Manaf Ağayev – Kasıbın könlünü alan səslərdən biri
Son zamanlar sosial şəbəkələrdə sənətkar Manaf Ağayev haqqında yazılan xoşagəlməz rəylər vicdan sahibi hər kəsi düşündürməlidir. Bu insan illərlə səhnədə çalışan, sənətinə, xalqına, musiqiyə sevgi ilə xidmət edən bir müğənnidir. Təsəvvür edin, o, heç vaxt hazır nemətə tamah salmayıb – hər qazancının arxasında alın təri, yorğun səhnə gecələri, səssiz ağrılar, amma daim təbəssüm dayanıb. Bəziləri deyə bilər: “İmkanlı adamdır, daha çox kömək etməliydi.” Amma unutmayaq: Manaf Ağayev milyarder deyil. Onun da ailəsi, gündəlik ehtiyacları, öz həyat yükü var. Buna baxmayaraq, o, illərlə imkanı daxilində ehtiyacı olanlara yardım edib. Həm də bunu nümayişkaranə şəkildə yox, səssiz, gizli, səmimi bir formada edib. Çünki o, kömək etməyi vəzifə deyil, vicdan borcu sayıb. Bəzən insan ürəyi ilə hərəkət edəndə aldanır. Manaf da hər kəsə qəlbindən yanaşıb, bəzi hallarda bu etimadın qarşılığında zərbə də alıb. Amma bu, onun zəifliyi yox, böyüklüyüdür. Bu, onun mərdliyinin sübutudur. Manaf Ağayev elə bir xarakter sahibidir ki, qarşısında kim olursa olsun, əgər ürəyi təmizdirsə, onun yanında özünə yer tapa bilir. Əsl kişi olmaq üçün təkcə fiziki yox, mənəvi güc, dürüst niyyət, açıq qəlb gərəkdir – Manaf da məhz bu yolun yolçusudur. O, təkcə sənətinə görə deyil, insanlığına görə də sevilir. Sadə insanların içindən çıxmış, onların dərdini, sevincini duyan bir insandır. Onun səsi sadəcə musiqi deyil – bu səsdə ağrı var, yaşanmış həyat var, sevinc var, dərd var. O, xalqın dərdini oxuyur, xalqla birgə sevinir. Hər ifasında həyatın bir parçası canlanır. Çox gözəl xatırlayıram – əziz dostum Fədayə Laçın həbs olunanda, onların evinə ilk gedənlərdən biri məhz Manaf Ağayev idi. Təkcə mənəvi yox, maddi dəstəyini də əsirgəmədi. Fədayə həbsdən çıxana qədər bu dəstək kəsilmədi. Bu, təkcə dostluq deyil – bu, vicdanın, sədaqətin, əsl insani dəyərin nümunəsidir. Bunu hər kəs etməz, bunu ancaq ürəyi böyük insanlar edər. Sosial şəbəkədə, bir klaviatura arxasında gizlənərək insanlara daş atmaq çox asandır. Amma gəlin, bir anlıq güzgü qarşısına keçək – öz həyatımızda neçə nəfərə yardım etmişik? Neçə könül almışıq, neçə ürəyi qorumuşuq? Bəzən bir sözümüzlə bir insanı itiririk, bəzən bir baxışımızla bir ürəyi yaralayırıq. Unutmayaq: sənətkar olmaq çətindir, amma sənətkar olaraq qalmaq daha da çətindir. Manaf Ağayev bu çətin yolda onillərlə qürurla dayanıb – sınmayıb, əyilməyib, heç kimə yaltaqlanmayıb. Bu özü bir mərdlik, bir duruş nümunəsidir. Ona qarşı haqsız yazılar paylaşanlara səslənirəm: Vicdansızlıq etməyin! Hər kəsin gördüyü işin arxasında bir həyat var, bir əziyyət var, bir alın təri var. Söz deyəndə ölçün, biçin, insanlığınızı unutmayın. Çünki bu dünya fanidir – burada nə səs qalacaq, nə səhnə. Amma insanlıq qalacaq. Manaf Ağayev isə bu insanlığı qoruyan, yaşadan nadir adamlardandır. Gəlin, onunla daşlamaq yerinə bu dəyəri yaşadaq, hörmətini qoruyaq.
Şair Səxavət Kəlbəcərli,
Azərbaycan Jurnalistlər və Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü