Ekran əsəri orijinal və dramatik hekayəsi ilə seçilir
Bu günlərdə Nizami kinomərkəzində “Boş Yer” adlı Azərbaycanda ilk dəfə tam yaradıcı heyəti tələbələrdən ibarət olan xronometrajı 101 dəqiqəlik bədii filmin təqdimat mərasimi keçirildi. Qeyd etməliyəm ki, Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin istehsalı olan bu filmin ssenari müəllifi və rejissoru mərkəzin müəllimi, Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü, kinorejissor Rəhman Fürqətoğludur.
Vurğulamaq lazımdır ki, həyata keçirilən bu layihə gənclərin yaradıcılıq potensialının, peşə təhsilinin praktiki nəticələrinin, istehsalatda real bacarıqların nümayişi baxımından böyük əhəmiyyət kəsb edir. Film dövlət və sponsor dəstəyi olmadan, yalnız Mərkəzin imkanları və tələbələrin əməyi nəticəsində ərsəyə gətirilib.
Ekran əsəri orijinal və dramatik hekayəsi ilə seçilir. “Boş Yer” hər iki valideynini itirmiş, yazıçı olmaq arzusu ilə yaşayan gənc Azərin həyatından bəhs edir. Həmçinin film müasir gəncin cəmiyyətdə öz yerini tapmaqda çəkdiyi çətinlikləri, psixoloji təcridi və sosial adaptasiya problemlərini əks etdirən dərin sosial-psixoloji dram olaraq təqdim edilir. Filmin əsas ideyası insanın mənəvi boşluğa düşməsi, diqqətsizlik və anlaşılmazlıq fonunda cəmiyyətlə əlaqəsinin qırılmasıdır. Adından da bəlli olduğu kimi, “Boş Yer” simvolik məna daşıyır — bu, həm qəhrəmanın iç dünyasındakı boşluğu, həm də cəmiyyətdə insan münasibətlərində yaranmış mənəvi boşluğu ifadə edir. Film boyu cərəyan edən hadisələrdə gənc Azərin bu cəmiyyətə adaptasiya olmasında necə çətinliklər çəkdiyinin şahidi oluruq. Azər filmin mərkəzi fiqurudur. O, yazıçı olmaq arzusu ilə yaşayan, lakin həyatın sərt reallıqları ilə üz-üzə qalan bir gəncdir. Valideynlərinin itkisi onun psixoloji vəziyyətinə, sosial davranışına və həyata baxışına ciddi təsir göstərir. Azər cəmiyyətin qaydalarına uyğunlaşmaqda çətinlik çəkir. Onun daxili dünyası ilə ətraf mühit arasında kəskin uyğunsuzluq mövcuddur. Azərin ədəbi arzusu, yaradıcı ruhu və dərin düşüncələri onu digərlərindən fərqləndirsə də, bu fərqlilik onu həmyaşıdlarından uzaqlaşdırır. Cəmiyyətin onu başa düşməməsi filmin dramatik əsasını təşkil edir.
Hadisələrin gedişatı zamanı pararlel olaraq ailəsi olsa belə diqqətsizlikdən əziyyət çəkən digər tələbənin də həyatı ön plana çıxır. Cərəyan edən hadisələr fonunda fərqli insan taleləri sanki bir kontrasta çevrilir. Filmdə Azərin taleyinə paralel olaraq Mahir obrazı təqdim olunur. Mahir zahirən ailəsi olan, lakin mənəvi diqqətsizlik içində böyüyən bir gəncdir. Onun faciəsi cəmiyyətin və ailənin emosional məsafəsinin nəticəsidir. Müəllim ona diqqət etməyə başlayan anda ailəsindən və cəmiyyət təziqindən əziyyət çəkən Mahir öz həyatına qəsd edir. Mahir öz həyatına qəsd etməklə bu sistemin qurbanına çevrilir. O, filmdə həm də simvolik obrazdır — yəni görünən xoşbəxtliyin arxasında gizlənən boşluq və tənhalıq simvoludur. Müəllif ideyasına uyğun olaraq Mahirin ölümü həm müəllimlər, dostlar, həm də tamaşaçılar üçün bir “oyanış siqnalı” rolunu oynayır.
