Azərbaycan Respublikası QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Sosial qruplara hüquqi yardımın təşkili” layihəsini həyata keçirən Jurnalist Qadınlar Assosiasiyasının Qaxda şəhid ailələri ilə görüşü olub.
azbelediyye.az-in məlumata görə,tədbiri giriş sözü ilə JQA-nın rəhbəri Sevil Yusifova açıb. O, bir sıra qanunların xülasəsini görüş iştirakçılarının diqqətinə çatdırıb. S.Yusifova ölkəmizdə həssas qruplara aid kateqoriyadan olan vətəndaşlarımızın problemlərinin həll edilməsi yönündə atılan əməli addımları sadalayıb. Natiq öz çıxışında sosial mediada yayılan xoşagəlməz xəbərlərə də toxunub. O, təəssüf hissi ilə deyib ki, həssas qruplara aid edilən vətəndaşlarımızın bir qismi qanunvericiliklə onlara verilən hüquqlar haqqında az məlumatlıdırlar: “Son iki ildə dövlət bu sahəyə xüsusi diqqət ayırıb. Sadəcə hər zaman olduğu kimi yerlərdə məmurların bu işləri necə yerinə yetirməsi məsələsi var. Bəzi rayonlardan gözəl xəbərlər alırıq, bəzi rayonlarda isə məmur savadsız və yarıtmaz fəaliyyət göstərir. Bu da haqlı narazılıqlara gətirib çıxardır. Yerlərdə hər cür nöqsanların aradan qaldırılması bizim sizlərlə birgə əməkdaşlığımızdan irəli gələcək”.
Tədbirdə iştirak edən Qax şəhər İcra hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Malik Həmzəyev təmsil etdiyi qurumun fəaliyyəti barədə danışıb. O, məlumat üçün bildirib ki, Qaxın 175 şəhidi var, bunlardan 29 nəfəri Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış sakinlərimizdir. 24 nəfər müharibə əlili qeydiyyatdadır. M.Həmzəyev deyib ki, onlara yönələn müraciətlərin bir çoxunun həllinə nail olublar. Rayonda 6 şəhidin adı əbədiləşdirilib. Belə ki, şəhid adına küçələrimiz var. Digər şəhid adlarının da adının əbədiləşdirilməsi məsələsi gündəmdədir, bu istiqamətdə işlər görülür. M.Həmzəyev üzünü tədbir iştirakçılarına tutub deyib: “Daha doğru olardı ki, bizim fəaliyyətimizdən sizlər danışardız. Bu iki ildə bir-birimizin yanında olduq. Artıq bir ailə kimiyik. Şəhid anaları şöbəmizin işçilərini öz övladları kimi qəbul edirlər. Bizim qusurlarımızı, uğurlarımızı sakinlərimiz daha yaxşı bilir”.
JQA-nın rəhbəri şəhid adlarının əbədiləşdirilməsi sahəsində aparılan işləri təqdirə layiq hesab edib. Çünki digər rayonlarda ən çox narazılıqlardan biri də şəhid adlarının əbədiləşdirilməsi məsələsinin həllini tapmamasıdır.
Tədbirdə layihənin eksperti İnqilab Şirinli layihə çərçivəsində edilən müraciətlərin əsasında ümumi vəziyyəti təhlil etdi. O, həssas qruplarla işləyən qurumlardan gələn şikayətlərin monitorinqinin aparılmasının vacibliyini dilə alıb.
Görüşdə çıxış üçün söz alan şəhid anası Arzu Osmanova son iki ildə bütün qurumlara müraciət etdiyini bildirib. O, ailədə ər-arvad hər ikisinin işsiz olduğunu diqqətə çatdıraraq adiyyatlı qurumların onların problemlərinə biganə yanaşmasından gileylənib. Nə daimi, nə də müvəqqəti bir işlə təmin edilmədiklərini dedi.
Şəhid anası İsrafilov Təranə xanım iki ildir ki, məşğulluğa müraciət edib. Heyvandarlıq sahəsində müəssisə qurmaq üçün lazım olan bütün işləri görüb. T.İsrafilova da deyir ki, iki ildir sənədləri toplayıb müraciət edir, tələb olunan hər məsələni həll edib. Lakin bu dəfə ona cavab verilir ki, iki il gecikmisən. Ən sonda DSMF-nin yerli strukturundan da mənfi cavab alıb.
Şəhid anası Gültəkin xanım da işsizlikdən gileyləndi: “Hara üz tuturuq deyirlər iş yoxdur. Axı bura kiçik bir rayondu hər yerdən, hər işdən hamının xəbəri var”.
Müzakirələrdən o da aydın oldu ki, İcra hakimiyyətində müharibə iştirakçılarını ev qeydiyyatına alıblar. Şəxsi ev tikilməsi üçün iki sot yer ayrılması məsələsi isə hələ ki həllini tapmayıb.
Müzakirələrə qatılan Omarova Elza, Şabanova Rəsmiyyə, Məmmədova Səlimə və başqaları JQA-nın rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Görüş iştirakçıları jurnalistlərlə əməkdaşlığa hazır olduqlarını dilə alıblar.
Tədbir iştirakçılarının problemlərinin həlli yolları layihənin eksperti tərəfindən izah edilib, onların sualları cavablandırılıb.
Tədbirin sonunda Sevil Yusifova qanunvericiliyə əlavə və dəyişikliklər barədə təkliflər paketinin müzakirəyə çıxarıb. Şəhid valideynləri öz təkliflərini irəli sürüblər.
Qeyd edək ki, 5 dekabrda layihənin müddəti bitir və layihə bitdikdən sonra bütün görüşlərdə irəli sürülmüş təkliflər hüquqşünaslar tərəfindən sistemləşdirilib Milli Məclisə göndəriləcək.
azbelediyye.az