Bu universitetin dörd proqramı beynəlxalq akkreditasiya mərhələsində

Mingəçevir Dövlət Universitetinin (MDU) dörd təhsil proqramı beynəlxalq akkreditasiya prosesinə daxil olub.

Azbelediyye.az KANAL32.az-a istinadla bildirir ki, “Turizm işinin təşkili”, “Maliyyə”, “Energetika mühəndisliyi” və “İnformasiya texnologiyaları” ixtisasları beynəlxalq standartlara uyğun keyfiyyət meyarları əsasında nüfuzlu ekspertlər tərəfindən qiymətləndiriləcək.

Universitetin rektoru Anar Eminovun sözlərinə görə, beynəlxalq akkreditasiya mərhələsinə qoşulmaq ali təhsil müəssisəsinin strateji inkişaf planında xüsusi yer tutur və əsas məqsəd MDU-nun tədris prosesini dünya standartlarına uyğunlaşdırmaqla onun rəqabətqabiliyyətini artırmaqdır.

Rektor qeyd edib ki, beynəlxalq ekspertlər proqramların məzmununu, tədris planlarını, professor-müəllim heyətinin elmi-pedaqoji hazırlığını, infrastruktur imkanlarını və universitetdə aparılan tədqiqat fəaliyyətini hərtərəfli şəkildə təhlil edəcəklər. Onun fikrincə, bu prosesin nəticələri universitetin keyfiyyət təminatı sisteminin gücləndirilməsinə, eləcə də təhsil mühitinin daha müasir və innovativ prinsiplər üzərində qurulmasına şərait yaradacaq. “Beynəlxalq akkreditasiyanın həyata keçirilməsi tələbələrin gələcəkdə beynəlxalq əmək bazarında daha geniş imkanlara sahib olmasına zəmin yaradacaq. Əlavə olaraq, bu, universitetin xarici ali təhsil müəssisələri ilə əməkdaşlıq imkanlarını artıracaq, tələbə və müəllim mübadiləsinin intensivləşməsinə yol açacaq. Nəticə etibarilə MDU-nun beynəlxalq reytinqlərdə mövqeyi möhkəmlənəcək və universitetin elmi nüfuzu daha da artacaq,” – deyə rektor vurğulayıb. A. Eminov həmçinin əlavə edib ki, universitetin əsas məqsədi tələbələrə ən müasir bilik və bacarıqları təqdim etməkdir. Onun sözlərinə görə, bu, tələbələrin yalnız ölkə daxilində deyil, həm də beynəlxalq səviyyədə rəqabətədavamlı mütəxəssis kimi yetişməsinə şərait yaradacaq: “Biz təhsil proqramlarımızın beynəlxalq akkreditasiyadan keçməsini sadəcə universitet üçün deyil, bütövlükdə regionun sosial-iqtisadi inkişafı üçün də mühüm hadisə hesab edirik. Bu uğur universitetin nüfuzunu artırmaqla yanaşı, bölgədə müasir təhsil mühitinin formalaşmasına da öz töhfəsini verəcək.”