Zar kənd sakini Rövşən Rzayevə müraciət etdi:”Doğma yurda qayıdış yalnız insanlara ev tikib təhvil verməkdən ibarət deyil”

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri cənab Rövşən Rzayevə

MÜRACİƏT

Mövzu: Zar kəndində xeyir-şər mərasimlərinin keçirilməsi üçün xüsusi zalın tikintisinin zəruriliyi haqqında Hörmətli Rövşən müəllim! Kəlbəcər rayonunun yenidən qurulan Zar kəndində aparılan tikinti və abadlıq işləri, yüzlərlə ailənin doğma yurduna qayıdışı istiqamətində həyata keçirilən tədbirlər təqdirəlayiqdir. 855 yaşayış evinin nəzərdə tutulduğu Zar kəndi artıq kiçik bir yaşayış məntəqəsi deyil, böyük sosial infrastruktura və müasir yaşayış şəraitinə ehtiyacı olan kəndlərdən biridir. Lakin kəndin gələcək həyatında mühüm əhəmiyyət daşıyan bir məsələ diqqətdən kənarda qalmamalıdır.

Söhbət kənddə xeyir-şər mərasimlərinin keçirilməsi üçün xüsusi mərasim zalının tikintisindən gedir. Əldə etdiyim məlumatlara görə, Zar kəndində belə bir mərasim zalının tikintisi nəzərdə tutulmayıb. Hesab edirəm ki, bu məsələ yenidən nəzərdən keçirilməli və mütləq nəzərə alınmalıdır. Hamımıza məlumdur ki, Kəlbəcər Azərbaycanın ən sərt iqlim şəraitinə malik bölgələrindən biridir. Xüsusilə qış aylarında Zar kəndində havanın temperaturu kəskin aşağı düşür, qar yağır, şaxtalı və küləkli hava şəraiti hökm sürür. Belə bir şəraitdə kənd sakinlərinin hər hansı bir yaxınını itirdiyi zaman həyətində və ya açıq havada çadır quraraq yas mərasimi keçirməsi olduqca çətin, bəzi hallarda isə faktiki olaraq mümkünsüzdür.

Təsəvvür edin, 855 ailənin yaşadığı böyük bir kənddə bir ailənin ağır günü baş verir. Yaxınını itirmiş ailə həm mənəvi sarsıntı keçirir, həm də yas mərasiminin təşkili ilə bağlı əlavə problemlərlə üzləşir. Qışın şaxtasında, qarın və soyuğun altında insanları qəbul etmək, yaşlıların, qadınların və uşaqların saatlarla açıq havada qalmasına şərait yaratmaq nə insani, nə də müasir yaşayış standartlarına uyğundur. Məsələ yalnız yas mərasimləri ilə də məhdudlaşmır. Belə bir zal kənddə toy, nişan, ailə məclisləri, müxtəlif ictimai görüşlər və digər xeyir-şər tədbirlərinin keçirilməsi üçün də əhəmiyyətli sosial obyekt ola bilər.

Doğma yurda qayıdış yalnız insanlara ev tikib təhvil verməkdən ibarət deyil. Əsl qayıdış insanların bütün sosial və məişət ehtiyaclarının qarşılandığı, rahat, təhlükəsiz və ləyaqətli həyat şəraitinin yaradıldığı zaman baş tutur. Müasir standartlara uyğun tikilən 855 yaşayış evinin olduğu bir kənddə sakinlərin xeyir-şər mərasimləri üçün uyğun məkanının olmaması gələcəkdə ciddi sosial problemə çevrilə bilər. Bu ehtiyac indidən nəzərə alınmalıdır ki, insanlar kənddə məskunlaşdıqdan sonra belə bir çatışmazlıqla üzləşməsinlər.

Hörmətli Rövşən müəllim!

Sizdən xahiş edirəm ki, Zar kəndinin tikinti və sosial infrastruktur layihələrinə yenidən baxılması zamanı xeyir-şər mərasimlərinin keçirilməsi üçün müasir, geniş, qışda isidilə bilən, lazımi sanitar-məişət şəraiti olan xüsusi mərasim zalının tikintisi məsələsinə diqqət yetirəsiniz. Bu zal kənd sakinlərinin gündəlik həyatında mühüm ehtiyaclardan birini qarşılayacaq, xüsusilə ağır günlərdə ailələrin və kənd camaatının üzləşdiyi çətinlikləri aradan qaldıracaq.

Unutmayaq ki, kəndin böyüklüyü təkcə tikilən evlərin sayı ilə deyil, orada yaşayan insanların ehtiyaclarının nə dərəcədə qarşılanması ilə ölçülür. Zar kəndinin gələcəyini düşünərək bu məsələnin indidən həllini tapacağına ümid edirəm.

Hörmətlə,

Səxavət Kəlbəcərli,

Zar kənd sakini

Comments (0)
Add Comment