Prezident Rəcəb Tayyib Ərdoğan, Finlandiya Prezidenti Sauli Niiniste, İsveç baş naziri Maqdalena Andersson və NATO-nun baş katibi Yens Stoltenberqin qatıldığı dördtərəfli görüşdən sonra Türkiyə, Finlandiya və İsveç arasında “Üçlü Memorandum” imzalanıb.
NATO sammitinin keçirildiyi Madriddəki İFEMA Konqres Mərkəzində keçirilən Dördlü toplantıdan sonra hazırlanan “Üçlü Memorandum”u Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, Finlandiyanın xarici işlər naziri Pekka Haavisto və İsveçin xarici işlər naziri Ann Linde imzalayıb.
İmzalanma mərasimi Türkiyə prezidenti Ərdoğan, Finlandiya prezidenti Niinistö, İsveçin baş naziri Andersson və NATO-nun baş katibi Stoltenberqin iştirakı ilə baş tutub.
Memorandumda bildirilir ki, Türkiyə, Finlandiya və İsveç nümayəndələri NATO-nun baş katibi Stoltenberqin köməyi ilə aşağıdakı məsələlərdə razılığa gəliblər.
NATO-nun ümumi müdafiə və təhlükəsizliyin bölünməzliyi prinsipləri ilə ortaq dəyərlərə əsaslanan bir ittifaq olduğunu bildirən memorandumda aşağıdakı ifadələr yer alır:
“Türkiyə, Finlandiya və İsveç Vaşinqton Müqaviləsində təsbit olunmuş prinsip və dəyərlərə sadiq olduqlarını bəyan edirlər. Alyansın ən fundamental elementlərindən biri üzv dövlətlərin milli təhlükəsizliyinə, eləcə də beynəlxalq sülh və sabitliyə birbaşa təhdid yaradan terrorizmin bütün forma və təzahürlərinə qarşı mübarizədə tam həmrəylik və əməkdaşlıqdır.
Finlandiya və İsveç NATO-nun gələcək müttəfiqləri kimi Türkiyəni milli təhlükəsizliyinə qarşı bütün təhdidlərə qarşı mübarizədə tam dəstəkləyirlər.
Razılaşmalar çərçivəsində Finlandiya və İsveç PYD/YPG və FETÖ olaraq təyin olunan təşkilata dəstək verməyəcək. Türkiyə həmçinin Finlandiya və İsveçin milli təhlükəsizliklərinə qarşı bütün təhdidlərə qarşı mübarizədə onlara tam dəstək verir.
Finlandiya və İsveç terrorizmin bütün forma və təzahürlərini ən sərt şəkildə rədd edir və pisləyir. Finlandiya və İsveç bütün terror təşkilatlarının Türkiyəyə qarşı həyata keçirdiyi hücumları açıq və birmənalı şəkildə pisləyir, Türkiyə və həlak olanların ailələri ilə dərin həmrəylik hisslərini bildirirlər. Finlandiya və İsveç PKK-nın qadağan olunmuş terror təşkilatı olduğunu təsdiqləyir.
Finlandiya və İsveç PKK-nın və bütün digər terror təşkilatlarının, onların qollarının, eləcə də onlara bağlı təşkilatlarda və cəbhə təşkilatlarında iştirak edən və ya onlarla əlaqəli olan şəxslərin fəaliyyətlərinin qarşısını almağı öhdəsinə götürür.
Türkiyə, Finlandiya və İsveç bu terror təşkilatlarının fəaliyyətinin qarşısını almaq üçün əməkdaşlığı genişləndirmək qərarına gəliblər. Finlandiya və İsveç yuxarıda sadalanan terror təşkilatlarının ambisiyalarını rədd edir”.
– İsveç və Finlandiyada terror aktları ilə bağlı qanunvericilik
Memorandumda qeyd olunur ki, Finlandiya Cinayət Məcəlləsinə 2022-ci il yanvarın 1-dən qüvvəyə minən bir sıra düzəlişlərlə cəzalandırılan terror cinayətləri siyahısına yeni fəaliyyətlər əlavə edib. Bununla belə, xatırladılır ki, ictimai sahədə terrora çağırış hərəkətləri ayrıca cinayət kimi cəzalandırılır.
