İdmançı – Gömrükdə haqsızlıq ilə bağlı Prezidentə müraciət etdi

Mərdanov Vüsal Tahir oğlundan Gömrükdəki özbaşınalıqdan Prezidentə şikayət:

Hörmətli prezident,

İdmançıyam, dəfələrlə çempion olmuşam və vətənimizin üç rəngli bayrağını daim uca etmişəm.

Sizə şikayətim gömrük işçilərinin qanunsuz hərəkətlərindəndir. Belə ki, hər dəfə səfərdən qayıdanda insanların üzərlərinə hücum edir, onların əlindən şəxsi aşyalarını alır, telefonlarının onların şəxsi əşyaları olmasını müəyyən etmək adı ilə insanların şəxsi fotoşəkillərinə və s. şəxsi məlumatlarına qanunsuz müdaxilə edir, qanunlarla deyil onlara edilmiş göstərişlə hərəkət edərək insanları incitməklə məşğul olurlar.

Belə ki, 13 oktyabr 2021-ci ildə H.Əliyev adına Hava Limanında mənim idman qidama özlərindən 500 ABŞ Dolları məbləğində qiymət qoyub 703 manat pul ödətdirdilər. Şikayətlərimə isə qırmızı-qırmızı mənim haqsız olduğumu bildirən cavablar yazdılar. Halbuki, 500 ABŞ Dolları məbləğində qiymətləndirilsə belə məndən pul almalı deyildilər, çünki AR NK-nin 14 oktyabr 2013-cü il tarixli qərarına əsasən 800 ABŞ Dolları həcminə qədər qidalar və əşyalar rüsumdan azaddır.

Bundan sonra 27 aprel 2022-ci il tarixdə Dubaydan Bakıya gələrkən 04 aprel 2022-ci il tarixdə aktivləşdirilərək istifadəmdə olan, 04 aprel 2022-ci il tarixdə Azərbaycan Respublikasında rüsumunu ödəyərək qeydiyyatdan keçirdiyim Iphone 13 Pro Max markalı, 350019043447362 imei kodlu telefonu Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları qanunsuz olaraq əlimdən aldılar, və bu barədə qanunsuz akt tərtib edərək şəxsi telefonumu anbara qoydular. Bildirdilər ki, bu qanunsuz hərəkət barədə göstərişi general (əslində polkovnik olan, ancaq özünə general deyə müraciət etdirən) Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi Mehman Sadıqov verib.

Baş vermiş qanunsuz hərəkətlə bağlı dəfələrlə müraciət etsəm də, mənə bildirirlər ki, bir aydan az istifadə olunan əşya şəxsi əşya hesab edilə bilməz.

Gömrük əməkdaşlarının bu beyin düşüncəsinin necə formalaşdığını deyə bilmərəm. Ancaq insanların şəxsi istifadəsində olan əşyalardan gömrük rüsumu tutula bilməz.

Belə ki, “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nın təsdiq edilməsi barədə AR Nazirlər Kabinetinin 14 oktyabr 2013-cü il tarixli, 305 saylı qərarı ilə təsdiq edilmiş Qaydalarının 1.3.7. və 1.5. bəndlərinə əsasən şəxsi istifadədə olan əşyalara gömrük rüsumunun alınması qadağan oldunduğu halda, gömrük əməkdaşları Mehman Sadıqovun göstərişi ilə H.Əliyev adına Hava Limanında insanları talamaqla məşğuldurlar.

Hüquq-mühafizə orqanları gömrük əməkdaşlarından şikayətlərə baxmırlar, şikayətə ancaq Gömrük Komitəsi baxır ki, onlar da Hava Limanındakı gömrük işçilərindən betərdirlər. Nə qanun var, nə qayda.

Mənim israrlı şikayətlərimdən sonra iki gömrük əməkdaşını işdən azad etsələr də, mənim telefonumu qaytarmırlar. Cavab yazırlar ki, guya araşdırma gedir. Belə-belə üsullarla insanları bezikdirməklə, ya onlardan pul almağa məcbur edirlər, ya maldan (konkret halda telefondan) imtina etməyə məcbur edirlər.

Xahiş edirəm ki, mənim mobil telefonumun qaytarılmasına, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi polkovnik (özünə general dedirtdirən) Mehman Sadıqovun fəaliyyətinin araşdırılmasına göstəriş verəsiniz.

azbelediyye.az