Əslində film boyu təqdim edilən müəllim obrazı Mahirin faciəsi fonunda “Cəmiyyətin hər bir üzvü başqasının həyatında məsuliyyət daşıyır” mesajını qabarıqlaşdırır.
Ssenari müəllifi və rejissoru olan Rəhman Fürqətoğlu filmdə bir neçə aktual mövzunu paralel şəkildə işləyə bilib. Belə ki, diqqətsizlik və laqeydlik ailə, təhsil, həm də ümumi sosial mühit səviyyəsi də maraqlı detallarla göstərilə bilib. Eləcə də sosial adaptasiya problemi fərqli düşünən gənclərin cəmiyyət tərəfindən qəbul olunmaması həmçinin psixoloji təcrid qəhrəmanların daxili tənhalığı və emosional boşluğu vasitəsilə insan münasibətləri olaraq ünsiyyətin səthi xarakter alması, anlayışın yoxluğu məqamında böyük ustalıqla təqdim edilə bilir. Ekran əsərində bütün bu mövzular birləşərək müasir insanın mənəvi durumuna dair ümumi bir tablonun aydın şəkildə göstərilməsinə çalışılır.
Həmçinin qeyd etmək lazımdır ki, filmdə “boş yer” anlayışı yalnız konkret məkan deyil, həm də emosional və mənəvi vəziyyət kimi təqdim olunur. Məhz bu kimi təqdimatla rejissor diqqətsizliyin və empatiyanın yoxluğunun doğurduğu nəticəni çox təsirli şəkildə göstərə bilir. Hadisələr fonunda məhz insanların daxilindəki boşluqları da hər bir cəmiyyət üzvünün aradan qaldıraraq doldurması əsas baxış bucağı olaraq təqdim edilir. Əslində fimin rejissoru Rəhman Fürqətoğlunun məqsədi tamaşaçını hadisələrin içərisinə çəkmək deyil, onu müşahidəçi kimi saxlayaraq düşündürməkdir.
Qeyd etmək lazımdır ki, film diqqətsizlik, sosial adaptasiya, psixoloji təcrid, insan münasibətləri kimi aktual mövzuları da daha geniş bir formada özündə ehtiva edir. Həmçinin hadisələrin cərəyanı, təsvir edilən vəziyyətlər tamaşaçını real həyat faktları və cəmiyyətin sosial davranış modelləri ilə üz-üzə qoyur. “Boş Yer” bizi diqqətli, anlayışlı və empatik olmağa çağırır. O, gənclərin problemlərinə sosial məsuliyyət prizmasından baxmağı tələb edir.
Filmdə Nərmin Əlizadə, Sənan Namazov, Rza Nəsirli, Nərmin Şükürzadə, Aysu Cəfərzadə, Aygün Qurbanova, Nigar Allahverdiyeva, Fatimə Cəbrayıllı, Heydər Talıbov, Qabil Quliyev, Əminə Əlizadə, Yaqut Babayeva çəkilmişlər.
Filmin operatorları Ramin Babayev, Nihad Cəfərzadə, prodüseri isə Nərmin Əlizadədir.
Qeyd etmək lazımdır ki, “Boş Yer” filmi peşə təlimlərinin nəticələrinin real istehsalat məhsuluna dönüşməsinin ən gözəl nümunəsidir. Film təkcə bir kino işi deyil, tələbələrin praktiki bacarıqlarının, öz güclərinə inamının və komanda şəklində işləmə vərdişlərinin göstəricisi kimi daha uğurlu bir nəticənin məhsuludur. İnanıram ki, uğurlu bir addım olan “Boş Yer” filmi peşə təhsili sistemində yaradıcı ixtisasların inkişafına böyük töhfələr verəcəkdir.
Anar Ərtoğrul Burcəliyev,
teatrşünas-tənqidçi
Mənbə: Kanal32.az