Bu Şəhid ailələri məmurlardan şikayətçidilər-FOTOLAR

Jurnalist Qadınlar Assosiasiyası  Azərbaycan Respublikası QHT-lərə  Dövlət  Dəstəyi Agentliyinin maliyyə  yardımı  ilə “Sosial qruplara hüquqi yardımın təşkili” layihəsini  həyata keçirir. Layihə çərçivəsində şəhid ailələri, qazilər və müharibə iştirakçıları ilə görüşlər keçirilir.

Növbəti görüş Gəncə şəhərində baş tutub.

Kanal32.az xəbər verir ki,tədbirdə Jurnalist Qadınlar Assosiasiyasının rəhbəri Sevil Yusifova layihənin məqsəd və vəzifələri, o cümlədən  görülən işlər barədə məlumat verdi. O bildirdi ki, tədbirdən öncə ayaqüstü – sosial sorğu keçirdik. Məlum oldu ki, sorğuda iştirak edənlərin böyük əksəriyyət qanunvericiliklə onlara verilən hüquqlar və dövlətin apardığı işlər barədə az məlumatlıdırlar. Məsələn,  Vətən müharibəsin də qələbə münasibətilə Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında qanununda bir sıra dəyişikliklər edilib. Əsasən 2 adda  orden və 15 adda medal təsis edilib. “Vətən müharibəsi Qəhrəmanı” ən alı fərqlənmə dərəcəsi təsis edilib. Bundan başqa təxirəsalınmaz tədbirlər sırasına müharibə iştirakçıları özünəməşğulluq proqramına növbədənkənar cəlb edilirlər, kiçik ailə təsərrüfat və müəsissələrini qurmaq üçün aktivlərlə təmin olunurlar. S.Yusifova dəyirmi masada bəzi faydalı linklər haqqında məlumat da verdi. O https://sosial.gov.az saytında müharibə iştirakçıları və şəhid ailələri lə bağlı tədbirlər planı barədə məlumatları əldə edə biləcəklərini xatırlatdı.

Hüquqşünas Namiq Allahverdiyev görüş iştirakçılarına qanunlar barədə geniş məlumat verdi.  O Qanunvericilikdə  müharibə iştirakçıları və qazilər, şəhid ailələrinə verilən  xüsusi imtiyazları sadaladı. Hüquqşünas dinləyicilərin nəzərinə çatdırdı ki,   Azərbaycanda həyata keçirilən sosial dəstək  tədbirləri bütün sosial qrupları əhatə edir. Amma Sosial mediyanı izləyərkən aydın olur ki, cəmiyyətdə hüquqi maarifləndirməyə ehtiyac var.

Sonra şəhid anaları, şəhid övladları, qazilər üzləşdikləri problemlərlə bağlı şikayətləndilər. Məlum oldu ki, Gəncə icra hakimiyyəti şəhid ailələrinin problemlərini həll etmir, şikayətlər  “havadan  aslı” qalıb. Hətta bildirildi ki, şəhid ailələri arasında ayri-seçkilik edilir.  Həssas qrupların təmsilçilərinin əksəriyyəti işsizlikdən şikayətləndilər. Onlar Gəncədən seçilmiş deputatların onlarla maraqlanmadıqlarını söylədilər. Millət vəkillərindən sadəcə Müşviq Cəfərov şəhid ailələrin müraciətlərinə diqqət göstərir. Digər millət vəkilləri isə qaldırılan məsələlərə biganədir.

Tədbirdə iştirak edən hüquqşünas Namiq Allahverdiyev dinləyicilərin  suallarını  cavablandırdı. Görüş zamanı səsləndirilən təkliflərin qeydiyyatı aparıldı. Və sonda belə qərara gəlindi ki, Gəncədə şəhid ailələrinin təşkilatlanması üçün  yeni bir  QHT yaradılsın. QHT-nin hüquqi müstəvidə sənədlərinin hazırlanmasını Jurnalist Qadınlar Assosiasiyasının rəhbərliyi öz üzərinə aldı.

Qeyd edək ki, “Sosial qruplara hüquqi yardımın təşkili”  layihəsi 5 sentyabr 2022-ci il tarixindən  5 dekabr  2022-ci il müddətini  əhatə edir.