2-ci qrup əlil Əlixan Əliyevə 50 manat, bələdiyyə qulluqçusu, fəhlə Rəfail Məmmədova 100 manat maddi yardım edilib.

Şəhid ailələri Oruc Əhmədova və Buluş Elyasovaya şəhid bulaqlarının yanına qoyulması üçün hər birinə 2 ədəd oturacaq verilib.

Bələdiyyə 20 Yanvar küçəsi 18,20,22 saylı binaların qarşısındakı mini-parkda yenidənqurma-abadlıq işləri aparıb. Belə ki, yararsız vəziyyətə düşmüş parkda oturacaqlar təmir olunaraq rənglənib, idman qurğuları yenilənib, mini-futbol meydançası və qurğuların yerləşdiyi sahə asfaltanıb, yeni kölgəlik qoyulub, ağaclar budanıb, ərazi abadlaşdırılaraq sakinlərin istifadəsinə verilib.

Qeyd edirik ki, bələdiyyə 6 ay ərzində nəzərdə tutduğu sosial layihərin hamısını həyata keçirə bilməyib. Buna əsas səbəb bələdiyyə əmlakının satışından daxil olan gəlirlərin kəskin şəkildə azalmasıdır. Ödəniş və vergilər, xüsusən əmlak vergisi istənilən səviyyədə yığılmayıb.

Əminik ki, bundan sonra qarşıya çıxan problemləri aradan qaldıraraq daha çox yerli əhəmiyyətli məsələlərin həlli üçün bələdiyyə üzv və qulluqçuları öhdələrinə düşən vəzifələri layiqincə yerinə yetirəcək, potensiallarından tam istifadə edəcəklər.

Comments (0)
Add Comment