Memorandumda, “İsveç 1 iyul 2022-ci il tarixindən etibarən yeni və daha təsirli Terror Cinayətləri Qanununun qüvvəyə minəcəyini və hökumətin antiterror qanunvericiliyini gücləndirməyə davam edəcəyini təsdiqləyir. Türkiyə, Finlandiya və İsveç təsdiq edir ki, bu ölkələr arasında artıq milli silah embarqosu yoxdur.
İsveç NATO müttəfiqlərinə silah ixracı ilə bağlı milli qanunvericiliyinə dəyişiklik edir. Gələcəkdə Finlandiya və İsveçdən müdafiə təyinatlı məhsulların ixracı müttəfiqlik həmrəyliyi ruhunda və Vaşinqton sazişinin 3-cü maddəsinin ruhuna uyğun olaraq həyata keçiriləcək.
Türkiyə, Finlandiya və İsveç aşağıdakı konkret addımları atacaq”.
Memorandumda bildirilir ki, Türkiyə, Finlandiya və İsveç bugünkü danışıqlardan sonra aşağıdakı konkret addımları atmağa söz veriblər:
“Tərəflər terrorizm, mütəşəkkil cinayətkarlıq və digər ümumi çağırışlarla mübarizədə konsensus əsaslı əməkdaşlığı gücləndirmək məqsədilə bütün səviyyələrdə, o cümlədən hüquq-mühafizə və kəşfiyyat orqanlarında dialoq və əməkdaşlıq üçün strukturlaşdırılmış hökumətlərarası mexanizm yaradacaqlar.
Finlandiya və İsveç NATO-nun müvafiq sənədlərinin və siyasətlərinin müddəalarına uyğun olaraq terrorizmə qarşı qətiyyətlə mübarizə aparacaq və qanunvericiliklərini buna uyğun gücləndirmək üçün bütün lazımi addımları atacaqlar.
Finlandiya və İsveç, Ekstradisiya haqqında Avropa Konvensiyasına uyğun olaraq, Türkiyənin terrorda şübhəli bilinən şəxslərin deportasiyası və ya ekstradisiyası ilə bağlı sorğularını operativ şəkildə icra etmək, ekstradisiya və təhlükəsizlik sahəsində əməkdaşlığı inkişaf etdirmək üçün Türkiyənin təqdim etdiyi məlumatları, sübutları və kəşfiyyat məlumatları nəzərə alacaqlar.
Finlandiya və İsveç 5-ci bənddə göstərilən sərhədlər daxilində araşdırmalara başlayacaq və PKK-nın terror təşkilatı, onun bütün qolu və cəbhə təşkilatları tərəfindən maliyyə vəsaitlərinin toplanması və işə cəlb edilməsi fəaliyyətlərini qadağan edəcək.
Türkiyə, Finlandiya və İsveç dezinformasiya ilə mübarizə və terror təşkilatlarının Türkiyəyə qarşı zorakılığı təşviq edən hərəkətlər də daxil olmaqla, təbliğat məqsədləri üçün sui-istifadə edilməsinin qarşısını almağa sadiqdirlər. Finlandiya və İsveç silah ixracı qanunvericiliyinin müttəfiqlər qarşısında yeni öhdəliklər götürməsinə imkan verməsini və onların NATO-ya üzvlük statusuna uyğun olmasını təmin edəcək.
Finlandiya və İsveç Türkiyənin və Aİ-yə daxil olmayan digər müttəfiqlərin Avropa İttifaqının Ümumi Təhlükəsizlik və Müdafiə Siyasəti üzrə cari və gələcək təşəbbüslərində, o cümlədən Türkiyənin PESCO layihəsində iştirakında mümkün qədər geniş şəkildə iştirakını dəstəkləyəcəklər.
Bu addımları həyata keçirmək üçün Türkiyə, Finlandiya və İsveç Xarici İşlər, Daxili İşlər və Ədliyyə nazirlikləri, kəşfiyyat xidmətləri və təhlükəsizlik orqanlarının ekspertlərinin iştirakı ilə Daimi Birgə Mexanizm yaradacaq.
Daimi birgə mexanizm digər ölkələrin iştirakı üçün açıq olacaq. Madrid sammitində Türkiyə NATO-nun açıq qapı siyasətinə uzunmüddətli dəstəyini bir daha təsdiqləyir və Finlandiya və İsveçin NATO üzvü olmağa dəvətinə dəstəyini ifadə edir.