Ağdam Dövlət Dram Teatrının tamaşası haqqında…
Bu komediya 1850-ci illərdə yazılmış, Azərbaycan maarifçiliyinin ilk parlaq nümunələrindən biridir. Mirzə Fətəli Axundzadənin qələmə aldığı altı məşhur komediyasından biri hesab edilən “Hekayəti Müsyö Jordan Həkimi-Nəbatat və dərviş Məstəli şah Cadükuni-Məşhur” komediyasında Şərq cəmiyyətində geniş yayılmış cahillik, mövhumat, cadugərlik, avamlıq, həmçinin Avropa elm və sivilizasiyasına qarşı primitiv müqavimət kimi problemləri satirik dillə ifşa edir. Əslində bu əsərin mərkəzində iki zidd qüvvə dayanır. Avropada təhsil almış fransız təbiətşünası, elm və rasional düşüncənin daşıyıcısı sayılan Müsyö Jordan, digər tərəfdə isə mövhumat və cadugərlik “peşəsi” ilə xalqı aldadan uydurma dini mistikanın rəmzi hesab edilən Dərviş Məstəli şah.
Bu günlərdə Ağdam Dövlət Dram Teatrının səhnəsində gənc və istedadlı rejissor Fuad Cavadzadənin quruluşunda Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin “Öyrədərək öyrənirəm” layihəsi çərçivəsində M. F. Axundzadənin “Hekayəti Müsyö Jordan Həkimi-Nəbatat və dərviş Məstəli şah Cadükuni-Məşhur” eyni adlı komediyasının motivləri əsasında hazırladığı “Müsyö Jordanın Qarabağ sərgüzəştləri” tamaşasının premyerasında iştirak etdim.
İlk öncə qeyd etməliyəm ki, maraqlı rejissor traktofkası Ağdam Dövlət Dram Teatrının tarixi ənənələrini özünə qaytarmış oldu. Əslində rejissor Fuad Cavadzadə müəllif ideyasına sadiq qalaraq əsərin əsas sujet xəttindən irəli gələn elmin mövhumata qalib gəlməsi, cəmiyyətin tərəqqiyə doğru yönəlməsinin vacibliyi prizmasından çıxış edərək uğurlu səhnə həllini təqdim edə bilmişdir. Rejissor traktofkasına görə əsərin süjet xətti və dramaturji quruluşu əsasən üç mühüm xətt üzərində inkişaf edir. Müsyö Jordan və Şahbazın Parisə getmək arzusu, Şahbaz – Şəhrəbanu – Şərəfnisə üçbucağı və Dərviş Məstəli şahın “cadugərlik” fəaliyyəti. Rejissorun uğurlu təqdimat baxışı daha dolğun və maraqlı olmaqla Şahbazın bir gənc olaraq elm öyrənmək, Avropa mədəniyyətini görmək istəyindən irəli gələrək maarifçilik və modernləşmə ideyasını ifadə etməsi eləcə də Şəhrəbanu xanımın Avropa və elmi inkişafdan qorxan köhnə düşüncəli Şərq qadın obrazının təqdimi həmçinin hadisələrin inkişafı fonunda Məstəli şah tərəfindən guya göydəki “cin ordusunu” hərəkətə gətirərək Parisə “qəza-bəla göndərdiyini” iddia etməsi səhnədə daha dolğun güclü satirik məzmunu təşkil edir. Həmçinin qeyd etməliyəm ki, tamaşa boyu Müsyö Jordan obrazının səhnə təqdimatı rejissorun quruluş ideyasından irəli gələrək surətin həm də Avropa elminin Qafqaza gəlişini simvolizə edir. Rejissor öz səhnə quruluşu ilə bir daha cahil xalqı aldadıb cadugərlik, falçılıq, ruhanilik pərdəsi altında öz mənfəətini güdən sarsaqlığın rəmzi olaraq bütün “möcüzələri” baş verən hadisələrin təsadüfən üst-üstə düşməsi ilə bağlılığını ön plana çəkməklə xalqın avamlığından bəhrələnən saxtakar ruhani – mövhumat tandemini maraqlı detallarla ifşa edir. Xüsusi olaraq qeyd etmək lazımdır ki, əsərin bütün konfliktləri rejissor traktofkasının baxış bucağında elm – mövhumat qarşıdurması ideyası üzərində qurulub. Səhnə quruluşunda xüsusi önəm verilən əsas amillərdən biri də məhz dialoqların çox canlı və xalq danışıq dilinə uyğunlaşdırılmasıdır. Səhnə quruluşunda hər bir obrazın özünəməxsus danışıq tərzi var.
