“Qərbi Azərbaycan: Can yaddaşımız” sənədli filminin təqdimatı olub-VİDEO+FOTO

“QƏRBİ AZƏRBAYCAN: CAN YADDAŞIMIZ” SƏNƏDLİ FİLMİNİN TƏQDİMATI OLDU

İyulun 11-də Qubadakı “Asan Xidmət” Mərkəzinin Kino klubunda Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi, “Çölçü” Milli Mədəni İrsin İnkişafı İctimai Birliyinin sifarişi ilə “Qərbi Azərbaycan tarixin gözü ilə: fotolarda, sənədli filmlərdə, arxivlərdə” layihəsi çərçivəsində çəkilən “Qərbi Azərbaycan: Can yaddaşımız” adlı sənədli filmin təqdimatı keçirilib.

Sənədli filmin təqdimatında Şimal bölgəsində yaşayan Qərbi Azərbaycanlılar, bölgənin ziyalıları və media nümayəndələri iştirak edib. Filmin nümayişindən öncə qonaqları salamlayan “Çölçü” İctimai Birliyinin qurucusu Eltən Törəçi film haqqında bilgi verərək, bu filmin çəkilməsində əsas məqsədin “Qərbi Azərbaycanlıların Qayıdış Konsepsiyası”nın icrasına ictimai dəstəyin verilməsi olduğunu bildirib.

Filmdə tarixin müxtəlif dönəmlərində yaşadıqları doğma torpaqlardan deportasiya olunan insanların deportasiya zamanı üzləşdikləri faciələr, çətinliklər, insanlığa sığmayan hadisələr, onların öz dilindən şahid ifadəsi kimi səslənir, onların təqdim etdikləri foto və arxiv sənədləri tarixi sübutlar kimi yer alır. “Qərbi Azərbaycan: can yaddaşımız” adlı sənədli filmdə Qərbi Azərbaycandan olan soydaşlarımızdan başqa deportasiya gerçəklərinin bütün dünyaya çatdırmaq uğrunda çalışan ziyalıların – yazar və araşdırmaçı jurnalistlərin, tədqiqatçıların gördükləri işlər də vurğulanır.

Film izləyicilər tərəfindən maraqla qarşılanmaqla bərabər onlara təsirli anlar yaşadıb. Xatırladaq ki, sənədli filmin çəkilişləri Bakıda, Qərbi Azərbaycandan vaxtilə didərgin düşmüş insanların kompakt məskunlaşdığı Göygöl, Gəncə, Yevlax, Bərdə, Quba, Xaçmaz, Mingəçevir və digər bölgələrdə aparılıb.

  

Xanım Məmmədova

“Qərbi Azərbaycan: Can yaddaşımız” sənədli filminin təqdimatı olub-VİDEO+FOTO
Comments (0)
Add Comment