Mingəçevir Dövlət Universitetində “Şəhidlər ölməz…” layihəsinin təqdimat mərasimi keçirilib-FOTO

Mingəçevir Dövlət Universitetində (MDU) “Şəhidlər ölməz…” layihəsinin təqdimat mərasimi keçirilib

Azərbaycan Respublikası Gənclər Fondunun “Konstitusiya və Suverenlik İli” çərçivəsində elan etdiyi qrant müsabiqəsinin qalibi olmuş “Şəhidlər ölməz…” adlı layihə çərçivəsində hazırlanmış sənədli filmin təqdimat mərasimi 20 fevral 2026-cı il tarixində Mingəçevir Dövlət Universitetinin akt zalında baş tutub.

Kanal32.az-a verilən məlumata görə,tədbirdə şəhid ailələri, universitetin akademik heyəti, tələbələr və dəvətli qonaqlar iştirak ediblər. Layihə çərçivəsində şəhid Oruc Nəcəflinin həyat və qəhrəmanlıq yoluna həsr olunmuş sənədli film hazırlanaraq ictimaiyyətə təqdim edilib.

Təqdimat mərasiminin moderatorluğunu layihənin koordinatoru Aynur Araz həyata keçirib. O, çıxışında layihənin əsas məqsədinin şəhidlərimizin həyat hekayələrini gələcək nəsillərə çatdırmaq, onların qəhrəmanlıq salnaməsini yaşatmaq və gənclərdə vətənpərvərlik ruhunu daha da gücləndirmək olduğunu vurğulayıb.

Tədbirdə çıxış edən şəhidin anası Flora Nəcəfli oğlunun keçdiyi şərəfli həyat yolundan, Vətənə sədaqətindən və döyüşlərdə göstərdiyi igidlikdən danışaraq onun xatirəsinin əbədiləşdirilməsinin ailə üçün böyük mənəvi təsəlli olduğunu bildirib.

Universitetin Tələbə Vətənpərvərlik İnkişafı Mərkəzinin rəhbəri Minayə Hüseynova çıxışında bu kimi layihələrin gənclərin milli ruhda formalaşmasına, dövlətçilik dəyərlərinin təbliğinə və vətənpərvərlik hisslərinin gücləndirilməsinə mühüm töhfə verdiyini qeyd edib.

Layihə rəhbəri Emil Şükürov sənədli filmin hazırlanma prosesindən, aparılan araşdırmalardan və qarşıya qoyulan məqsədlərdən bəhs edərək layihənin mənəvi və ictimai əhəmiyyətini vurğulayıb. O bildirib ki, “Şəhidlər ölməz…” layihəsi qəhrəmanlarımızın xatirəsinin yaşadılması istiqamətində mühüm təşəbbüsdür.

Tədbirin sonunda şəhid Oruc Nəcəfliyə həsr olunmuş sənədli film nümayiş etdirilib. Film iştirakçılar tərəfindən böyük maraq və duyğusal anlarla qarşılanıb. Sonda tədbir iştirakçıları ilə birgə xatirə fotosu çəkdirilib.

Mingəçevir Dövlət Universitetində “Şəhidlər ölməz…” layihəsinin təqdimat mərasimi keçirilib-FOTO
Comments (0)
Add Comment