Komediyanın əsas surətlərindən biri hesab edilən Müsyö Jordan obrazını gənc və istedadlı aktyor Anar Əhməd ifa edir. Obrazın xarakterik xüsusiyyətlərindən irəli gələrək onun xarici görünüşü, davranışı və danışıq tərzi yerli insanlardan fərqlənir. Aktyor öz maraqlı ifa tərzi ilə bu kimi fərqləri daha böyük usatlıqla satira vasitəsilə qabarıqlaşdıra bilir. Aktyorun ifasında obraz həmçinin elm, mədəniyyət və Avropa düşüncə tərzinin simvolu olaraq da təqdim edilir. Anar Əhməd öz ifa tərzi ilə yerli adət-ənənələri anlamayan, sadaladığı elmi terminləri şişirdilmiş şəkildə təqdim etməklə baş verən hadisələri həm müsbət, həm də satirik planda göstərə bilir. Məhz aktyorun ifasında bu kimi satirik təqdimat surətin real, canlı bir obraz olaraq təqdiminə müvəffəq olur.
Maraqla izlənən surətlərdən biri də aktrisa Zərifə Ağayevanın ifasında Şərəfnisə obrazıdır. Şərəfnisə pyesdə Şahbazın sevdiyi qız, eyni zamanda onunla evlənmək istəyən, lakin bir sıra maneələrlə qarşılaşan gənc qadın surətidir. Aktrisanın ifasında bu obraz təbiətən mehriban, zərif, utancaq və romantik surət olaraq təqdim olunur. O, qadın qəhrəman kimi əsərin emosional xəttini özünəməxsus ştrixlərlə yaratmaqla hadisələrin inkişafında mühüm rol oynayır. Qeyd etmək lazımdır ki, Şərəfnisənin simasında dövrü üçün qadınların cəmiyyətdəki sosial mövqeyi əks etdirilir. Bu baxımdan da obraz maraqla izlənilir. Şərəfnisənin – aktrisa Zərifə Ağayevanın ifasında ən mühüm bədii funksiyalarından biri də onun mövhumatın qurbanı kimi göstərilməsidir. Aktrisa həmçinin obraz vasitəsilə göstərməyə müvəffəq olaraq “cəhalət qadınları daha çox təsir altına salır, onları öz təbii xoşbəxtliklərindən uzaqlaşdırılır” fikrlərinin bir daha göstəricisi olaraq maraqla izlənilir. Nəticə etibarı ilə aktrisanın ifasında Şərəfnisə əsərdə sadə “sevgili qız” obrazı deyil, əksinə o, Şərq qadınının cəmiyyət içindəki vəziyyətinin bədii modelidir. Onun sevgi, qorxu, ümid və məyusluq arasında qalan ruh halı əsərin həm sosial, həm də emosional qatlarını tamamlayır.
Şahbaz bəy əsərdə maarifçi, elm və tərəqqi arzusunda olan gənc kimi təqdim edilir. O, müasir düşüncəli, dünyagörüşlü və dəyişiklik istəyən Azərbaycan gəncinin bədii simvoludur. Şahbaz bəy Fransaya getmək, Parisdə təhsil almaq və dünya mədəniyyətini mənimsəmək istəyir. Bu obrazı aktyor Fərhad Fərhadzadə ifa edir. Aktyorun ifasında obraz maarifçi ideyaların daşıyıcısı həmçinin öz dövrü üçün müdafiə etdiyi maarifçilik ideyalarının canlı ifadəsidir. Aktyorun təqdimatında Şahbaz bəy obrazı həmçinin qərbə yönələn, dəyişiklik istəyən müsbət bir tipdir. Onun xarakteri köhnə-fikirliliklə yenilik arasında gedən mübarizəni təcəssüm etdirir. Qeyd etmək lazımdır ki, aktyorun ifasında bu obraz eləcə də ictimai idealların, şəxsi duyğuların daşıyıcısıdır. Bu kimi xüsusiyyətlər isə onu pyesin ən obyektiv və “ağıllı” personajlarından birinə çevirə bilir. Aktyor Fərhad Fərhadzadənin ifasında Şahbaz bəy yalnız fərdi qəhrəman deyil, həmçinin mütərəqqi Azərbaycan gəncliyinin simvoludur. Məhz bu simvolik qat aktyorun ifasında təqdim edilməklə maarifçilik ideyasını bədii formada gücləndirmiş olur.
