“Heydər Əliyev və Azərbaycan gəncliyi”-FOTOLAR
S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasında Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda Milli Məclisin deputatı Jalə Əhmədova ilə görüş keçirilib.
Azbelediyye.az-ın məlumatına görə, gimnaziyanın direktoru İlqar Talıbov Milli Məclisin deputatı Jalə Əhmədovanı görüş iştirakçılarına təqdim etdikdən sonra bildirdi ki, bugünkü görüşdə gimnaziyanın “Tarix Klubu” nun üzvləri, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin birgə əməkdaşlığı çərçivəsində yaradılan “Uşaq Səfirlər Məclisi”nin üzvləri, “Heydər Əliyev və Azərbaycan tarixi” müsabiqəsinin qalibləri, Gimnaziyanın məzunu, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblı, gimnaziyanın rəhbərliyi və metodbirləşmə üzvləri iştirak edir.
İ.Talıbov gimnaziya haqqında məlumat verərkən ilk növbədə “Tarix Klubu” nun fəaliyyəti barədə bildirdi ki, Klub artıq 4 ildir fəaliyyət göstərir, bir neçə layihə həyata keçirib ki, bunun da ən önəmlisi Vətən sevgisinin təntənəsinə çevrilən 44 günlük savaşının Şəhidlərinin ictimaiyyətə tanıdılması üçün “2917 dən biri” (layihə başlayanda məhz şəhidlərimizin sayı bu qədər idi) adlı layihəsini yekunlaşdırmalarıdır. Gimnaziyada fəaliyyət göstərən Kiçik Akademiyanın Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev: Azərbaycanda elm və təhsil” mövzusunda III Şagird Respublika Elmi-praktik Konfransının ilin ən yaddaqalan hadisəsi olduğu qeyd olundu. Eyni zamanda qeyd olundu ki, Bakı Şəhər İcra Hakimiyyəti və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə paytaxt məktəbliləri arasında keçirilən “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda ənənəvi referat müsabiqəsinin qalibi olaraq Həsən Hüseynov və Sinan Əlizadənin elmi məqalələri“Heydər Əliyev və Azərbaycan tarixi” kitabına daxil edilmişdir. Gimnaziyada həyata keçirilən çoxsaylı layihələr, şagird nailiyyətləri barədə qısa məlumat verildi.