Mingəçeviri digər şəhər və rayonlardan fərqləndirən özünəxas örnək dəyərləri var. Əslində mingəçevirlilər bu dəyərləri elə özləri yaradıblar.Həmin dəyərləri sadalamaq fikrim yoxdur. Çünki bu gözəl və özəl şəhəri yaxından,uzaqdan tanıyanlar bunları bilir. Ona görə də keçmək istəyirəm əsas mətləbə. Artıq hər kəsə bəllidir ki,bir neçə gündən sonra,konkret desəm,yanvarın 29-da bələdiyyə seçkiləri keçiriləcək. Həmişə seçkilərə həssas yanaşan mingəçevirlilərin bu seçkidən yaxşı mənada gözləntiləri var. Necə deyərlər,işıqlı insanların çoxluq təşkil etdiyi bu İşıq şəhərinin yerli özünüidarəetmə qurumunun ən üst səviyyədə idarəetməyə ehtiyacı var. Belə olan halda ortaya çıxan ilk sual budur:Bələdiyyə sədri kim olacaq?
Hesab edirəm ki,bu sualın cavabı çox sadədir. Birinci növbədə hər bir seçici öz səsinin dəyərini bilməklə məntəqələrə getməli və səsvermədə aktiv iştirak edib,dəstəklədiyi namizədlərəə səs verməlidir. Və bu addım sonucu bəlli edəcək əsas amildir. Digər önəmli amil isə sədr postuna seçiləcək şəxsin kimliyidir. Məncə,həmin şəxs intellektli, idarəetmə təcrübəli,xarizmatik,nüfuzlu,çağdaş prosesləri dəyərləndirən və idarəetmədə tətbiq etməyi bacaran,geniş əlaqələri olan,dünyadakı qabaqcıl bələdiyyə təcrübələrini öyrənərək tətbiqinə can atan,menecment işini bilən,innovativ layihələrə işləməyi bacaran,təşəbbüskar və “seçicilərinin dilini bilən” ADAM OLMALIDIR.
Məncə, YAP-ın namizədlərinin içərisində bu meyarlara cavab verən şəxslər(şəxs) var. Sayları az olsa da, VAR.
Gəlin,hamılıqla bu seçkidə iradəmizi ortaya qoyaq!
Bütün namizədlərə uğurlar arzulayıram!
İnqilab Şirinli,
Mingəçevir şəhər Bələdiyyəsi yanında İctimai Şuranın üzvü