Tamaşa boyu maraqla izlənilən obrazlardan biri də aktrisa Afərdə Əhmədovanın ifasında Şəhrəbanu xanım obrazıdır. Aktrisanın ifasında obraz sanki tipik Şərq qadını modelinin nümayəndəsi olaraq təqdim edilməklə bütün düşüncə tərzi, davranışları, qorxuları və inamları dövrün qadın dünyasını təcəssüm etdirir. Aktrisanın ifasında Şəhrəbanu xanım obrazının ən mühüm xarakterik cəhəti onun mövhumata sonsuz inamıdır. Bu xüsusiyyət Şəhrəbanu xanımı əsərin satirik hədəflərindən birinə çevirir. Aktrisanın ifasında Parisin cadularla “dağıldığına” inanması, Dərviş Məstəli şahın dumanlı sözlərini ilahi həqiqət kimi qəbul etməsi və eləcə də Müsyö Jordanı “cadugərin hədəfi” kimi görməsi kimi elementlər obrazın komediya janrına yaxın etməklə onu daha da gücləndirə bilir. Səhnə personajı olaraq Şəhrəbanu xanım-aktrisa Afərdə Əhmədova cərəyan edən hadisələr fonunda məhz mövhumata inanması həmçinin Müsyö Jordan və Şahbazın maarifçi düşüncəsi arasında bir təzad yaratması ilə xüsusi olaraq pyesin ideya yükünü artırmış olur.
Aktyor Ramil Hüseynzadənin ifasında təqdim edilən Hatəmxan ağa obrazı maarifçilik ideyalarından uzaq, fikirlərində isə əsasən “eşitdiyi sözlər”, “qorxulu rəvayətlər” və yerli mühitin inamlarına söykənir. Aktyorun ifasında obrazın tipik xüsusiyyətləri kimi Avropa mədəniyyətindən çəkinmə, yeniliyə ehtiyatla yanaşma, mövhumata inanma (tam fanatik olmasa da, təsir altında qalır) çox vaxt isə qərarsızlıq və bir qədər sadəlövhlük əsas göstərilməklə satirik fonda tənqid obyektinə çevrilə bilir. Obraz əslində tamaşa boyu cərəyan edən hadisələrin burulğanında cəmiyyətin tərəddüd içində olan hissəsini simvolizə edir. Bu baxımdan aktyorun ifası maraqla izlənilir.
Aktrisa Xəyalə Xudadatovanın ifasında təqdim edilən Xanpəri obrazı davranış həmçinin düşüncə tərzi ilə dövrün məişət həyatını və xalq psixologiyasını əks etdirə bilir. Xanpəri də pyesin qadın qəhrəmanlarının əksəriyyəti kimi mövhumatın təsiri altındadır. Tamaşa boyu cərəyan edən hadisələr fonunda onun bütün reaksiyaları əsərin satirik mahiyyətini artırmaqla mövhumata qarşı olan marağının daha güclü münasibətini aydın şəkildə göstərə bilir. Rejissor traktofkasına uyğun olaraq tamaşa boyu səhnədə Xanpəri obrazı aktrisa Xəyalə Xudadatovanın ifasında cərəyan edən hadisələrdə sakit fon yaratmaq üçün deyil, hərəkətverici, komik və sosial ideyanı gücləndirən bir obraz olaraq təqdim edilir. O, sadə xalq qadınının düşüncə tərzini, mövhumata aldanmasını və emosional reaksiyalarını özündə birləşdirir.
Dərviş Məstəli şah əsərin əsas satirik obrazlarından biridir. O, mövhumat, cadugərlik və saxtakarlığın canlı təcəssümüdür. Bu obrazı aktyor Qalib Abdullazadə ifa edir. Aktyorun ifasında Dərviş Məstəli şah yalnız fərdi tip deyil, həm də cəhalət və mövhumatın təcəssümüdür. Əslində Dərviş Məstəli Şah obrazı Şərq mistisizmini, xurafatını və onun cahil cəmiyyətdə necə təsirli olduğunu tənqid etmək məqsədilə yaradılmış bir satirik obrazdır. O, “cadugar” kimi görünərək, insanların zəifliklərindən batil inanclar, dünya malına hərislik və s. istifadə etməklə öz mənafeyinə xidmət edən hiyləgər bir obraz olaraq maraqla baxılır. Məhz müəllif ideyasına uyğun olaraq rejissor tarktofkasından irəli gələrək aktyor Qalib Abdullazadə də obrazın mahiyyət etibarı ilə düzgün formada təqdimatına çalışmaqla diqqət mərkəzində olmağı bacarmışdır.
Tamaşada həmçinin məktub gətirən qasid (Camal Zamanov), nökər (Tural Yusifov), xanəndə (Behbud Əsgərov), tarzən (Turan Nərimanov) və kamançaçı (Yusif Ziyadlı) kimi epizodik obrazları da aktyorlar tərəfindən yaddaqalan surətlər olaraq təqdim edilir.
Tamaşanın quruluşçu rəssamı Müşviq Qarayevin, geyim üzrə rəssamı Qönçə Həzizadənin və rəqslərin quruluşu olan Şükür Həsənzadənin əməyi də xüsusi olaraq qeyd edilməklə ümumi ahəngin qorunması və yeni ruhda təqdiminə tövhə verdiyi qeyd edilməlidir.
Səhnədə hər bir detalın vəziyyətə uyğun işlənməsi ümumi bədii bütövlüyün formalaşmasında mühüm rol oynayır və quruluşçu rejissorun düşünülmüş yanaşmasını açıq şəkildə nümayiş etdirir. Heç bir səhnə elementi təsadüfi xarakter daşımır, əksinə, hər detal hadisələrin gedişinə, obrazların xarakterinə və ideyanın çatdırılmasına xidmət edir. Burada səhnə dekorasiyası tamaşa boyu dəyişən situasiyalara uyğun olaraq funksional məna daşıyır. Məsələn, Məstəli şahın məkanı qaranlıq tonlar, dar və sıx mühitlə təqdim olunaraq mövhumat və gizli cadugərlik atmosferini gücləndirir. Bunun əksinə olaraq, Müsyö Jordanın olduğu səhnələrdə daha açıq məkan təsiri yaradılır, rekvizitlər (bitkilər, kitablar, alətlər) elmi marağı və rasional düşüncəni simvolizə edir. Beləliklə, dekorasiya ideoloji qarşıdurmanın vizual ifadəsinə çevrilir.
Qeyd etmək lazımdır ki, kostyum və rekvizitlərin işlənməsi də diqqətəlayiqdir. Obrazların geyimi onların sosial mövqeyini, dünyagörüşünü və daxili aləmini əks etdirir. Dərviş Məstəli şahın geyimi onun saxta müqəddəsliyini və mövhumata əsaslanan fəaliyyətini vurğulayır, Müsyö Jordanın kostyumu isə Avropa mədəniyyətinə və elmi tərəqqiyə bağlılığı bilavasitə ifadə edir. Rekvizitlərin səhnə boyu məqsədyönlü istifadəsi (kitab, bitki nümunələri, cadugərlik əşyaları, lampa, somavar və s.) hadisələrin ümumi axıcılılığına böyük təsir göstərir. Həmçinin tamaşada səhnənin hər bir detalı situativ və məntiqi ardıcıllıqla işlənərək həm komik effekti gücləndirir, həm də əsərin əsas ideyasının — elm və cəhalət qarşıdurmasının tamaşaçıya daha aydın çatdırılmasına xidmət edir.
Beləliklə, Ağdam Dövlət Dram Teatrının səhnəsində gənc və istedadlı rejissor olan Fuad Cavadzadənin quruluşunda təqdim olunan tamaşada Axundzadənin əsas ideyası olaraq elmi düşüncə ilə mövhumatın, rasional ağıl ilə xurafatın toqquşması canlı və təsirli formada təqdim olunur. Burada hər bir səhnədə aktyor oyunu xüsusilə diqqətəlayiqdir. Belə ki, bəzi hallarda obrazların xarakteri şişirtmə və komik çalarlarla verilsə də, bu, əsərin satirik ruhuna uyğundur. Dialoqların canlılığı, situasiya komizmi və milli koloriti tamaşanın təsir gücünü artırır.
Son nəticədə tamaşa yalnız gülüş məqsədi daşımır, əksinə maarifçi çağırışı edərək cəmiyyətin inkişafı üçün elmə, düşüncəyə və yeniliyə açıq olmağın vacibliyini xüsusi olaraq vurğulayır. Bu baxımdan, tamaşa həm klassik irsin müasir formada baxışı, həm də aktual sosial mesaj daşıyan uğurlu səhnə əsəri kimi müsbət qiymətləndirilə bilər.
Anar Ərtoğrul Burcəliyev,
teatrşünas-tənqidçi
/Kanal32.az/